“Fu Məzi” yazan fəal həbsxanada aclıq aksiyasına başlayıb

“Fu Məzi” yazan fəal həbsxanada aclıq aksiyasına başlayıb

13-03-2020 16:14 / Bu xəbər 803 dəfə oxundu

Martın 7-də saxlanılan Fuad İsmayılov Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada 6 gündür ki, aclıq aksiyası keçirir.

Bu barədə Fuad İsmayılov bu gün, martın 13-də Apelyasiya Məhkəmsində iştirak edən jurnalistlərə deyib. 

O bildirib ki, həm saxlanılarkən, həm də təcridxanada işgəncələrə məruz qalıb.

Fuad İsmayılov özünü təqsirli bilməsə də, Bakı Apelyasiya Məhkəməsi onun vəsatətini təmin etməyib. 

Fəalın vəkili Cavad Cavadov bildirib ki, Avropa Məhkəməsinə qədər mübahisələndirəcəklər.

Fuad İsmayılov fevralın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara seçki pozuntularına etiraz olaraq "Fu Məzi” şüarı yazdığı üçün saxlanılmış, bir neçə saat sonra sərbəst buraxılmışdı.

O, martın 7-də günorta saatlarında evdən çıxandan sonra ailə üzvləri onun haqqında heç bir məlumat ala bilməyib. 

Daxili İşlər Nazirliyinin "Qaynar Xətt”inə çoxsaylı zənglərdən sonra onun həbs olunduğunu öyrəniblər.

Məlum olub ki, F.İsmayılov martın 7-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsilə 60 sutka həbs olunub, lakin o, özünü təqsirli bilməyib.

F.İsmayılov üzərindən narkotik tapılması barədə polis bölməsində tərtib edilmiş protokola da imza atmaqdan imtina edib.

Martın 10-da vəkil Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gedib, lakin onun F.İsmayılovla görüşünə icazə verilməyib. 

Ona deyilib ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində belə bir qadağa var. Lakin C.Cavadov hesab edir ki, bu, bəhanədir. 

Onun sözlərinə görə, həmin vaxt təcridxanadakı başqa bir şəxslə görüşə gələn müstəntiqi isə görüşə buraxıblar.

F.İsmayılov fevralın 9-da keçirilən parlament seçkilərində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olub. 

Fikrət Cəfərli isə Arqument.Az-a bildirib ki, Fuad İsmayılov məhkəmədə işgəncəyə məruz qaldığını deyib: "Məhkəmədə dedi ki, dişi və qulaq pərdəsi zədələnib".
 
İşgəncə faktı ilə bağlı Baş Prokurorluğa müraciət edəcəklərini deyən Cəfərli Fuad İsmaylovun həbsini siyasi sifariş hesab edir.