Fuad Əhmədli azadlığa çıxıb: "O qədər də çətin keçmədi"

Fuad Əhmədli azadlığa çıxıb:

18-08-2020 12:21 / Bu xəbər 2311 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Fuad Əhmədli bu gün, avqustun 18-i səhər saatlarında saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.

Gənc cəbhəçi 4 illik həbs cəzasının vaxtı tamam olduğundan azad edilib.

 O, "AzadlıqRadiosu"na açıqlamasında deyib ki, 4 il necə keçməli idisə, elə də keçib: "O qədər də çətin keçmədi. Müəyyən fəxarətli, qürur dolu günlər yaşadıq".

F.Əhmədli həbsini də, ona verilmiş ittihamı da, 4 il əvvəlki kimi, əsassız saydığını söyləyib. "Digər cəbhədaşlarımıza hücumların anlamı nə idisə, bizə də o odur", - o vurğulayıb.

Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanmışdı. İttihama görə, o, operator işlədiyi "Azerfon" şirkətində texniki vasitələrdən istifadə etməklə bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb. AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilmişdi. Yuxarı məhkəmə instansiyaları hökmü qüvvədə saxlamışdı. F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.