Fuad Qəhrəmanlı ilə Məmməd İbrahim ev dustaqlığına buraxılmadı

Fuad Qəhrəmanlı ilə Məmməd İbrahim ev dustaqlığına buraxılmadı

18-09-2020 17:38 / Bu xəbər 1133 dəfə oxundu

Fuad Qəhrəmanlı məhkəmədə digər məhbuslardan ayrı saxlanılıb

Nəsimi Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahim haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi barədə vəsatətlərə baxılıb.

Məmməd İbrahimin işinə hakim Solmaz Mustafayeva, Fuad Qəhrəmanlının vəsatətinə isə Ceyhun Tağıyev baxıb. Hər ikisinin ev dustaqlığına buraxılma barədə müraciətinə "yox” deyilib. AXCP funksionerlərinin vəkilləri Nəsimi Rayon Məhkəməsinin qərarlarından apelyasiya şikayəti verəcəklər.

Məhkəmə binalarında öz işi üzrə məhkəmə iclasının başlanmasını gözləyən dustaqların saxlandığı kameralar olur. F.Qəhrəmanlı sentyabrın 18-də Nəsimi Rayon Məhkəməsində ümumi kamerada yox, ayrıca otaqda, digər dustaqlardan kənarda saxlanılıb. Məlumata görə, o, istintaq təcridxanasından məhkəməyə də ayrı gətirilib.

Fuad Qəhrəmanlı
Mənbə: Meydan TV

Meydan TV-nin əldə etdiyi məlumata görə, F.Qəhrəmanlı da, M.İbrahim də məhkəmədə bildirib ki, onların həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Onlar Qarabağ və Milli Orduya Dəstək yürüşünə görə həbs olunsalar da, ümumiyyətlə, o yürüşdə iştirak etməyiblər. Hər ikisi həmin gün evdə olduğunu bildirib. İttihamları rədd edərək, təqsirsiz olduqlarını vurğulayıblar. Bildiriblər ki, artıq cinayət işi üzrə istintaq da başa çatıb. Onlar həbs olunarkən prokurorluğun irəli sürdüyü, məhkəmənin də qəbul edərək həbs qərarı verdiyi arqumentlər (istintaqdan yayınma, istintaqın gedişinə mane olma və s.) aradan qalxıb.

Məmməd İbrahim
Mənbə: Meydan TV

Qarabağ yürüşündən sonra AXCP-nin 45-dən artıq fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 16 nəfər haqqında yürüşlə əlaqədar cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib.

Bu cinayət işi üzrə artıq istintaq yekunlaşıb. Təqsirləndirilən şəxslər və onların vəkillərinin cinayət işinin materialları ilə tanış olma mərhələsidir.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.