GDU-da nə baş verir? - Rektorluqdan reaksiya
11-10-2024 16:28 / Bu xəbər 527 dəfə oxundu
Sosial şəbəkələrdə Gəncə Dövlət Universiteti (GDU) ilə bağlı yeni iddia yayılıb.
Qeyd olunub ki, universitetin Coğrafiya fakültəsində müəllimlər magistrantlara: "Siz yaza bilməzsiniz, müdafiədə kəsiləcəksiniz", - deyə onlardan rüşvət tələb edirlər.
İddiada həm də magistr dissertasiyalarının yazılması üçün heç bir ədəbiyyat və plan verilmədiyi bildirilir.
Universitetin Mətbuat Xidmətinin rəhbəri Günay Məmmədova "Oxu.az"a açıqlamasında iddianın əsassız olduğunu vurğulayıb: "Sosial şəbəkələrdə yayılan bu iddiaların heç bir əsası yoxdur. İddia anonim olaraq paylaşılıb və biz əmin deyilik ki, onu yazan Gəncə Dövlət Universitetinin tələbəsidir. Çünki bizdə Coğrafiya fakültəsi mövcud deyil. Bizdə olan fakültənin adı Tarix-Coğrafiya fakültəsidir. Bundan əlavə, iddiada göstərilən məsələlərlə bağlı nə dekanlığa, nə kafedraya heç bir müraciət daxil olmayıb. Əgər tələbələrin belə bir şikayəti varsa, o zaman mütləq qaydada universitetdəki müvafiq dekanlığa və ya kafedraya müraciət etsinlər, araşdıraq".
"Qeyd edim ki, universitetin rektoru Yusif Yusibov ötən gün magistr dissertasiyasının hazırlanması ilə bağlı tələbələrə dəstək olmaq məqsədilə fakültə dekanları və kafedra müdirləri ilə görüş keçirib. Tələblərə uyğun olaraq, magistr dissertasiyası üçün mövzu seçimi, hazırlıq işlərinin təşkili üçün əvvəlcədən ədəbiyyat siyahısı, plan və istiqamət verilməsini tapşırıb. Bununla yanaşı, magistr dissertasiyasının hazırlanması və müdafiəsi zamanı hər hansı neqativ halın baş verməməsi üçün fakültə dekanlarına və kafedra müdirlərinə ciddi xəbərdarlıq edib", - deyə G. Məmmədova bildirib.