GDU-da prorektorla rektor arasında çəkişmə: "300 tələbə imtahandan kəsilib"
06-01-2025 09:55 / Bu xəbər 1416 dəfə oxundu
Gəncə Dövlət Univerisitetində (GDU) 300-ə yaxın tələbənin imtahandan kəsildiyi bildirilir.
Bu barədə GDU-dan "Arqument.az"a məlumat verilib.
Deyilənə görə, tələbələrin imtahandan kəsilməsinin səbəbi rektor Yusif Yusifovun göstərişi ilə bağlıdır.
O, müəllimlərə göstəriş verib ki, heç bir tələbədən rüşvət alınmasın: "Çünki ötəniliki smestr imtahanlarında prorektor Şahin Xurşudov rektora külli miqdarda "atıb". Tələbələrdən alınan rüşvət rəhbərliyə çatdırılmayıb və ya Xurşudov rektorun adından istifadə edib. Yusif müəllim də məsələdən xəbərdar olandan sonra göstəriş verib ki, hansısa müəllim və ya imtahanlara nəzarət edən şəxs tələbədən rüşvət alsa, universitetdən qovulacaq. Əslində, bu, Şahin Xurşudova kəsilən "cəza"dır".
Adının açıqlanmasını istəməyən universitet əməkdaşı deyib ki, hətta Elm və Təhsil Nazirliyi GDU-da yoxlamalar aparmaq istəyib, amma bunun qarşısı alınıb:
"Nazirliyin əməkdaşları yoxlamaya gəlmişdilər. Rektor onları bir neçə saat gözlətdirəndən sonra qəbul otağından qovub. Onlar da birbaşa nazirə məlumat veriblər. Məsələ o qədər böyüyüb ki, GDU-nin akkreditasiya məsələsi gündəmə gəlib. Yəni GDU akkreditasiya keçməyə və ya bir çox ixtisaslar kəsilə bilər. Bu da bir çox müəllimin işsiz qalmasına səbəb olacaq, eyni zamanda, o ixtisaslar üzrə təhsil alan tələbələrin aqibəti sual altında qalacaq".
Hazırda universitetdə rektorla prorektor arasında çəkişmənin olduğu bildirilir.
"Arqument.az" məsələ ilə bağlı GDU-dan hər hansı açıqlama ala bilməyib.