GDU-dan şikayətlər səngimir: "Nazirliyin Aparat rəhbəri rektoru müdafiə edir"

GDU-dan şikayətlər səngimir:

10-01-2023 12:47 / Bu xəbər 798 dəfə oxundu

"Xahiş edirik ki, Prezident Universitsetdə baş verənlərə reaksiya versin"

Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti ali məktəbdə baş verən qanunsuzluqlarla bağlı ölkə başçısına və aidiyyəti qurumlara müraciət etdiyini deyir. 

Onlar davamlı olaraq 2013-cü ildən GDU-da baş verənlərdən şikayət etdiklərini desələr də, indiyə qədər problemlərin həll olunmadığını bildiriblər. 

Şikayətçilər "Arqument.az"a deyiblər ki, problemlərin həll olunmamasının səbəbi rektor Yusif Yusibovun qardaşı Cavanşir  Yusibovun  Maliyyə Nazirliyinin aparat rəhbəri olması ilə bağlıdır. 

Onların sözlərinə görə, Cavanşir Yusibovun qardaşını açıq şəkildə müdafiə edir: "Ona görə də Yusif Yusibovun bu cinayətlərini, universitetdəki  maliyyə  maxinasiyalarını, yeyintiləri  Cavanşir Yusibov dostları olan Azər Bayramov, Ceyhun Bayramov və Mikayıl Cabbarovun köməkliyi ilə ört-basdır edir. Məhz bu səbəbdən də təhsil naziri Emin Əmirullayev rektorla bağlı heç bir addım ata bilmir". 

"Naxçıvanda  keçirilən əməliyyatları dəstəklədik, bu əməliyyatları  Gəncə  Dövlət  Universitetində  aparmaq çox vacibdir. Əgər  DTX  burada,  qanuni  şəkildə  maliyyə  sistemində  yoxlamalar  aparsa,  buranın  böyük  bir korrupsiya bataqlığı olduğu üzə çıxar", - deyə şikayətçilər bildiriblər. 

Şikayətçilər qeyd ediblər ki, tədris prosesi bütün çiyinlərində dayanan professor-müəllim  heyətinin maaşı respublikada ən aşağı səviyyədədir: "Prezidentin  göstərişi  ilə minimum əməkhaqqı artsa da, GDU-da tədris  köməkçi  heyətinin maaşı 240-270 manat həddindədir. Ali təhsilli laborantlar xadimə  ilə  eyni maaş alır. Vəzifələrə təyinatlar hamısı rüşvətlə həyata  keçirilir. Rüşvət  isə  prorektor  Şahin  Xurşudovun əli illə yığılır. İmtahanlar  testlə  keçirilsə  də,  imtahana düşən 25 sual bunker sualı kimi salınır, bu suallar isə tələbələrə keçilməyən mövzudan salınır. Rektor  dəfələrlə deyib: "İmtahana elə  suallar salın ki, tələbələr  kəsilsin. Nəyə  görə, biz  tələbələrə  təqaüd  verməliyik? Tələbələrə  verilən  təqaüdə   universitetin  büdcəsindən xeyli pul gedir.  Tələbələri kəsin, qoy bu pulları təqaüdə verməyək.  Həm  də tələbələr kəsilsə,  onda kredit pulu da ödəyəcəklər".  İmtahanları da ona yaxın olan Vasif  Həsənovun  əli  ilə  keçirir".

Müəllimlərin adından daxil olan müraciətdə bildirilir ki, universitetdə   8 xidməti   maşın  var. Rektorun özünün xidməti maşını olsa da, maşın  həvəskarı olduğundan son model  idman stilli  bahalı cip alıb: "Həmin maşının nömrəsi də 20-AA-530-dir. Bir gün birindən,  başqa  gün  o birindən istifadə edir. Heç magistr təhsili belə olmayan, universitetin  nəzdində  olan,  özünü  maliyyələşdirmə  prinsipi ilə işləməli olsa da, universitetin büdcəsinin hesabına maliyyələşdirilən İdman klubunun sədrinə də xidməti maşın ayırıb. Universitet əməkdaşlarının narazılığından sonra  qeyri-qanuni  maliyyələşdirməyə qanuni don geyindirmək üçün,  ona əlavə olaraq bir ştat da mühafizə xidməti vəzifəsini yaradaraq həvalə etmişdir. Xidməti  maşınların hamısı saz vəziyyətdədir,  amma təmir adı ilə sənədləşdirib yalandan pul silirlər".

Onlar qeyd ediblər ki, bir müddət əvvəl guya universitet tender elan edib, bu tenderin qalibi isə "Leqal FN” MMC olub. Məqsəd nəqliyyat vasitələrinin əsaslı təmiridir. Bu niyyətlə GDU 26239.8 manat şirkətə maliyyə köçürəcək:

"Amma maraqlıdır ki, universitetin balansında hamısı saz vəziyyətdə olmaqla həddindən artıq  xidməti  avtomobillər var, bu avtomobillər müxtəlif vəzifə  sahiblərini  evindən  işə  və əksinə aparmaq üçündür, rektorun köməkçisinin belə xidməti maşını var. Müəllimlərin maaşı artırılmır, universitetin laboratoriyalarına avadanlıq alınmır, kitabxanada  müasir ədəbiyyatlar yoxdur. Belə şəraitdə  xidməti maşınların  təmirinə  26 mindən  çox pulun  ayrılması, yalandan  kosmetik təmirlərə yüz  minlərlə pulun sərf olunması nə dərəcədə  düzgündür?".

Ölkə başçısına ünvanlanan müraciətin müəllifləri bildirilər ki, universitetin tələbə yataqxanasını kosmetik təmir etdilər, bu məqsədlə ayrılmış 8 milyon manat pulun heç 3 milyonu ora sərf olunmayıb: "İndi  saz   vəziyyətdə  olan xidməti  maşınlardan  ötrü  az qala  bir maşının qiyməti qədər təmir xərcləri nəzərdə tutulub. Bu da öz növbəsində keçirilən tenderin  formallığını gözlər önünə sərir və  maxinasiya şübhələrini artırır. İndi Gəncə Dövlət Universitetinin 5 saylı korpusunun 2 mərtəbəli tədris binasının təmiri üçün guya  tender keçirilib. Bu tenderin qalibi isə qeyri-rəsmi şəkildə Yusif Yusibovun qardaşı Çingiz Yusifovun idarə etdiyi  "19 Saylı Tikinti Təmir İdarəsi" MMC olub. Universitet balaca ikimərtəbəli bir korpusun təmiri üçün  2 milyon 157 min 123.41 manat ödəyəcək. Bəli, bir manatlıq bir avadanlığı  20-30 manata sənədləşdirib universiteti talan edirlər. Gəncədəki orta məktəblərdə olan təchizat, avadanlıq  GDU-dan dəfələrlə yüksəkdir".

"Universitetin əməkdaşlarından Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov, Mahizər Hacıyeva və s. kimi müəllimlər xəstəlik səbəbi ilə işə gəlmir, bir  neçəsi  yataq  xəstəsidir, amma  buna  baxmayaraq  onlara tam ştat maaş verilir. Ona görə də xahiş edirik ki,  nazir müavinin qardaşı olduğu ilə qürrələnərək bir ali təhsil ocağını məhvə aparan rektorla, həmçinin GDU-da baş verənlərlə bağlı göstəriş verəsiniz", - deyə şikayətçilər bildiriblər.

Müraciətdəki iddialarla bağlı "Arqument.az"ın GDU-ya göndərdiyi sorğuya cavab verilməyib.