Gecə etraz: Yanan bazarın icarədarları kompensasiya istəyirlər

Gecə etraz: Yanan bazarın icarədarları kompensasiya istəyirlər

15-12-2019 01:59 / Bu xəbər 1118 dəfə oxundu

Bu gün, dekabrın 14-də axşam saatlarında, 4 gün əvvəl «EuroHome» tikinti materialları bazarında (Xırdalan dairəsinə yaxın) yanğında zərər görən icarədarların bir hissəsi həmin ticarət mərkəzinin qarşısına toplaşaraq kompensasiya tələb ediblər. 

Onlar qeyd ediblər ki, bəziləri 100 min, bəziləri 300 min manat ziyan görüblər.

"Hər şeyi atırlar bazarın rəhbərliyinin üzərinə.Onlar da ziyana düşüb. Bizə ancaq Prezident İlham Əliyev və Birinci vitse prezident kömək edə bilər.Heç olmasa 20 milyon manat ayrılmalıdır ki, bizim ziyanın 30 faizi ödənilsin. Mindən çox ailə çörəksiz qalıb”, - icarədarlardan biri söyləyib.

Bundan əvvəl «EuroHome» şirkətindən bildirmişdilər ki, ziyan görən mağazalar təmir ediləcək və icarədarlar başqa yerlərlə təmin ediləcək.Şirkətdən üstəlik, vurğulamışdılar ki, həmin müddətdə onlardan icarə haqları da alınmayacaq.

Amma narazı icarədarlar deyirdilər ki, mağazalar təmir edilsə belə, bu onların probleminin həlli olmayacaq. 

"Çünki həmin mağazaları doldurmaq lazimdir. Mal yiyələri də bizdən pulunu təlb edir”, - deyə icarədarlardan başqa biri qeyd edib.

Onların sözlərinə görə, bir gün əvvəl, dekabrın 13-də Prezident Administrasiyasında da olublar.Üstəlik, demələrinə görə, İcra Hakimiyyətindən də məsələnin həll ediləcəyi bildirilib, amma narahatlıqlarından gecələr belə yata bilmirlər.

Bir qədər sonra polisin istəyi üzrə əraziyə toplaşan icarədarlar oranı tərk ediblər.

Xatırlatma

Dekabrın 10-da Bakının Binəqədi rayonundakı «EuroHome» tikinti materialları bazarı ərazisində (Xırdalan dairəsinə yaxın) yanğın baş vermişdi. 

Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilir.

Hazırda yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparıldığı bildirilir.

Azadlıq Radiosu