Gecikmiş başlanğıc

18-07-2023 01:50 / Bu xəbər 2322 dəfə oxundu
Günel İbrahim
(Hekayə)
- Bağışlayın, xanım, bu kağız sizin çantanızdan düşdü.
- Çox sağ olun.
- Buyurun, dəyməz.
- Bir daha təşəkkür edirəm...
Rauf bir neçə addım getdikdən sonra geri çevrilib ona səsləndi:
- Xanım, soruşmaq yadımdan çıxdı, hər gün?.. Artıq gec idi... Adel avtobusa minmişdi. Sonra öz-özünə deyinməyə, özünü danlamağa başladı. Ay səni Rauf, elə bil, uşaqsan. Bir az tez dönsəydin, dünya dağılardı? İndi hardan biləsən ki, tez-tezmi gəlir kitabxanaya? Yoxsa onunla ilk və son görüşüm oldu?
Adel avtobusda pəncərə qarşısında əyləşdi. Adəti üzrə evə çatana qədər səbr edə bilməyib elə yoldaykən bir neçə gün idi ki, oxumağa başladığı kitabı çantasından çıxartdı. Əslində, çoxdan idi ki, Hüqonun "Səfillər”ini oxumaq istəyirdi. Ona bu kitabı fəlsəfə müəllimi Saleh Əlyarlı məsləhət bilmişdi.
Kitaba necə tutqu ilə dalmışdısa, düşəcəyi dayanacağı da ötürmüşdü. Onu kitabdan yaşlı bir qadının səsi ayırdı:
- Qızım, "Gənclik" metrosuna neçə dayanacaq var?
- Adel pəncərədən çölə nəzər salanda gördü ki, dayanacaq arxada qalıb. Növbəti dayanacaqda düşdü və evə doğru piyada getməyə başladı.
***
Gecə yarını keçirdi. Adel artıq kitabın xeyli hissəsini oxumuşdu. Yuxusu da yox idi. Kitab Saleh müəllimin dediyi kimi, doğrudan da, sehrləmişdi onu. Ayrılmaq istəmirdi. Qavroşun taleyi marağını çox çəkmişdi. Özü Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinin tələbəsi olsa da, ədəbiyyata sonsuz marağı vardı. Amma ədəbiyyata, mütaliəyə də ən az öz ixtisası qədər sevgisi, marağı ona anasından keçmişdi. Anası gözəl ədəbiyyatçı, filoloq, respublikanın sayılıb-seçilən müəllimlərindən idi. Adelin ixtisası fərqli olsa da, anası ona orta məktəbdə özü dərs keçmiş, ədəbiyyatın bütün incəliklərini öyrətmiş, ədəbiyyat sevgisini qanına hopdurmuşdu.
Səhər telefonun səsinə oyandı. Gecə nə zaman, necə yuxuya getdiyini xatırlamırdı. Oyanınca gördü ki, kitabı yerinin içində, üstüaçıq yuxuya gedib. Tez yerindən qalxıb telefona cavab verdi:
- Sabahın xeyir, Eliş. Yaxşıyam, sən? Yox ee, unutmamışam, narahat olma deyib telefonu söndürdü.
Saat 9-a qalmışdı, artıq ADPU-nun qarşısında idi. Elnarə onu gözləyirdi:
- Salam, canım, nəhayət, gəlib çıxdın.
- Ay bacı, hələ 9 deyil ee, gecikməmişəm axı. Tam zamanında gəlmişəm, sən tez gəlmisən deyə niyə məni danlamağa bəhanə axtarırsan?
- Danlamıram, ay qız, sadəcə çox həyəcanlıyam. Gətirmisənmi qeyd vərəqini? Müəllim ədəbiyyatın siyahısını sənə vermişdi axı.
- Hə məndədir, narahat olma. Az qala dünən itirmişdim.
- Niyə? Nə danışırsan?
- İtirəcəkdim dedim, itirmişəm yox. Sağ olsun, bir oğlan tapıb verdi. Dayanacaqda qaçıb zorla çatdırdı mənə. Bir-iki dəqiqə də gec qalsaydı, çıxıb getmişdim.
- Kim idi? Yaraşıqlı idi? Nömrə filan vermədi? Bir də görəcəksiniz bir-birinizi... - deyə Elnarə güldü.
- Ay Eliş, bir nəfəs al, boğuldun. Beynim yandı ee, nə qədər sual verirsən? Bayaqdan imtahan vərəq dərdi çəkirdin. Oğlan deyən kimi nə yaxşı hamısını unutdun?
- Nə dedim ki? Sən araya söz qatma eee, cavab ver görüm...
- Tanımıram kimdir, ilk dəfə görürdüm. Heç nə soruşmadım, kağızı verdi, təşəkkür etdim. Bu qədər.
- Ciddisən sən, Adel? Heyf. Nə qəribə qızsan ee sən. Adam bir baxar yaraşığına, davranışına...
- Mənlik deyil o işlər...
- Bilmək olmaz, Allah bilir nə danışmısınız, - deyə Elnarə gülümsədi.
***
Tanımadığı və ilk dəfə gördüyü qızın çöhrəsi, gülümsəməsi Raufun gözlərinin önündən getmirdi. Səhərə qədər yata bilmədi, yerində qurcalandı. Adını soruşmadığı üçün özünü danladı... Adelin məsum baxışları, təbəssümü onda qəribə bir hiss oyatmışdı. Bu, necə bir hiss idisə, Raufun bütün daxili təlatümlərini oyatmışdı. Bir neçə dəfə özünü daxilən silkələyib oyatmaq, bunu ani bir hiss sayıb qurtulmaq istəsə də, bacarmamışdı. Ağlında yalnız o qızı təkrar görmək, tanımaq, onunla münasibət qurmaq istəyi vardı. Hətta səhər tezdən durub təkrar həmin yerə getməyi düşünürdü, səhərə yaxın baş vermiş yol qəzasını araşdırmaqla bağlı şöbədən hadisə yerinə göndərildi. Özü hadisə yerində olsa da, fikri Adeldə, həmin kitabxananın qarşısında idi. İşləri yekunlaşdırıb nahar üçün evə gedərkən yolunu yenə oradan saldı. Həmin yerə çatanda bir az ləngidi, dayanacaq tərəfə nəzər saldı, amma Adeli görə bilmədi...
Artıq işə getmədiyi günlər tez-tez həmin ünvana baş çəkməyə başladı. O qədər gedib-gəldi ki, artıq hər yerini addım-addım əzbərlədi.
Aprelin ortaları idi... Yazın ən gözəl çağları, havanın insanda yaşamaq həvəsi oyatdığı günlər idi. Rauf səhər erkən oyanıb həvəslə hazırlaşmışdı. Çox sevinirdi. Çünki bu gün ərazidə olacaq, rahatca kitabxanaya baş çəkə biləcəkdi. Beləcə öncə gəlib kitabxananın ətrafında dolandı, sonra içəri keçdi. İçəri girən kimi gözü tanımadığı o məsum qızı axtardı. Oxu zalında hələ az adam vardı. Qərara gəldi ki, kitabxananın qeydiyyat yerinə getsin. Düşündü ki, bəlkə, oradan nəsə məlumat ala bilər. Fikirli-fikirli qeydiyyat otağına tərəf yönələndə rəflərin qabağında iki qızın durduğunu gördü. Saçından Adelə oxşatdı. Ayaq saxladı. Yanılmamışdı. Adel qarşısında idi. Həqiqətən, o idi. Gözləri onu yanıltmırdı...
Sevincək halda ona sarı addımladı. Amma yanında yoldaşı olduğu üçün diqqətli davranmağa çalışdı. Guya nəsə kitab axtarırmış kimi rəflərin arasında qurdalanmağa başladı:
- Ay qız, tərslik eləmə, gedək, inan peşman olmayacaqsan. Günəş də bizim kimi zarafatçıl, xoşxasiyyət qızdır, nəsə pisfikirli biri deyil ki, ora getməyin ona xoş gəlməsin. Tanış olmasanız da, ikiniz də mənim ortaq tanışımsınız, bu gün də əyani tanış olarsınız.
-Yox, Eliş, israr etmə. Bilirsən ki, xoşlamıram elə şeyləri.
- Deməli, adı Adel imiş. Nə qəribə, maraqlı addır. Amma yaraşır, - deyə öz-özünə pıçıldadı.
Sonra kitab axtarmaq bəhanəsi ilə Adelə tərəf addımladı:
- Salam, xatırladınız məni?
- Salam, bəli, xatırladım, - deyə Adel utancaqcasına gülümsədi.
- Necəsiniz?
- Bu kimdir, Adel?
- Üzrlü sayın, özümü təqdim etmədim: mən Rauf Hacıyev.
- Şad oldum. Mən də Elnarə. Adelin rəfiqəsiyəm.
- Lap yaxşı, Rauf bəy, şad olduq, Adel astadan pıçıldadı.
- Rəfiqəmlə hardan tanışsınız?
- Bizzz.....
- Vərəqi Rauf bəy tapıb vermişdi.
- Hə, anladım - deyə Raufu və Adeli süzdü.
- Deyəsən, bura tez-tez gəlirsiniz.
- Bəli, imkan tapdıqca da gəlirik.
- Hansı mövzuda əsərləri xoşlayırsınız? Məslən, mən detektiv janrı sevirəm. Xarici ədəbiyyata da marağım var.
- Mən xarici ədəbiyyatı - Adel dilləndi.
- Harda oxuyursuz?
- Pedaqoji Univeristetdə...
İlk dəfə gözləri toqquşdu və Adel hiss etdi ki, içindən çox qəribə bir hiss və gizilti keçdi.
Sonra Adel tələsirmiş kimi Elnarəni dümsüklədi. Üzünü Raufa tərəf çevirib, - üzrlü sayın, biz getməliyik, - dedi.
***
Adel də həmin gün özünü bir az başqa hiss edirdi. Tez-tez qısamüddətli olsa da, baş tutmuş görüş, dialoqlar yadına düşür, fərqində olmadan gülümsünürdü. Bir yandan da Elnarənin yol boyu Raufu tərifləməsi, onları yaraşdırması, Raufun ona qarşı hisslərinin olduğuna onu inandırmağa çalışması Adelin fikirlərini qarışdırmışdı. Həmin günün sonra Rauf da hər gün ADPU-nun qarşısına gəlir, Adelin dərsdən çıxmağını gözləyir, onu kölgə kimi izləyirdi. Amma Adelə, sadəcə, salam verir, başqa bir söz demirdi. Adel də artıq ona qarşı biganə deyildi. Ən azı davranışlarından hiss edirdi. Sanki Raufu hər gün görmək vərdişə çevrilmişdi. Bircə gün Rauf azca geciksə, dərsdən çıxanda Adel onu görməsə, narahat olur, gözü hər yerdə onu axtarırdı.
Aprelin sonu idi. Rauf səhər tez gəlmiş, Adelə bir buket çiçək gətirmişdi. Bu onun ilk etirafı idi. Adel gülü götürmək istəmədi. Rauf israrla ya götürəcəksən, ya da zibil qabına atacağam - dedi. Bu sözdən sonra Adel gülləri qəbul etdi və qrupa gətirdi. Otağa girincə tələbə yoldaşı Nərgizin doğum günü olduğunu eşidib, gülləri ona verdi. Daha sonra isə qulağına pıçıldayıb, dərsdən çıxanda gülləri ondan alacağını, gülləri sevdiyi oğlanın verdiyini demişdi. Adel özündən asılı olmayaraq belə qəribə işlər görmüşdü. Həmin gün əmin olmuşdu ki, o da Raufla eyni hissləri yaşayır...
Rauf bir aydan bir az artıq müddət idi onunla tanış olmuşdu, amma heç əməlli söhbət etməmişdilər. Bir-birlərini dərindən tanımadan sevməyə başlamışdılar. Bir sabah yenə ona yaxınlaşıb dedi:
- Adel, heç deməmisən hansı rayondansınız? Bakılı olmadığını bilirəm. Mən əslən qarabağlıyam. Amma Bakıda yaşayıram. Bəs sən?
Adel bu sualı israrla cavabsız qoyunca Rauf bütün bölgələrin adını sadalamış, ən sonda bircə Qaxı demədim. Qaxdansan? - deyə soruşarkən Adel gülümsəmiş, Rauf da onun haralı olduğunu öyrənmişdi.
Bu tanışlıqdan sonra ilk görüşləri bulvarda bir saatlıq bir gəzinti ilə başlamışdı. Həmin gün Rauf onun ev nömrəsini almış, beləcə danışmağa başlamışdılar. Dərslərin bitməsinə çox az qalmışdı. Xeyli söhbətdən sonra Rauf dedi:
- Adel, içimdə nəsə bir hiss var ki, sən mənə qismət olmayacaqsan. Səni başqasına verəcəklər.
Adel isə bununla qəti razılaşmamış, belə hisslərə fikir verməməsini demişdi.
Həyat elə gətirdi ki, Rauf haqlı çıxdı. İmtahanlarından sonra Adelə elçi düşdü və ailəsi fikrini soruşmadan onu nişanladı. Həmin oğlan da polis idi, amma Adel onu sevmirdi. Ailəsinin təkidi ilə Raufa olan sevgisini ürəyinə basdırıb oğlanla ailə qurdu. Amma ailə sarıdan da, ər sarıdan da üzü gülmədi. Günü qara, həyatı zindan oldu. Beş il qədər müddət birtəhər dözsə də, davam edə bilmədi, ailəsi ilə danışıb ayrıldı. İki qız övladı ilə atasıgillə birgə yaşamağa başladı. Bundan sonra magistr təhsili alıb oxuduğu universitetdə işləməyə başladı.
***
On yeddi il idi ki, içindəki iztirab Adelə rahatlıq vermirdi, hər yolda, küçədə, səkidə Raufu axtarırdı. Özünü bağışlaya bilmirdi. Sanki Rauf yoxa çıxmışdı. Bəzən dərsdən sonra onunla gəzdiyi küçələri də gəzər, bulvara gedər, yolboyu onunla xatirələrini yaddaşında çək-çevir edir, özünü günahlandırırdı. Onu heç olmasa, bircə dəfə görmək və başğışlanmağını diləmək istəyirdi, amma 17 il öncə bu küçələrdə buraxdığı həmin qaraşın oğlandan əsər-əlamət yox idi... Beləcə, Adel günləri saya-saya, hər gün bir ümidlə Raufun axtarışında idi...
Bir gün yenə gəzə-gəzə Sahil metrosundan Bulvara tərəf gedirdi. Onuna qarşı-qarşıya gələn adam nəsə çox doğma bir təəssürat bağışladı. Bir az da yaxınlaşdı, yox, ola bilməz, bu, o idi. Düz gəlib qarşısında dayandı və titrək səslə:
- Salam,Rauf,necəsən? - səsi içində qırıldı və gözləri doldu. - Tanıdınmı məni?
- Salam, tanımadım, xanım, - deyə Rauf qəribə bir əda ilə başını buladı.
- Mənəm... - yenə səsi qırıldı...
- Çox dəyişmisən, xanım, - deyə Rauf bu dəfə onun gözlərinə baxaraq gülümsədi. Sonra davam etdi:
- Amma gözlərin, baxışların dəyişməyib, bir az solğundur, sadəcə...
- Adel hönkürdü...
- Rauf onu qolundan tutub yaxınlıqdakı skamyada oturdu. Özü də yanında oturub üzünü Xəzərə tərəfə çevirib susdu...
Adelin titərək səsi:
- Evlənmisənm? Ailən, uşaqların necədir?
- Yoxdur.
- Niyə, ayrılmısan?
- Yox...
Yenə uzun bir sükut. Adel başını qaldırıb günahkarcasına Raufa baxdı. Birdən baxışlar toqquşdu. Adel hiss etdi ki, içində yenə 17 il əvvəlki bir gizilti keçdi, baxışlarını yayındırmağa çalışdı, alınmadı...
Bərk-bərk Raufun əlindən tutub sıxdı...
Sonra qəfil ayağa durub dayanacağa tərəf addımladı, amma bu dəfə, deyəsən, avtobusa çata bilmədi...