"Gələn il daha ağır olacaq" - Natiq Cəfərli

30-09-2016 15:16 / Bu xəbər 3714 dəfə oxundu

"2017-ci ilin 2016-cı ildən daha ağır keçəcəyi gözlənilir"

Bunu toplumtv.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2017-ci ilin büdcə layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, 2017 ci ilin büdcəsi son 6 ilin ən kiçik büdcəsidir: Dollar ekvivalentində təqribən 10 il bundan öncəki səviyyəyə qədər enmiş bir büdcədir. Bir çox sahələrdə  ciddi kəsintilərin olması  ehtimalı var, və büdcə layihəsindən də görünür ki, bu azalmalar olacaq. Bu da hökümətin atdığı məcburi bir addımdır.  Çünki  gəlirləri azalıbsa ölkənin, xərclərdə də müəyyən azalmalara gedilməlidir. Ən böyük azalmalar investisiya xərclərindədir, bu da təqribən 38% yaxın azalma olacaq. Səhiyyə sahəsində 6,5 % azalma gözlənilir. Yəni sosial sahənin  maliyyələşməsində,20 %- ə yaxın azalma gözlənilir. Görünən odur ki,  gələn il sosial gərginlik ilə bağlı problemlər qalacaq. İnsanların yalnız gəlirləri, ticarət dövriyyəsinin həcmi , iqtisadi aktivlik, indiki təklif olunan büdcə layihəsi ilə  getdikcə daha da azalacaq. Bu da zəncirvari özü ilə başqa problemlər gətirir. Çünki i iqtisadi aktivliyin azalması, problemlərin artması, ticarət dövriyyəsinin zəifləməsi insanların iş  yerlərini itirməsinə və gəlirlərinin azalmasına gətirib çıxarır". 

"Azərbaycanda böyük bir kəsim məhz ticarət sahəsində özünə iş tapıb. Bu günə qədər qurulmuş modeldə təəssüf ki,  belə bir şərait yaranıb.  Artıq reallıq  bundan ibarətdir ki, yüzminlərlə insan ticarət sahəsində çalışaraq  özlərinə çörək pulu qazanırlar. İndiki büdcə bu sahədə də getdikcə problemlərin  daha da dərinləşməsini göstərəcək. Bu kiçilmiş büdcə ilə iqtisadi aktivliyi və insanların real gəlirlərini artırmaq mümkün olmayacaq. Ona görə də, 2017-ci ilin bu ildən də daha ağır keçəcəyi gözlənilir", - ekspert bildirib. 

Xatırladaq ki, Maliyyə Nazirliyi 2017 və sonrakı iki ilin dövlət, icmal büdcələrinin layihəsini hazırlayıb. Sənədlər Nazirlər Kabinetinə və Hesablama Palatasına göndərilib. 

Hökumətin büdcə paketində bildirilir ki, 2017-ci ildə büdcə xərclərinin azalaması ssenarisi davam edəcək. 2016-cı illə müqayisədə o, 10% və ya 1,6 mlrd manat azalacaq. 

Neftin qiymətinin 50 dollar qalacağı halda bu ssenari keçərli olacaq. 2017-ci il üçün büdcə gəlirləri 13.2 milyard manat, xərclər isə 14.6 milyard manat nəzərdə tutulur.

Bu göstərici hətta 2011-ci ilin səviyyəsindən az qala 20% azdır.

2016-2019-cu illər üçün hökumət təhsil və səhiyyə xərclərini sabit saxlamağı, mədəniyyət, incəsənət və idman sferası üçün xərcləri 30%-dək ixtisar etməyi planlaşdırır. 

Oktyabrın 13-də 2016-cı ilin büdcəsi müzakirə ediləndə hökumət üzvləri bəyan edib ki, yaxın illərdə büdcə işçilərinə maaş artımı davam edəcək, ancaq qarşıdakı illər üçün dövlət büdcəsinin proqnoz göstəricilərini analiz edən ekspertlər bu bəyanatı şübhə altına alır. Bu sahələrdə bütün büdcə işçilərinin azı 70%-i çalışır. Xərclər belə sürətlə qayçılanacağı tədqirdə, büdcə sektorunda maaşların artımı praktik olaraq mümkün deyil. 

Vəfa Şah