Gənc fəal Cavid Məmmədzadə məhkəməsində iştirak edə bilmədi

Gənc fəal Cavid Məmmədzadə məhkəməsində iştirak edə bilmədi

03-07-2020 16:53 / Bu xəbər 1355 dəfə oxundu

Üzərində Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin şəkli olan qoruyucu maska taxdıqdan bir gün sonra həbs olunan ictimai fəal Cavid Məmmədzadənin həbs qərarından verilən şikayətə baxılıb. Amma məhkəməyə onun özünü gətirməyiblər. 

Bu barədə AzadlıqRadiosuna onun vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkil deyir ki, iyulun 2-də Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılarkən müvəkkilinin də iştirakının təmin olunmasını istəyib. Amma məhkəmə bunu nəzərə almayıb: "Özü də iştirak etmək istəyirdi. Mən də hakimlərə dedim ki, baş verənlər ona münasibətdə olub, özü danışmalıdır. Çünki mən vəkili olaraq, onun dediklərinə istinadən nələrisə deyə bilərəm. Özü də deyir ki, yalandır, nə karantin rejimini pozub, nə də polisə müqavimət göstərib. Rəsulzadənin şəkli ilə maskada fotosu yayılandan sonra zəng eləyib polisə çağırıblar. O da SMS vasitəsilə icazə alıb gedib".

Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və ictimai fəal haqqında həbs qərarı qüvvədə saxlanıb.
C.Məmmədzadə iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə 10 günlük həbs olunub. İddia olunur ki, C.Məmmədzadə evdən çıxmaq üçün ona verilən icazənin vaxtından 1 saat yarım keçəndən sonra saxlanılıb.
 
azadliq.org