Gəncə məhbusu həbsxanada vəfat edib

Gəncə məhbusu həbsxanada vəfat edib

10-07-2019 14:47 / Bu xəbər 897 dəfə oxundu

'Hakim Azər Tağıyev ona demişdi ki, ''görürəm, vəziyyətin ağırdı, ölürsən, amma səni buraxa bilmərəm''''

Gəncə hadisələrinə görə həbs olunanlardan biri, 53 yaşlı Aydın Qurbanov iyulun 9-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. 

Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Onların bildirdiyinə görə, iyulun 10-na keçən gecə saat 01.00 radələrində A.Qurbanovun bacısı oğluna zəng edib, dayısının öldüyünü xəbər veriblər:

"Deyiblər ki, səhər saat 9-da Tibbi Ekspertiza Mərkəzinə gedib, meyiti oradan götürə bilərlər. Həyat yoldaşı dünən gündüz onunla görüşmüşdü. Vəziyyəti çox pis idi. Suyu da şprislə verirdilər...”

Xeyli vaxt idi ki, A.Qurbanovun həyat yoldaşı Məhbubə Məmmədova onun vəziyyətinin ağır olduğunu, artıq qan qusduğunu bildirir, azadlığa buraxılması üçün müxtəlif dövlət orqanlarına müraciət edirdi. Həyat yoldaşının sözlərinə görə, A.Qurbanov həbs olunandan sonra xərçəng xəstəliyinə tutulmuşdu.

Hakim Azər Tağıyev

Onun heç olmasa, ev dustaqlığına buraxılması üçün bir neçə dəfə məhkəməyə müraciət olunmuşdu.

"Məhkəmə vəsatətləri rədd edirdi. Hətta Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev ona demişdi ki, "görürəm, vəziyyətin ağırdı, ölürsən, amma səni buraxa bilmərəm”. Təxminən bir ay öncə ekspertiza rəy vermişdi ki, durumu elə də ağır deyil, həbsdə saxlanıla bilər. Bizə maraqlıdır ki, indi o ekspert öz vicdanına necə cavab verir? Ən azı, gəlib ailəsinin yanında da ölməyinə imkan vermədilər”, - A.Qurbanovun yaxınları bildirib.

A.Qurbanovun evindən silah-sursat tapıldığı iddia olunur. Həyat yoldaşı isə bildirir ki, bu ittiham saxtadır. M.Qurbanovanın sözlərinə görə, öncə A.Qurbanovun bacısı oğlu Hamleti həbs ediblər. Onun yanına dayısı A.Qurbanov yemək aparır, onun hüquqlarının müdafiəsi üçün vəkil tutubmuş: "Acığa düşüb Aydını da tutdular”.