“Gəncə məhbusu”nun anası son nəfəsində oğlunu görmək istəyir

“Gəncə məhbusu”nun anası son nəfəsində oğlunu görmək istəyir

22-01-2022 15:59 / Bu xəbər 620 dəfə oxundu

"Həkimlər dedi, çarəsi yoxdu, 99 faiz öləcək. Özü öləcəyini bilmir, eləcənə Mirzəni çağırır. Ağrıdan dayana bilmir, deyirik, bəlkə, oğlunu görüb rahat canını tapşıra..."

2018-ci il Gəncə hadisələri ilə əlaqədar azadlıqdan məhrum edilmiş Mirzə Hüseynovun anası Etibar Hüseynova son günlərini yaşayır. Yaxınları və vəkili Mirzəyə anası ilə vidalaşmaq üçün icazə verilməsini istəyirlər.

E. Hüseynovanın bacısı Gözəl Məmmədova "Toplum TV"-yə danışır ki, qadının ağrıları son 1 ayda başlayıb. Onlar indiyədək həm Gəncədə, həm də Bakıda bir çox xəstəxanalara müraciət etsələr də, həkimlərin heç biri ağrılara dəqiq diaqnoz qoya bilməyiblər. Bundan sonra qadının vəziyyəti daha da pisləşib.

"Əvvəl ciyərlərində ağrılar var idi, neçə gün İnfeksion Xəstəliklər Xəstəxanasında yatdı. Bu vaxt da ayaqları yavaş-yavaş ağrı verməyə başlayırdı. Bayrama görə, həkimlər dedi ki, evə getsin, həm də daha sağalıb. Evə gələndən sonra gördük, özünə gəlmir. Ayağı da möhkəm ağrıyırdı. Həkimlər ayağına baxdılar, dedilər, heç nəyi yoxdu, travma alıb. Gördük, yox, ağrıdan durmaq mümkün deyil. Axır, Gəncə Beynəlxalq xəstəxanasına getdik, ordan dedilər ki, Bakıya, Topşubaşov xəstəxanasına getməlidir. Topşubaşov xəstəxanasında məlum oldu ki, ciyərləri, böyrəyi sıradan çıxıb, ayaqları qanqren verib".

G. Məmmədova deyir ki, həkimlər əvvəlcə qadının ayağının kəsiləcəyini desələr də, infarktdan sonra bu, mümkün olmayıb: "Dedim, qoy ayaqları kəsilsin, əsas odu ki, nəfəsi gəlsin. Amma bundan bir-iki gün sonra Etibarın vəziyyəti yenə pisləşdi. Xəstəxanada yatdığı vaxt infarkt keçirdi. Bundan sonra da həkimlər dedi ki, ayağını kəsə bilməyəcəyik, daxili orqanları da sıradan çıxıb, ən yaxşısı, evə aparın, 99 faiz öləcək".


E. Hüseynova 3 gündü ki, evdədir. Qadın danışa, yemək yeyə bilir. Öləcəyindən xəbərsizdi, bacısı deyir ki, ancaq dayanmadan Mirzəni səsləyir: "Şəklini öpüb, deyir, sənə canım qurban, ay Mirzə. Təsəlli veririk ki, gələndə özünə deyərsən. Ağrıdan dayana bilmir, deyirik, bəlkə, oğlunu görüb rahat canını tapşıra"

57 yaşlı Etibar Hüseynovanın Mirzədən başqa bir qız övladı var.

"Atası əlil, anası şəkər xəstəsi, evin yeganə oğlu, ailənin gəlir yeri yox...”

Mirzənin vəkili Şəhla Hümbətova da "Feysbuk"da bu barədə yazıb. 

O, "Gəncə işi"ndən 3 nəfərin - Elmir Hüseynzadə, Emil Məmmədov və Mirzə Hüseynovun vəkili olduğunu, Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Elmir və Emilin azadlığa buraxılsa da, Mirzənin həbsdə qaldığını qeyd edir:

"Çox ədalətsizlik oldu bu uşağa. O boyda işgəncə görmüşdü, ittihamların bir faizi belə sübut olunmadığı halda azadlıqdan məhrumetmə cəzası aldı. Atası əlil, anası şəkər xəstəsi, evin yeganə oğlu, ailənin gəlir yeri yox... amma yenə də hakimlər və prokuror qarşısında mərd mərdanə dayanmışdı. Məhkəməyə göz verib işıq vermirdi. Hakim otur yerində qışqırırdıqca Mirzə daha da bərkdən "siz məni susdura bilməzsiniz" deyə etirazlarını bildirirdi. Hərdən də ruhdan düşüb sakitcə başını salıb otururdu. Tez bir kağızda bir-iki kəlmə ruhlandırıcı cümlə yazıb ötürürdüm. Dərhal üzü gülürdü və yenə hay-küyla özünü müdafiə etməyə davam edirdi".

Şəhla Hümbətova - Sosial Media

Ş. Hümbətova Penitensiar Xidmətə və Ombudsman aparatına Mirzəyə anasıyla vidalaşmağa icazə verilməsi üçün məktub yazdıqlarını bildirib: "Hüquq müdafiəçilərindən də xahiş edirəm, məsələyə diqqət yetirsinlər. Ana bircə oğlunu görməmiş getməsin".

Vəkilin "Toplum TV”-yə söylədiyinə görə, məktubu iş günün sonu göndərdiklərindən və bir gün də qeyri-iş günü olduğundan müraciətlərinə hələlik cavab gəlməyib.

"Ədliyyə nazirliyi, Penitensiar Xidmətin rəisinə məktublar gedib. Ombudsmanın köməkçisi Rəşid Rumzadənin də xəbəri var. Deyib ki, rəsmi müraciətləriniz nazirliyə çatsın, qoşulub bir şeylər edərik. Bu gün hələlik bir xəbər verməyiblər”, - vəkil qeyd edir.

Penitensiar Xidmət: "Məsələyə baxılır”

M. Hüseynovla bağlı Ombudsman aparatına müraciət etsək də, mətbuat katibi Emil Şahzadə quruma rəsmi müraciətin daxil olmadığını əsas gətirərək  məsələ barədə məlumat verə bilməyəcəyini söyləyib.

Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə bildirib ki, müraciət daxil olubsa, aidiyyatı üzrə cavab veriləcək.

"Əgər vəkil müraciət edibsə, deməli, məsələyə baxılır. Müraciətlərə baxılma qaydası və müddəti var. Həmin qaydalara uyğun müraciətçilərə cavab veriləcək. Bunun əsasında isə qərar qəbul ediləcək”.

Mehman Sadıqov

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər.