Gəncə sakini: “Bəylər Əyyubovun polis bacısı oğlu mənə başqa yol qoymadı…”

Gəncə sakini: “Bəylər Əyyubovun polis bacısı oğlu mənə başqa yol qoymadı…”

21-01-2022 14:40 / Bu xəbər 558 dəfə oxundu

Rafiq Baxşıyev: "Balamın məzarına and içmişəm, əgər tədbir görülməsə…” 

"And olsun Allaha, günahım olsaydı, məni yandırmazdı. Elə adamam ki, bu yaşımda uşaqdan da üzr istəməyi özümə ar bilmərəm, insanıq, hamımızın səhvi olar. Amma ləyaqətimi, şərəfimi də bu dünyada hər şeydən üstün tutaram. Heç bir günahım olmadan, dayandığım yerdə niyə kimsə gəlib məni küçənin ortasında döyməlidir, söyməlidir?”, – Gəncə sakini Rafiq Baxşıyev kövrəlir.

"Utandığımdan övladıma demədim ki, məni döyüb bu vəziyyətə qoyublar”

Başına gələnləri danışan Meydan TV-yə danışan Rafiq Baxşıyev deyir ki, 2016-cı ildə Gəncə Şəhər İcra Hakimiyyətindən ona Səbuhi Əliyev küçəsində 4 sot torpaq sahəsi ayrılıb. 

Ora aparıb bir maşın daş tökdürsə də, tikinti aparmağa imkanı çatmayıb. 

2021-ci il noyabrın 26-da həmin ərazidə olanda Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşı Azər Şahverdiyev və yanında da iki nəfər ona yaxınlaşıb: "O vaxta qədər onu tanımırdım, bilmirdim ki, kimdi, nəçidi. Dedi ki, buralar mənimdi. Təkcə mənə aid hissəni yox, elə başqalarının da ərazisini. Dedim, necə yəni, axı mənim sənədlərim var, neçə illərdi mənə verilib. Başladılar təhqir eləməyə. O polis Azər və yanındakılar məni elə döydülər, elə söyürdülər, inanın, bu yaşımda, dilimə gətirməyə utanıram. Bu adamların Allah qorxusu yoxdu. Azər və yanındakılar o qədər təpik-yumruqla döyüb-söydülər, üst-başım qan içində idi, axırda orada atıb getdilər. Təxminən 40 dəqiqə orada atılıb qaldım, birtəhər özümə gələndən sonra getdim. Utandığımdan evdə övladıma demədim ki, məni döyüb bu vəziyyətə qoyublar. Əvvəl dedim ki, yıxılmışam…”

"Polis idarəsində elə polislərin yanında üzümə tüpürdü, heç biri heç nə demədi…”

Rafiq Baxşıyev danışır ki, həmin vaxt ətrafda işləyən usta və fəhlələr də baş verənləri görüb, ancaq qorxudan heç kim müdaxilə etməyib.

Gəncə sakini bir gün sonra toparlanaraq, həm tibbi ekspertizadan keçib, həm də Kəpəz Rayon Polis Şöbəsinə şikayətə gedib. Deyir ki, Kəpəz Rayon Polis Şöbəsində olanda Azər Şahverdiyev də ora gəlib: "Təxminən 8-9 nəfər polisin yanında mənə elə sözlər dedi, üzümə tüpürdü, polislər də dayanıb baxdı. Biri də bircə kəlmə demədi. Belə haqsızlıq olar? Bunu Allah götürər?”


Foto: Meydan TV

Sonradan məlum olub ki, hadisə günü Azər Şahverdiyevin yanında Amid Qasımov və "20 DA 999” dövlət-nömrə nişanlı avtomobilin sahibi Ramin adlı şəxs də olub.

Rafiq Baxşıyev dövlət orqanlarına şikayət məktublarında onların da adlarını göstərib: "Düzdür, Azər Şahverdiyev əvvəldən mənə xəbərdarlıq elədi ki, get, nə istəyirsən, elə, mən, prokurorun qapısını təpiklə açıram. Polis şöbəsindəki hərəkətlərindən də görünürdü ki, elədir”.

Cinayət işi başlanmadı

Gəncə şəhər prokuroru Azad Qarayev belə nəticəyə gəlib ki, Nizami Rayon Polis İdarəsinin kapitanı Azər Şahverdiyev və Amid Qasımovun əməlində cinayət tərkibi yoxdur. Ona görə də cinayət işi başlanmasının rədd olunması haqda qərar qəbul edib. Bununla belə, Amid Qasımovun Rafiq Baxşıyevi döydüyü sübuta yetirildiyinə görə, onun haqqında İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə inzibati icraat başladılaraq Kəpəz Rayon Polis İdarəsinə göndərilib.

Foto: Meydan TV

Amma bu, Rafiq Baxşıyevi qane etmir. Deyir ki, onu döyən də, ləyaqətini alçaldan da Azər Şahverdiyevdir. Onun sözlərinə görə, başına gətirilənləri heç cür həzm edə bilmir.

"Mən kasıbam, amma şərəfsiz deyiləm…”

Azər Şahverdiyevin Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun bacısı oğlu olduğu bildirilir: "Mənim 63 yaşım var, ömrümdə ləyaqətim bu şəkildə alçaldılmamışdı. İnanın, dözə bilmirəm. Əsgərlikdə yanğın olmuşdu, üç nəfəri xilas eləmişdim, üzüm, boynum yanmışdı, həkimə dedim ki, tanınmaz haldayamsa, evə getmək istəmirəm, adamların məni elə görməsini istəmirəm. Mən də belə insanam. Nə günahın sahibiyəm ki, hamının gözünün qabağında əvvəlcə küçənin ortasında məni döy, söy, sonra polis idarəsində mənim üzümə tüpür, söy? Bundan sonra necə yaşayım? Üç övladımın biri rəhmətə gedib, onun məzarına and içmişəm, ya yük maşını tapacam, hara gəldi sürüb, qisasımı alacam, ya da intihar edəcəm. Başqa yolum yoxdur. Mən kasıbam, amma şərəfsiz deyiləm. Prezidentdən, Mehriban xanımdan cavab gözləyirəm. Səbrim çox qalmayıb. Bəylər Əyyubovun bacısı oğlu mənə başqa yol qoymadı…”

Rafiq Baxşıyev son bir ayda iki dəfə intihara cəhd etdiyini deyir.

Azər Şahverdiyev izahatında bildirib ki, Rafiq Baxşıyevi Gəncə sakini kimi tanıyır, onunla ədavət və düşmənçiliyi olmayıb. 

Bir neçə gün göncə Rafiq Baxşıyev Məhsəti qəsəbəsində ona yaxınlaşaraq, oradakı torpaq sahəsinin bir hissəsinin ona məxsus olduğunu bildirib və həmin hissəni hasara almamasını istəyib. O isə Rafiq Baxşıyevə həmin hissə ilə bağlı verilən sənədlərin əsassız olduğunu deyib. Bundan başqa aralarında heç bir söhbət və ya dava-dalaş olmayıb.

Azər Şahverdiyevin qardaşı general-leytenant Mayıl Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinidir.

Azər Şahverdiyevin əməlləri zaman-zaman yerli mətbuatda tənqid olunub. Hələ 2012-ci ildə onun iş yoldaşları ilə mübahisə edərkən avtomobili gülləboran etdiyi, buna görə daxili işlər orqanlarından xaric edildiyi, yenidən işinə bərpa olunduğu yazılırdı.