Gəncəbasarda torpaq bahalaşdı
07-01-2014 11:37 / Bu xəbər 1021 dəfə oxundu
Gəncəbasar bölgəsində torpağın qiyməti 5-7 min manata qədər bahalaşıb.
Arqument.Az-ın əməkdaşı ilə söhbətində Qərb bölgəsində evlərin və torpaq sahələrin satışı ilə məşğul olan makler Natiq Məmmədov da bu faktı təsdiq edib.
O bildirib ki, qiymət artımı süni şəkildə yaradılır. Gəncəbasar bölgəsinə on minlərlə qaşqın və məcburi köçkün ailələri köçürülüb ki, hazırda bu statuslu ailələrin çoxu yeni tikilmiş mənzillərlə təmin olunublar. Onların əvvəllər yaşadıqları ictimai iaşə və dövləti əhəmiyyətli inzibati binalar boşaldılaraq, əksəriyyəti dağıdılıb və yerləri ya bina tikən şirkətlərə satılıb.
Araşdırmalarımıza görə, bu obyektlərin satışı Gəncənin icra başçısı Elmar Vəliyevin xüsusi göstərişi ilə həyata keçirilib.
Bölgədə yaşayan sakinlər bildirirlər ki, bir il bundan qabaq Gəncə şəhərinin ətrafında “Avtozavod”, “Türklər”, “Sevinc” yaşayış massivlərində bir sot yaşayış sahəsi üçün nəzərdə tutulan torpağın qiyməti təxminən 3 min manat idisə, indi sözügedən ərazilərdə torpağa sahib olmaq istəyən alıcı, hər sot torpaq üçün 5, bəzən də, 7 min manatından keçməlidir.
İqtisadçı Rauf Qafarov da Arqument.Az-a açıqlamasında qiymətlərin süni şəkildə qaldırılması fikrini bölüşür: “Məncə bahalaşmaya həm də, siyasi və iqtisadi sabitliyin olmaması da təsir edir. Məsələn, şəxsin 200 000 manat sərmayəsi var. Amma bəlli çevrələrdə “adamı” yoxdur. O, heç vaxt risk edib, obyekt alıb işlətməyəcək. Onun əks qütbündə dayanan və hakimiyyət daxili nüfuzu, dayaqları olan biznesmen belə obyektlərə sahib olacaq. Həm də çox baha qiymətə ala biləcək belə biznes subyektlərini. Nəticədə süni qiymət artımı baş verəcək”.
Arqument.Az












