Gəncədə ölənlərin sayı 14, yaralıların sayının isə 52-ə çatıb - YENİLƏNİB

Gəncədə ölənlərin sayı 14, yaralıların sayının isə 52-ə çatıb - YENİLƏNİB

17-10-2020 17:35 / Bu xəbər 364 dəfə oxundu

Azərbaycan Dövlət Televiziyası Gəncədə yaradılan Operativ Qərargaha istinadən ölənlərin sayının 14 nəfərə çatdığı haqda məlumat yayıb.
 
Eyni zamanda, 1 nəfərin itkin düşdüyü bildirilib.

***

Azərbaycan Baş Prokurorluğu oktyabrın 17-də Gəncənin raket zərbəsi ilə vurulması haqda cinayət işi açıb.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Bildirilib ki, Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə ziyan dəyib:

"Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb”.

***

Azərbaycan Dövlət Televiziyası yaralıların 52 nəfər olduğu haqda məlumat yayıb.

Gəncədə ölənlərin sayı 13, yaralıların sayının isə 40-a çatdığı bildirilir. Son məlumata görə, 20-dən artıq ev dağılıb.

***

Respublika Prokurorluğunun məlumatına görə, Gəncənin mərkəzi hissələri raket atəşinə tutulub. İlkin məkumata görə, 2-si azyaşlı olmaqla 6 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Oktyabrın 17-nə keçə gecə, saat 1 radələrində Gəncə şəhərinə yenidən mərmi atılıb. Atılan mərmilərdən birinin yaşayış evinə düşdüyü deyilir. Hadisə yerindən canlı yayım verən Türkiyənin "TV 1000” kanalının məlumatına görə, ərazidə 20-dək ailə yaşayır. Dağıntılar altında qalanlar var. Ölən və yaralılarla bağlı hələlik məlumat yoxdur. "Real TV”-nin məlumatında isə bildirilir ki, şəhərə atılan 3 mərminin 2-si zərərsizləşdirilsə də, birini dayandırmaq mümkün olmayıb.

Münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhəri artıq 3-cü dəfədir ki, atəşə məruz qalır. Oktyabrın 4-də atılan ilk mərmi obyektləri yararsız hala salıb. Oktyabrın 10-da Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunsa da, oktyabrın 11-də Gəncəyə atılan ikinci mərmi bir neçə insanın həyatına son qoyub.