Gender aktivisti Prezident Administrasiyası önündə aksiya keçirməyə cəhd edib

Gender aktivisti Prezident Administrasiyası önündə aksiya keçirməyə cəhd edib

19-10-2021 17:30 / Bu xəbər 672 dəfə oxundu

"Prezident həmin şəxsin arxasında durursa, o, daha böyük cinayətlər törədəcək"

Gender aktivisti Gülnara Mehdiyeva oktyabrın 19-da Prezident Administrasiyası önündə təkadamlıq aksiya keçirməyə cəhd edib.

Əlində "Azyaşlını zorlayan niyə azaddır?”, "Əsgər Ağazadəni həbs et!” plakatları ilə aksiya keçirən aktivist bildirib ki, azyaşlı Sənay Yağmura cinsi zorakılıq göstərən şəxs 1 ildir ki, azadlıqdadır: "Prokurorluq işi araşdırmır, yuxarıdan əmr gözləyir. Azərbaycanda Prezident və Birinci vitse-prezident vəzifəsindən yuxarı heç nə yoxdur. Belə çıxır ki, Prezident İlham Əliyev azyaşlını zorlayan şəxsin arxasında dayanır. Bunu öyrənməyin yolu həmin şəxsin həbs edilməsindən keçir. Əgər həbs olunmursa, deməli, ölkənin ən yüksək vəzifəli məmurları azyaşlını zorlayanı himayə edirlər”.

Gülnara Mehdiyeva deyib ki, cinayətkarın həbs edilməməsi cəmiyyət üçün təhlükəlidir: "Onun azadlıqda qalması növbəti cinayətlərə yol açır. Nə qədər ki azadlıqdadır, hamı təhlükədir. Başqalarına qarşı da eyni şeyi edə bilər. Sənay Yağmurun mübarizəsi təkcə onun yox, bütün qadınların mübarizəsidir”.

Polis aktivistin aksiyasına mane olub və əlindəki plakatı alıb, ardınca o, polis avtomobilinə mindirilərək ərazidən uzaqlaşdırılıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılan Gülnara Mehdiyeva qısa müddət sonra sərbəst buraxılıb.

Sərbəst buraxılandan sonra Meydan TV-yə açıqlama verən Gülnara Mehdiyeva bildirib ki, o sözünü demək üçün ölkədə vəzifəcə ən böyük şəxsi - Prezidenti seçib.

Ona görə də Prezident Administrasiyasının qarşısında aksiya keçirib: "Soruşurdum ki, azyaşlıya qarşı bu hərəkəti edən şəxs niyə azadlıqda olmalıdır? Bu, hamı üçün təhlükəlidir. Əgər Prezident və Vitse Prezident həmin şəxsin arxasında durursa, o, daha böyük cinayətlər törədəcək. Düşünürəm ki, bu, siyasi sifarişdir. Sənayın fəaliyyətinə görə ondan siyasi qisas alınır. Adamın həbs edilməməsinə başqa açıqlama tapa bimirəm”.

Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.

O deyib ki, ona bu zorakılığı edən bacısı oğlu Əsgər Ağayevdir.

Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, o, həbs olunmayıb: "Hadisə günü Əsgər Ağayev Sənayın içkisinə narkotik vasitə qatıb və huşsuz halda ona qarşı zorakılıq edib”.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

"Əsgər Ağayev cinayət işində, sadəcə, şahid qismində dindirilib”, - Zümrüd Yağmur deyib.

Oktyabrın 18-də isə Baş Prokurorluq Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Sənay Yağmurun cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi istintaq idarəsinə həvalə edilib.

Sənay Yağmurun anası Zümrüd Yağmur bildirir ki, bu gün vəkilləri Zibeydə Sadıqova işlə bağlı Baş Prokurorluğun istintaq idarəsinin rəisi ilə görüşməyə gedib.

Ancaq onu idarədə heç kim qəbul etməyib: "Vəkil cinayət işinin detalları haqqında danışmaq istəyirdi. Artıq iki gündür ki guya Baş prokurorun nəzarəti altında iş araşdırılır, amma heç bir hərəkət yoxdur. Cinayətkar hələ də həbs olunmayıb”.

Ana deyir ki, getdikcə işin siyasi sifariş olduğuna daha çox inanmağa başlayır: "Yoxsa bir cinayətkar niyə bir dövlət qurumunun biabırçı vəziyyətə düşməsindən sonra da qorunsun ki?”

Hüquqşünas Fariz Namazlı deyir ki, belə işlərdə şikayətdən sonra cinayət işi başlanır.

Növbəti mərhələdə fakt təsdiqini tapırsa, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs müəyyən edilirsə, ona ittiham elan edilir: "Növbəti mərhələdə ekspertiza rəyi, şahid ifadələri, hadisə yerinə baxış və digər sübutlar məcmu halda yoxlanmalı və qiymətləndirilərək yekun nəticəyə gəlinməlidir”.

Hüquqşünas bildirib ki, bu işdəki istintaq sənədləri ilə tanış deyil, ancaq deyə bilər ki, istintaq keyfiyyətli iş aparmalı idi: "Təkcə ekspert rəyi ilə şəxsi həbs etmirlər. Rəy şəxsin cinsi əlaqədə olub olmadığını, bakirəliyinin pozulub pozulmadığını müəyyən edir. Başqa zorlama işlərində şəxs müqavimət göstərdikdə, tibbi ekspertiza rəyi ilə onun bədəni üzərində xəsarətlərin olub olmaması da müəyyən edilir. Bu işdə qızın ifadəsinə əsaslansaq, onun köməksiz vəziyyətdə olduğunu görə bilərik, yəni fiziki xəsarətlər olmaya bilər. Bu halda istintaq digər sübutlar müəyyən etməlidir, məsələn, oğlanın paltarında hər hansı sübut müəyyən edilirmi, qanını yoxlamaqla narkotik vasitə və ya spirtli içkidən istifadə edib etməməyi müəyyən edə bilər. Bir sözlə, istintaq keyfiyyətli iş aparmalı idi”.

Fariz Namazlı deyir ki, bu işdə müstəntiqin səhlənkarlığını görmək olur, çünki bir dəfə prokurorluq, bir dəfə də Apelyasiya Məhkəməsi icraata xitam verilməsinə dair qərarı ləğv edib və işi yenidən araşdırmağa göndərib: "Görünür ki, işi araşdırmaq istəməyiblər”.

Zümrüd Yağmurun şikayətinin lazımi qaydada araşdırılması üçün imza kampaniyasına da başlanılıb.

Kampaniyanı "Qadın üçün” komandası başladıb və artıq yüzlərlə insan imzalayıb.

Bu məsələ ictimailəşəndən bu yana Əsgər Ağayev və ailəsindən münasibət öyrənmək mümkün olmayıb.