General barəsində həbs qətimkan tədbiri seçildi

General barəsində həbs qətimkan tədbiri seçildi

02-09-2022 17:42 / Bu xəbər 993 dəfə oxundu

Məhkəmə Baş prokurorun təqdimatını təmin edib

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov həbs olunub. 

Onun 2017-ci ilin mayında təxminən 400 nəfər hərbçiyə işgəncə verilməsi, onlardan bir neçəsinin ölümüylə nəticələnən Tərtər hadisələrilə əlaqədar həbs edildiyi bildirilir.

Sentyabrın 2-də Bakı Hərbi Məhkəməsində Bəkir Orucovun istintaq dövründə həbsdə saxlanması üçün Baş prokurorun müavininin təqdimatına baxılıb. 

Məhkəmə təqdimatı təmin edib və generalın barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, Bəkir Orucov təqdimata baxılarkən özünü təqsirli bilmədiyini, Tərtər işgəncələrinə aidiyyəti olmadığını deyib.

Bəkir Orucov əvvəllər Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, Beyləqan korpusunda qərargah rəisi və s. vəzifələrdə çalışıb. Ona qarşı ittihamlar Beyləqandakı fəaliyyət dövrünü əhatə edir.

Baş Prokurorluğun bu ilin aprelində yaydığı sonuncu rəsmi açıqlamasında bildirilir ki, "Tərtər işi” üzrə 2021-ci ilin dekabrında yenidən istintaq araşdırmaları başlayandan sonra işgəncə və başqa qanunsuz hərəkətlərə məruz qalmış 280 nəfər zərərçəkmiş qismində tanınıb. Əvvəlki dövrdə zərərçəkmiş kimi cəlb olunanlarla birlikdə hazırda ümumilikdə say 397 nəfər olub.

Bəkir Orucov Tərtər hadisələrilə əlaqədar bu günə qədər cəzalandırılan yeganə generaldır.

Tərtər hadisələri zamanı xəsarət alan, eləcə də yaxınlarını itirən zərərçəkmişlər Hərbi prokuror Xanlar Vəliyev, onun birinci müavini Şəfaət İmranov, o dövrdə korpus komandiri olmuş general Hikmət Həsənov və digərlərinin cəzalandırılmasını tələb edir.