General oğlunun biznes şəbəkəsi: Şirkətlərinin siyahısı açıqlandı

General oğlunun biznes şəbəkəsi: Şirkətlərinin siyahısı açıqlandı

09-12-2021 20:24 / Bu xəbər 5278 dəfə oxundu

Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyev şirkətlərinin siyahısı yayılıb.

Bu barədə araşdıraçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist bildirib ki, Rəşad Mirzəyev İngiltərənin Brayton şəhərindəki "Bellerbys” kollecinin və Londonun Siti Universitetinə aid "CASS Business School” məktəbinin məzunudur. 

O, 2019-cu ildə ABŞ-ın Stanford universtitetində kurs keçib. Elə həmin il Rəfael Mirzəyevin oğlu Los-Ancelesdə 5670 Wilshire BLVD, STE 1838 hüquqi ünvanında "Websiteca LLC" (qeydiyyat nömrəsi 201914810569) şirkətini qeydiyyatdan keçirib. Amma bu onun ilk şirkəti deyil. Rəşad Mirzəyev əsasən informasiya texnologiyaları sahəsində ixtisaslaşmış bir neçə şirkətin təsisçisi və icraçı direktorudur. 

O, Azərbaycanda fəaliyyət göstərən 118 sorğu xidmətini təqdim edən "118 Xidməti" MMC-ni hələ 2010-cu ildə 22 yaşlı olarkən təsis edib. 
 
2011-ci ildə o, "Dayanacaq" MMC-ni, ardınca "ATL Group"a daxil ilk şirkəti - "ATL Konsaltinq" MMC-ni qeydiyyatdan keçirib. 

Sonrakı illərdə FHN-in birinci müavininin oğlu rəhbərlik etdiyi "ATL Group"a daxil olan yeni şirkətlər açıb:

- "ATL Electronics" MMC
- "ATL Akademiya" MMC
- "ATL Logistics" MMC
- "ATL Rent-A-Cars" MMC
- "ATL Service" MMC
- "ATL SMS" MMC

"ATL Servuce" MMC Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarovun adına rəsmiləşdirilib. 

Rəşad Mirzəyevin biznes şəbəkəsi informasiya texnologiyaları və konsaltinq xidmətləri ilə məhdudlaşmır. O 2016-cı ildən fast-food biznesinə də girişib. Həmin il "Əjdaha" MMC-ni təsis edən Rəşad Mirzəyev artıq paytaxtın Bülbül prospekti, Cəfər Cabbarlı, Nəcəfqulu Rəfiyev və Cəmşid Naxçıvanski küçələrindəki eyniadlı dönərxanaların sahibidir. 

Nazir müavininin oğluna məxsus "Flexy" MMC-nin fəaliyyət istiqaməti isə bəlli deyil.