Geri qaytarılan və araşdırılmayan istintaq işi: "Ağır cinayətlər məzhəkəsi..."

Geri qaytarılan və araşdırılmayan istintaq işi:

26-06-2022 01:57 / Bu xəbər 948 dəfə oxundu

Sumqayıt sakini İltimas Quliyev qardaşı Xaqani Quliyevin döyülərək ağır işgəncələrə məruz qalması ilə bağlı aparılan istintaqdan və məhkəmə prosesindən narazıdır. 

Bu barədə "Arqument.az"a İltimas Quliyev danışıb. 

O deyir ki, qardaşı 2019-cu il avqustun 16-da Sumqayıt şəhərində "Metallurq” kafesində Sabir Əskərov, Tural Sadıqov və Ümid adı şəxs tərəfindən döyülüb, ona ağır bədən xəsarətləri yetirilib. 

Ekspertizanın rəyində də qeyd olunur ki, Xaqani Quliyev ağır xəsarət alıb və sağlamlığında ciddi problemlər yaranıb. 

İltimas Quliyev deyir ki, buna baxmayaraq, iş obyektiv araşdırılmayıb və o, bundan sonra müxtəlif instansiyalara müraciət edib. 

Şikayətlərdən sonra Quliyev Xaqani Azad oğlunun ağır dərəcəli xəsarət almasi ilə bağlı aparılmış istintaq prosessual normalara uyğun olmadığından, iş hərtərəfli araşdırılmadığından, təqsirli şəxslərə daha ağır ittiham verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı ilə iş yenidən istintaqa qaytarılıb. 

İ. Quliyevin sözlərinə görə, istintaq saxta sənədlər əsasında aparılıb, hətta cinayət işi üzrə şahidlərin məcburi məhkəməyə gətirilməsi barəsində hakim Zeynal Ağayevin qəbul etdiyi qərarları Sumqayıt və Abşeron Polis İdarələri icra etməyiblər. 

O, bununla bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə də müraciət edib. Bütün bunlara baxmayaraq, heç bir istintaq aparılmadan iş yenidən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Onun sözlərinə görə, cinayət işinin ibtidai istintaqı qeyri-obyektiv, qərəzli, bir çox qanun və normaların pozulmasi ilə müşaiyət olunub: ""Metallurq” kafesi Naxçıvandan olan Rəsul və Vasif adlı qardaşlarındır. Onlar orada qoçu dəstələri saxlayırlar. Təbii ki, bundan polisin də, prokurorun da xəbəri var. Qardaşımı həmin qoçu dəstəsinin üç üzvu Sabir Əskərov, Tural Sadıqov və soyadını bilmədiyimiz Ümid adlı şəxs döyüb". 

"Ekspert rəyinə əsasən, ona ağır dərəcəli xəsarət yetirib. Lakin istintaq orqanı Bəxtiyar Fərəcov adlı bir ofisantı həbs edib. Bütün saxtakarlıqları bu yöndə aparıblar. İşdə saxta şahid heyəti duzəldilib, həmin ofisanta nə təzyiq edilibsə, o da deyir ki, Xaqani Quliyevi mən döymüşəm. Yəni faktiki qardaşımı döyənləri istintaq prosesindən kənarda saxlayırlar", - deyə İ.Quliyev bildirib.  

Onun sözlərinə görə, iş yenidən istintaqa qaytarılsa da, istintaq yenə də ənənəvi metodlardan istifadə edir, cinayət işini saxtalaşdırır: "Məsələn, orada videoçəkiliş olub, amma həmin videoqeydləri kəsiblər. İstintaq işinə cəmi 1 dəqiqə 35 saniyə olan kiçik bir hissə daxil edilib. Ümumiyyətlə, cinayət işində bir ədəd də olsun düz sənəd yoxdur. Hamısı saxtadır. Başqa bir məqam ondan ibarətdir ki, hadisədən iki ay əvvələ aid izahat var, bir neçə izahatın sonluğu eyni şəxs tərəfindən yazılıb, izahat müəlliflərinə imzalatdırılıb. Təsəvvür edin, şahid ibtidai istintaqda ifadə verib ki, mən gördüm, Bəxtiyar Fərəcov Xaqani Quliyevi stulla vurdu. Məhkəmədə ona sual verirəm ki, hadisə harada baş verdi? Deyir ki, zalda. Halbuki hadisənin obyektin içində yox, həyətində olduğu artıq sübuta yetirilib. Belə bir şahidin ifadəsini məhkəmə tibb-eksperti tibbi rəyin əsaslandırma hissəsində istinad kimi istifadə edib". 

İ.Quliyev deyir ki, qardaşının gözünə daşla vurulsa da, maddi sübutlar siyahısına salınmayıb: "Qardaşımın gözünə Sabir Əskərov daşla vurub. Bunu həm qardaşım, həm də özü ifadəsində qeyd edib. Hətta digər ifadə verənlər də bunu təsdiqləyiblər, amma ekspertə həmin daş təqdim olunmayib. Həmçinin cinayət işinə daxil etdikləri kəsik videodan aydın görünür ki, Tural Sadıqovun əlində taxta parçası var. Həmin taxta parçası da ekspertə təqdim olunmayıb, lakin məhkəmə tibb eksperti yalan ifadələrə əsaslanaraq xəsarətin stulla yetirildiyinə dair rəy verib". 

Onun dediyinə görə, hadisə baş verən obyekt də qanunsuz fəaliyyət göstərir: "Kafeni işlədən ifadəsində obyekti 7-8 ildir ki, işlətdiyini deyir. Amma cinayət işi materiallarında yalnız 2018-ci ilə dair icarə müqaviləsi var. Şahid kimi ifadə verənlər, həmçinin təqsirli şəxslər ifadələrində orada işlədiklərini qeyd edirlər ki, amma heç birinin müqaviləsi yoxdur. Obyektin fəaliyyətinə ümumiyyətlə hüquqi qiymət verilməyib". 

"Hadisə zamanı qardaşıma Xəsarət yetirənlərdən biri Ümid adlı şəxs olub. Onun ifadəsi belə alınmayıb. Sübhan adlı şəxs öz ifadəsində bildirir ki, mən də dava zamanı Xaqani Quliyevə zərbələr vurdum. Onu da məhkəməyə çağıran yoxdur. Bu dediklərim saxta cinayət işinin heç 10 faizi deyil", - deyə İltimas Quliyev vurğulayıb. 

Dövlət qurumlarına 100-dən çox şikayət məktubu yazan vətəndaş deyir ki, polis və prokurorluq hadisəni törədən şəxsləri müdafiə edir: "Daha yazmaqdan yorulmuşam. Aidiyyəti qurumlara 100-dən çox məktub yazmışam. Deyirlər ki, məhkəmədə hüquqi qiymət veriləcək. Axı istintaqa çağırılmayan adamlara məhkəmə necə hüquqi qiymət verəcək? Bayaq dediyim kimi, iş 6 avqust 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsindən istintaqa qaytarıldı, amma heç bir istintaq aparılmadan sentyabr ayında iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Məhkəmə indiyə kimi ayda bir proses keçirir, sadəcə, işə başdansovdu yanaşılır".

O bildirib ki, məhkəmə prosesi də ədalətli aparılmır: "Təsəvvür edin ki, məhkəmə 23 iyun 2022-ci ildə - bir günün içində qərar qəbul etdi ki, şahidlərin məhkəməyə gəlməsinə ehtiyac yoxdur. Dərhal da sənədlərin tədqiqinə keçdi. Altı cilddən ibarət cinayət işi materiallarını hakimlər kollegiyasındakı 3 hakim vərəqlədi. Bəli, məhz vərəqlədilər. Hərəsi iki cildi vərəqlədi. Ona da sənəd tədqiqi demək olmazdı. Bəzən hansısa sənədin başlığını ucadan oxuyurdular. Sonra da məhkəmə istintaqının bitməsini elan etdilər. Dəfələrlə etiraz etsəm də, qəbul etmədilər. Məcbur qalıb müxtəlif hallarla bağlı 3 şifahi vəsatət verdim, amma vəsatətlərim təmin olunmadı. Çıxışlar sürətlə həyata keçirildi. Sonra prokuror çıxış etdi, o da qardaşıma xəsarət yetirməyən Bəxtiyar Fərəcova 9 il iş istədi. Mənə söz verdilər. Mən də çıxış üçün vaxt istədim ki, bu "ildırım sürətli" məhkəmə prosesini ləngidim. Növbəti prosesdə, yəqin ki, hökm oxunacaq".

Quliyev hesab edir ki, ağır cinayətlə bağlı aparılan proses məhkəmədən çox, məzhəkəni xatırladır. 

"Arqument.az" dəfələrlə adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsa da, heç birindən münasibət almaq mümkün olmayıb. 

Növbəti məhkəmə prosesi iyunun 30-da olacaq.