Geridönüşü olmayan kreditlərin durumu

Geridönüşü olmayan kreditlərin durumu

24-12-2017 03:59 / Bu xəbər 3593 dəfə oxundu

Cavad Cavadov
Vəkil 

Birinci instnasiya məhkəmələrində baxılan borc-kredit  işlərinin sayının 2017-ci ilin 6 ayı üzrə statistikası (İşlərin sayı azalır, lakin vəziyyət ürəkaçan deyil).

1994-cu ilin sentabrın 20-də -cü ildə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü” barədə tarixə  "Əsrin müqaviləsi” kimi düşmüş kontarkt imzalandı. 

Bu və digər kontraklar işə düşməsindən sonra Azərbaycana böyük neft pulları gəlməyə başladı. Təkcə Azəri-Çıraq-Cünəşli yataqlar bloku üzrə Dövlət Neft Fonduna 2017-ci ilin noyabr ayının 1-nədək 127.304 milyard dollar pul daxil olmuşdur. 

Həmin neft pullarının bir qismi banklar vasitəsi ilə kreditlər şəklində vətəndaşlara ötürülməyə başlandı. Neftin qiymətlərinin yüksək olması, ölkəyə daxil olan neft pulları tikinti bumu yaratmışdı və Bakı şəhərində daşınmaz əmlakın qiymətləri durmadan artırdı, qiymətlər Moskva kimi şəhərlə müqayisə olunurdu. Banklar üçün həmin dövrdə kreditlərin qaytarılması ilə bağlı problemlər ciddi hiss olunmurdu. Daşınmaz əmlak qiymətlərinin, nəqliyyat vasitələrinin qiymətlərinin yüksək olması, eyni zamanda bunlara daim tələbatın olması banklara kreditlərin problemli olduğu halda məhkəmə vasitəsi ilə rahatlıqla satılaraq borcun bağlanmasına geniş imkanlar yaradırdı. 

"Azerilight” markalı neftimiz bir bareli 2008-ci ilin iyulunda hətta 149 dollardan da baha satıldığı vaxtlarda olmuşdur. Sonradan qiymətlər stabil olaraq 100 dollardan yüksək qalırdı. Hər şey 2014-cü il dən sonra dəyişməyə başladı. Dünyada neftin qiymətlərində tədricən, sonra sürətlə enmə başladı, vaxtı ilə bir bareli 120 dollardan baha satılan neft hətta 29 dollara düşən vaxtları oldu. Problemlər bundan sonra görünməyə başladı. 

Məhkəmələrdə baxılan mülki bu qəbildən olan işlərin korrelyasiyası probemli kreditlərin yuxarıda ölkəyə gələn böyük neft pullarının "artan azalma” tepminə uyğun olaraq surətli artmağa başlamışdır.

Cədvəldəndə görünür ki, 2013-cü ildən sonra məhkəmələrdə baxılan kredit işlərinin sayında artım iki dəfəyə yaxın yüksəliş xətti ilə artır. 2013-cü ildə bu işlərin saylı  41027 (ümumi işlərin 52,3 %) təşkil edirdisə, 2016-cı ildə artıq  295 140 (ümumi işlərin sayının 83, 8%) qədər yüksəldi.

2017-ci ilin birinci yarısında əvvəlki illə müqayisədə azalma müşahidə olunsa da (78,9 %) yenədə vəziyyət ürəkaçan deyil. Ötən ildə həmin kateqoriya işlərinin sayının azalmasının bir sıra səbəbləri vardır. Bunlar əsasən:

1. Çoxsaylı bankların sürətlə müflis oldu;
2. Digər bankların kredit verilmə həcminin əhəmiyyətli dərəcədə azalması;
3. Kredit verilmə şərtləri  ciddi sərtləşdirildi (yaradılmış Mərkəzləzləşdirilmiş Kredit Reyestrinin qara siyahısına düşən şəxslərə kredit ümumiyyətlə verilmir);
4. Həmçinin ümumən iqtisadi aktivliyin səngiməsi, ölkəyə neft pullarının gəlməsinin azalması ilə bağlı olmuşdur.

Bu kateqoriyadan olan işlərin çoxluğu məhkəmələr tərəfindən digər işlərin keyfiyyətli və vaxtında baxılmasına ciddi maneə yaradır. Təsəvvür edin məhkəmələr vaxtlarının 80%-ni bu işlərə sərf edir və yerdə qalan mürəkkəb mübahisələri, hətta arzu etdikləri halda belə,  araşdırmaq və həll etmək imkanları əhəmiyyətli məhdudlaşır. Bu cür durum ölkəmizdə onsuzda nüfuzu zəif olan  ədalət mühakiməsinə ciddi mənfi təsirini göstərir. Məhkəmələrin önündə işlərin baxılma siyahısına (cədvəlinə) baxdıqda bu mənzərəni görmək olur. İşlərin əksər hissəsi banklarla vətəndaşlar arasında olan işlərdir.

Lakin əvvəlki mövqeyimi təkrarlayaraq bir daha qeyd edirəm ki, hakimlərin və məhkəmə aparatı ştatının artırılması problemin həlli deyil. Problemin həlli qanunvericilikdə dəyişiklik edilərək bu işlərin əhəmiyyətli hissəsini notariat orqanlarına baxılması aid edilməsidir. Qonşu  Rusiya Federasiyasında 29 iyun 2016-cı ildə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilmiş və notariat orqanlarına banklarla vətəndaşlar arasında bağlanmış kredit müqavilələri üzrə "icra qeydi” (tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönlməklə) vermək səlahiyyəti verilmişdir. Həmin icra qeydi məhkəmə qərarlarını icra edən (Rusiyada onlar məhkəmə pristavları adlanır) quruma təqdim olunur və məhkəmə qərarı kimi icra olunur. Beləliklə  məhkəmələr ağır yükdən azad olunurlar. 

Bu praktikanın tətbiqi ölkəmizdə mütləq nəzərdən keçirilməlidir. Azərbaycan qanunvericiliyində buna bənzər müddəalar vardır və tətbiq olunur. Belə ki, notariat qaydada bağlanan borc müqaviləsi üzrə borc qaytarılmadığı halda, məhkəmə qərarına bərabər icrası məcburi olan, icra qeydi vermək səlahiyyəti vardır. Yəni bu imkanları sadəcə qanunvericiklə daha da genişləndirmək artıq ciddi zərurətdir.

Yuxarıda əks olunan göstəricilərə əlavə olaraq maraqlı statistik rəqəmlər diqqətimi çəkdi. 2013-cü ildə icra qurumlarına 206160 icra sənədi daxil olmuşdursa 2016-cı ildə bu say 700146 olmuşdur. Məhkəmələrdə baxılan borc-kredit işlərinin artması təbii olaraq icra qurumlarında olan işlərin sayını artırıbdır. Birmənalı olaraq icra qurumlarında bu kateqoriya işlər əksər çoxluq təşkil edir. Lakin bu sayda icra sənədinin keyfiyyətli və vaxtında icra edilməsi fiziki olaraq qeyri mümkündür. 

"İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78.1. maddəsinə əsasən  İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Məhkəmə qərarı ilə tutulan borcunu ödəyə bilməyən vətəndaş üstəlik icra qurumuna 7 faiz məbləğində əlavə icra ödənişi etməlidir. Hazırki durumda bu faktiki olaraq mümkünsüz vəziyyətə çevirilib və sadəcə vətəndaşa əlavə yük yaradır. Yəni şəxs bankla anlaşmışsa sonradan icra qurumunun 7 faizinin girovuna çevrilir. Şəxsi müşahidələrimə görə icra qurumları artıq kollaps vəziyyətindədir. Bundan çıxış yolu kimi isə bankların vətəndaşlara güzəştə getməsi (borcların restrukturizasiyası), qanunvericilikdə dəyişikiklər edilməsi və ya borcların dövlət hesabına silinməsi kimi addımlar atmaq lazımdır və bunlar müsbət nəticə mütləq verəcək.