Gizli qəhrəmanım

Gizli qəhrəmanım

07-05-2022 23:41 / Bu xəbər 7973 dəfə oxundu

Günel İbrahimova

Sabah-sabah anasının səsinə oyandı:
- Kənan, quzum, durmaq istəmirsənmi? 
Kənan yerində bir qədər qurcalandı, gözlərini ovuşdurdu, göz qapaqlarını qaldırmadan  soruşdu:
- Ana, saat neçədir ki? Nə tez sabah oldu? Təzəcə yatmamışdıq?

Anası otağa gəlib Kənanın saçlarını qarışdırdı: "Dur, mənim tənbəlim, saat 7-dir. Qalx, yoxsa dərsə gecikəcəksən”, - dedi.
Sonra pəncərənin pərdəsini çəkdi, üst pəncərəni açdı, mayın ilıq nəfəsi  içəri doldu. Quşların cəh-cəhi sanki sırma-sırma, tel-tel sıralanıb nəğmə ahənginə bürünmüşdü.

Günəşin  nazlı şəfəqləri gülümsəyərək sakitcə pəncərədən içəri süzülüb Kənanın boynuna sarıldı, üz-gözünə sığal çəkdi. Kənan qamaşan gözlərini bərk-bərk yumdu, adyalı başına kimi çəkdi, adəti üzrə şikayətə başladı:
- Ay Allah, səhərin şirin yuxusundan oyanıb, rahat yatağını qoyub dərsə getmək qədər əzablı nə var, görəsən, bu dünyada? 
O, adyalın altından anasına səsləndi:
-Ana, axı mən nə zaman canımı qurtaracam bu məktəbdən? Oxuduğum bəsdi, bəlkə, atam gələndə danışım onunla, sən də mənə qahmar çıx, daha getməyim məktəbə?!
Ana kefini pozmadan:
- Oldu, Kənan paşa! Başqa arzun, istəyin yoxdu ki? 9 ildir ki, hər səhər eyni şikayət, eyni deyingənlik... Yorulmadınmı, tənbəlim?
Kənan narazı səslə:
- Bax, ana, bunu özün dedin haaaa, mən yox... 9 ildir ki, şikayətimə baxılmır, haqsızlığa uğrayıram, amma "dünya birliyi hələ də bu haqsızlığa göz yumur”. O bir az da qıvrılaraq gülümsədi. Deyəsən, ana da yorulmuşdu eyni mənzərənin şahidi olmaqdan. 

Ana Kənanın sözlərinə xeyli güldü, saçlarını hördürmək üçün yanına gələn balaca Ayan da anasına qoşuldu:
- Ana, qaqaş niyə belədir eee? Həmişə şikayətçidir, heç nəylə razılaşmır. Həm də maraqlıdır ee qardaşım... Məktəbə getməyim deyir, amma bütün dərslərdən əla qiymət alır. Dərs əlaçısıdır. Bu necə olur, anlamıram?!
- Qızım, elədir dəə qardaşın. Neyləmək olar? Əsas odur ki, ağıllıdır, ürəyi gözəldir, mərhəmətlidir. Qayğıkeş, sevgi doludur. 
- Elədir, anacan. Amma mən məktəbi, dərsə getməyi çox sevirəm, qardaşımdan fərqli olaraq. Hə, qardaşımı da çox sevirəm, həm də çox- çox, - deyə Ayan gülümsədi.

Az sonra şikayətçi Kənandan əsər-əlamət qalmadı. Bayaqkı şikayətçi Kənanın yerinə mülayim, gülərüz, dərsə tələsən Kənan gəldi. Ayaqqabılarını geyinib qapıdan çıxanda anaları ilə görüşdülər, Kənan bacısının çantasını da özü götürdü. 
Kənangilə birinci dərs Azərbaycan dili idi. Gülər müəllimə sinfə tək gəlmədi, məktəbin direktoru və təlim-tərbiyə işi üzrə təşkilatçı da onunla birgə sinfə daxil oldu. Müəllim dedi ki, inşa müsabiqəsi olacaq. IX-XI siniflər üzrə məktəblərarası keçirilən bu yarışda qalib məktəbimizi təmsil edəcək. 
Məktəbin direktoru əlavə etdi:
- Qalib şagirdə mənim də bir sürprizim olacaq. 

Şagirdlər çox sevindilər. Müəllimə xeyli suallar verildi, Kənan isə həmişə olduğu kimi bir az laqeyd və sakit halda, əlini çənəsinin altına qoyub, sadəcə, dinləyirdi. 
Müəllim lövhədə ayın tarixini qeyd etdi və üzünü uşaqlara tutdu:
- Uşaqlar, inşamızın mövzusu "Gizli qəhramanım” olacaq. Hər kəs öz idealı, qəhrəman hesab etdiyi kəs haqqında yazmalıdır. Kimi qəhramanınız hesab edirsiniz, niyə qəhrəman olduğunu düşünürsüz, sizcə, qəhrəman necə olmalıdır? Yenə kimə nə aydın deyilsə, soruşa bilər.
  
Hamı yazmağa başladı. Kənansa başını aşağı salıb fikrə getdi. O, indi düşünürdü:
- "Gizli Qəhrəmanım..." O kimdir? Hardan başlayım? Necə yazım? Hansı bir qəhramanlığından danışım sizə? Hansı sözləri, cümlələri seçim ki, onu sizə tam tanıda bilim? Ən yaxşısı budur ki, lap elə əvvədən başlayım. Onun seçdiyi həyatdan...

Sanki bir sehr gözləyirdi və qəfil onu ağuşuna alan düşüncə sehrindən ayılıb yazmağa başladı: 

"İnstitutu yenicə bitirmişdi Ağgül. Atası diplomunu alan günü səbrsizliklə gözləyirdi. Özü də elə-belə diplom da yox haaaa, "Qırmizi diplom". Sadə bir ailədə böyümüşdü: atası usta, anası dərzi idi. Ailədə üç uşaq idilər. Ağgül ən balacası, ərköyünü idi ailənin. Oğlan kimi böyütmüşdü atası onu. Xətrinə də dəyməzdi. Şıltaq Ağgül indi "Qırmızı diplom"lu bir gənc idi. Hətta imtahan verib uğurla keçdiyi üçün işə də qəbul olmuşdu. İki həftə sonra Ağgül zəhmətinin bəhrəsini görəcək, bankda işə başlayacaqdı. Axşam qonaqları gəldi. Sıradan yox, bu qonaqlar xeyir bir iş üçün gəlmişdi Ağgülgilin qapısına. Ağgül artıq neçənci dəfə idi ki, bu insanları "yox” cavabı ilə yola salsa da, onlar israr edirdilər. Çünki ailənin oğlu hərbçi idi, bir həftəlik izn alıb gəlmişdi. Ağgülü ailə görmüş olsa da, oğulları şəkildən görüb bəyənmişdi. Artıq böyüklər məsləhət etdi ki, bu işə bir son verilməlidir. Ağgül oğlanı görməyə razılıq verdi. Ağgülün fikri bu idi ki, bütün çatışmayan yanlarını oğlana deyəcək, oğlan da ondan vaz keçəcək.

Görüş qısa oldu. Salamdan sonra Ağgül xasiyyətindəki bütün çatışmazlıqları bir az daha şişirdilmiş şəkildə oğlana sadalamağa başladı, amma oğlan susub sonacan dinlədi. Ağgül həyəcanla: "Oldu, xanım, bizimki baş tutmaz”, - cavabını gözləyərkən:
- Sözünüzü bitirdinizsə, bir kəlmə də mən deyim?!
- Buyurun.
- Mənə elə məhz sizin kimi bir xanım lazımdır. Bir hərbçinin xanımı ancaq sizin kimi olarsa, o hərbçi işə rahat gedib gələr. 
Tək bir cümlə... Bu cümlə onların taleyini həll etmişdi.

Hər kəs Ağgülə deyirdi ki, bax, yaxşı düşün, hərbçi xanımı olmaq asan deyil. Şərəflidir, amma o qədər də çətindir. Bacaracaqsanmı? Sən həssas, duyğusal birisən. Yaxşı düşün. Ağgül əmin olduğunu söyləmişdi. Ailə olduqdan sonra əsl gerçək həyatı qəbullanmaq, o çətinliklərə öyrəşmək asan olmasa da, artıq Ağgül üçün hər şey bitmişdi.

Təzə ailə qurmuş xanım, evindən, ailəsindən, elindən-obasından uzaq düşməyin dərdinə alışsın, yoxsa üzünü düz-əməlli görə bilmədiyi həyat yoldaşının həsrətinəmi? Gecələr gah qorxu, həyəcan, gah da həsrətin ağırlığından o qədər yuxusuz sabahlamışdı ki, sayını da itirmişdi. Evlərin şəraitsizliyi, çatışmayanların çoxluğu, çətinlikləri bir yana, toya qədər üzünü cəmi bir neçə dəfə gördüyü, xasiyyətinə tam bələd olmadığı, üstəlik, hərbçi dəqiqliyi ilə həyata vərdiş olan, V sinifdən Naxçıvanski adına hərbi məktəbdə oxumaq üçün ailəsindən uzaq düşən, ailə cavabdehiyini tam anlamağa çətinlik çəkən birinin həyatında özünə yer etməyin məsuliyyəti Ağgülün həm psixologiyasında iz qoyur, həm də duyğusal, sevgi dolu qızın xəyallarını, ümidlərini qırırdı. Yoldaşından diqqət, sevgi, insanlıq barədə heç bir şikayəti olmasa da, hələ ki iki yad, bir-birinə öyrəşməyə çalışan  insanlar kimi həyat sürməkdə idilər.

Günün birində övladları olacağı xəbəri ilə hər kəsi sevindirdilər. 9 ayı nə ümidlərlə, xəyallarla başa vurdular. Doğulacaq qızları üçün səbrsizliklə, həvəslə bütün hazırlıqları tamamlamışdılar. Amma bu sevinc uzun sürmədi, sevincləri ürəklərində, gözlərində qaldı. Övladları doğulandan az sonra həyatla vidalaşdı, cənnət mələyi oldu. Həyatları zindan oldu. Ağgül də, yoldaşı da həyata küsdülər. İkisi üçün də sanki həyatın günəşi söndü. Çəkdikləri bütün əziyyətlər, çətinliklər sanki indi puç olmuş kimiydi. Ağgül acısını ürəyinə basdırıb qaynı üçün elçiliyə getdi, bir neçə ay sonra toy çaldırdılar... Amma həyatın bəxş etdiyi xoşbəxt anların əks üzü də varmış. Bir adama dərd gələndə batmanla gəlirmiş. 

Ağgülgildən də yan keçmədi bu. Atası sağalmaz xəstəliyə tutuldu. Övladları ilə nəfəs alan ata övladlarını, əzizlərini tanımaz hala gəldi. Dərd üstə dərd ələndi. Amma bütün ağırlığına baxmayaraq həyat öz axarı ilə gedir. Acı ilə şirin bir birini əvəzləyir. Bir müddət sonra sanki Allah-taala Ağgülün acılarını ovundurm üçün ona bir oğul payı bəxş etdi. Bu dəfə övladlarını sağ – salamat qucalarına alana qədər çox əziyyət, qorxu, həyəcan yaşadılar. Oğulları ilə həyata tutundular. Yoldaşı işdə olduğu gecələr, həftələrlə evdə olmayanda Ağgül oğlu ilə başını qatdı. Onunla gecələrini sabah, sabahlarını axşam etdi. Övladının ən gözəl günlərini atası işdə, dağda, təlimdə olduğu üçün telefonlarda, videolarda, şəkillərdə izlədi. Qohumlarının, əzizlərinin xoş günlərini videolarda gördülər, bayramlarda zənglərə sarılıb beləcə bayramlaşdılar. Asan həyat yaşamadılar. 

Aygülün ikinci övladı, qızı dünyaya gələndə yoldaşı yenə də xidmətdə idi. Ailəsindən uzaq, səngərlərdə, həftələrlə evindən , ailəsindən xəbərsiz, hər anı şəhid xəbəri ilə qulaqlar telefon zənglərində, gözlər televizor xəbərlərində olan bir zamanlar bir-birini əvəzlədi. 44 günlük zəfər tarixi yazılan məqamlar idi. Həmin günlərdə Ağgülün ərinin neçə iş yoldaşı, tələbə yoldaşının şəhid xəbəri ilə sarsılmışdılar deyə Aygül gecə-gündüz telefonun səsini bağlamır, hər zəngdə yoldaşının səsini duyana kimi həyəcandan, qorxudan ürəyi ağzına gəlirdi. Şükür olsun ki, o çətin və qürurlu günlərin də çətinliklərini geridə qoymuşdular. 

Az şey yaşamamışdılar ki... Tək öz ailələrinin yox, ətraflarında olan, ünsiyyət qurduqları, münasibətləri olan yoldaşların başlarına gələnlər də ömürlərində az iz qoymamışdı. Cavan halda dünyasını dəyişib körpələrini anasız qoyan, atası dünyasını dəyişsə də, onun dəfninə yox, soyuq məzarına gedib çatanların üsyanı, acısı, əri şəhid olanların fəryadı, övlad həsrətlilərin övladına qovuşarkən həyatı yarım qalanların kədəri, təəssüfü, xəstə övladını həkimlərə apara bilməyib iş yoldaşlarına möhtac qalanların çarəsizliyi, ürəyə basdırılan istəklər, gözdə qalan arzuların məhvi həyatlarında sanki möhür idi...

Hə, bu hələ harasıdır ki?! Bunlar azmış kimi bir də ən əsas məqam vardı: hərbçi yoldaşı olmaq məsuliyyəti. Bir hərbçinin həyat yoldaşı olmağın məsuliyyəti nə qədər ağır, çətin, məsuliyyətlidir bilirsinizmi? Ailənə, isti yatağına, dadlı ev yeməklərinə, doğmalarının səsinə, üzünə həsrət qalmaq, düşmənlə üz-üzə durmaq, hər dəfə evini, ailəni tərk edəndə, bəlkə də, son dəfə görəcəkmiş kimi onları Allaha əmanət edib çıxmaq, dağlarda, dərələrdə təlimlərdə olarkən  ailəndən, övladlarından həftələrlə xəbərsiz olmaq, ayaqlarının ayaqqabıdan çıxmadan bişməsi, rəhmətə gedənin olanda son nəfəsinə çatmayıb soyuq məzar daşından göz yaşları ilə üzrxahlıq etməyin nə demək olduğunu kimsə bilmir... 

Övladının ilk addımını, ilk ata, ana deyişinin sevincinin, səni gözləməkdən yorulub doğum günü tortunu atasız kəsib, atası gələnə kimi küsüb yatmağın acısının, ailənə axşam üçün söz verib evə çatmağa az qalmış bir telefon zəngi ilə işə qayıtmalı olub verdiyin sözü tuta bilmədiyin üçün vicdan əzabıyla baş-başa qalmağın, hər görüşdən sonra ata-ananla vidalaşıb ayrılarkən "ya bir də gələndə sağ görə bilməsəm?” qorxusunun içini gəmirməsinin, hər kəs isti yatağında şirin-şirin yatarkən soyuq səngərdə donmuş əllərini ilıq nəfəsinlə isitməyə çalışmağın, ulduzları sayıb, xəyallar qurub, ümidlərinin puç olmasının nə demək olduğunu kimsə bilmir... 

Bu hərbçilərin kənardan mükəmməl, möhtəşəm görünən həyatlarının acı gerçəklərinin bir azına tutduğum güzgüdür. Onlar görünən qəhrəmanlardır. Əsas onların bütün bu çətinliklərində yanlarında olan, acılarını, problemlərini paylaşan, ömürlərinə tən olan həyat yoldaşlarıdır. Gizli qəhramanlar olan həyat yoldaşları. Niyə gizli qəhrəmanlar deyirəm? Çünki onlar aysberqin görünməyən tərəfidir. Gözlə görünməyən, böyük həyat tarixi yazan gizli qəhrəmanlar. Bu qədər əzab-əziyyəti paylaşmaqları, ortağı olmaqları bir yana, hərbçi adını, namusunu qorumaq məsuliyyəti də onların çiyinlərinin ən əsas yüküdür. Bir hərbçini ayaqda tutan, onu başıuca edən, həyatına işıq tutan, tək sevincinə yox, kədərinə də şərik olan yaxşı həyat yoldaşı - onun gizli qəhrəmanıdır. Onu yerdən-yerə vurmağa qadir, həyatını məhv edə biləcək varlıq da yenə də həyat yoldaşıdır. Hər həyat yoldaşı gizli qəhaman ola bilməz! 

Mən də ən az atam qədər bu dünyaya şanslı doğulmuşlardanam. Çünki bizim gizli qəhrəmanımız Ağgül xanım, mənim anam, bu dünyada bənzəri olmayan bir qəhrəmandır. O mənim gizli qəhramanımdır. Onun fədakarlığı, cəfakeşliyi, əziyyətləri, sevgisi dünyanın heç bir qəhrəmanı ilə müqayisə edilə biləcək bir qəhrəmanlıq deyil mənim üçün. Düşünürəm ki, əslində, sözün əsl mənasında bütün varlığını, gəncliyini, arzularını, xəyallarını, istəklərini hərbçi yarları üçün sözün əsl mənasında qurban edən bütün hərbçi yoldaşları yer üzünün əsl gizli qəhrəmanlarıdır..."

Həyətdə Tərlanın səsi eşidildi:
- Ağgül, hələ hazır deyilsiniz, əzizim, gecikəcəyik axı, taksi gözləyir.
- Tərlan, biz şəhərə yox, öncə məktəbə baş çəkməliyik, Kənanın sinif rəhbəri zəng etmişdi, onunla danışırdım. 
- Nə məsələdir? Kənan nəsə yaramazlıq edib? 
- Bilmirəm axı. Gedincə biləcəyik. 

Taksi məktəbin həyətində dayandı. Ağgüllə Tərlan həyəcanla məktəbə daxil oldular. Direktorun otağında kimsə yox idi. Dəhlizin nəzarətçisi onları akt zalına yönləndirdi. Hər ikisi zala daxil olanda valideynləri, müəllimləri, IX-XI sinif şagirdlərini zala toplanmış gördülər. Onlara əyləşməyə yer göstərdilər. 

Məktəbin direktoru qonaqları və tədbir iştrakçılarını salamlayıb sözə  başladı:    
- İki həftə əvvəl bir inşa müsabiqəsi üçün sizdən inşa yazmağı istəmişdik. Bu gün çox sevindirici xəbər almışıq. Ona görə sizi bura toplamışıq. Sözü çox uzatmayacağam. Məktəbimiz 48 məktəb arasında I yeri tutub. "Gizli qəhramanım" adlı inşanın müəllifi, məktəbimiz IX sinif şagirdi Kənan Babayev qalib elan olunub. 

Anidən qalxan alqış səsləri Tərlanla Ağgülü sanki yuxudan ayıltdı. İkisi də həyacanına son qoyub zala qoşularaq oğullarını alqışlamağa başladılar. Kənan utancaq halda həyacanla səhnəyə doğru addımlayıb, doplomu və hədiyyəni aldı. 

- Siz də yanımıza buyurun, zəhmət olmasa, "gizli qəhrəmanlar”, - deyə direktor Tərlanla Ağgülü də səhnəyə çağırdı. Onlar da söhbətin nədən getdiyini, müdirin onlara niyə belə müraciət etdiyini hələ ki anlamırdılar. Məzmundan xəbərləri olmasa da, Kənanın nə isə yaxşı iş gördüyünün fərqində idilər.
- Kənanın gizli qəhramanı, Ağgül xanım, sizsiniz. Əhsən sizin kimi ata-anaya ki belə düşüncəli, duyarlı, tərbiyəli, çalışqan övlad yetişdirmisiniz. Bizim Kənandan gözləntilərimiz çox yüksəkdir.
Aygüllə Tərlan kövrəlmişdilər. Bu mənzərəni təsvir etmək, sözlə ifadə etmək olduqca çətin idi. 
Direktor Kənana:
- Kənan bala, söz verdiyim kimi, mənim də qalibə süprizim olacaqdı. Ümid edirəm ki, bəyənəcəksən. Sənin gözəl rəsmlər çəkdiyini bildiyim üçün sərgi təşkil edəcəyik. Orada sənin əl işlərin sərgilənəcək. İnşan isə qəzetdə çap olunacaq. 
Yenə alqış səsləri...

Yolboyu alnını pəncərəyə söykəyib düşüncələrə dalmış Kənan bacısı Ayanın şən gülüşündən diksindi: 
- Qaqaş, sən mənim gizli qəhramanımsan...