Gültəkin Hacıbəyli kibercinayətə məruz qaldığını deyir
19-08-2020 00:00 / Bu xəbər 2465 dəfə oxundu
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli feysbuk səhifəsinə hayker hücumunun olduğunu deyir.
G.Hacıbəyli Toplum TV-yə açıqlamasında bildirib ki, artıq bu hal üçüncü dəfədir təkrarlanır: "Birinci və üçüncü dəfə səhifəm ümumiyyətlə silinmişdi. Bu dəfə daha çox ehtiyat tədbiri gördüyümüz və xaricdəki adminlər tərəfindən idarə edildiyi üçün səhifənin özünü oğurlaya bilməyiblər. Səhər saat dörd radələrində səhifədə redaktor funksiyasını həyata keçirən profili oğurlayıblar və izləyiciləri bloklayıb paylaşımları siliblər".
G.Hacıbəyli səhifəsində ikili qoruma olmasına baxmayaraq ona heç bir xəbərdarlıq mesajlarının gəlmədiyini deyir və bunun birbaşa kibercinayət olduğunu vurğulayır.
"Azercell" mobil operatoru ilə yanaşı internet provayderlərinin də burada iştirakı ilə bağlı ciddi şübhələrimiz var. Son günlər Belarusda baş verən hadisələrlə bağlı səhifəmdə silsilə yazılar paylaşırdım. Hakimiyyət üçün belə hadisələr ciddi təhdiddir və bütün bunlar Azərbaycanda da gec-tez yaşanacaq. Ona görə də hakimiyyət insanlara bu barədə danışmağı qadağan edir, nəzarətlərində olanlara və dialoq müxalifətinə bu barədə tapşırıqlar verirlər",- o qeyd edir.
Gültəkin Hacıbəyli ona qarşı edilən kibercinayətlə bağlı ölkədaxili atılan heç bir hüquqi addımın perspektivi olmadığını da bildirir.
Vüsalə Mikayıl












