Gömrük Komitəsi kərə yağının bahalaşmasının günahını idxalçıların üzərinə atdı

Gömrük Komitəsi kərə yağının bahalaşmasının günahını idxalçıların üzərinə atdı

05-10-2017 02:20 / Bu xəbər 2398 dəfə oxundu

Gömrükdə cəmi 4.28 ABŞ dollarına (7 manata) rəsmiləşdirilən kərə yağı dükanlarda 18 manata satılır

Bir sıra kütləvi informasiya vasitələrində ölkəyə idxal olunan kərə yağının qiymətindəki artımı gömrük orqanlarının fəaliyyəti ilə əsaslandıran məlumatlar yer alıb.  

Məlumatlarda  bildirilir ki, kərə yağının qiymətindəki artımın səbəbi gömrük vergi və rüsumlarının yüksək olması, inhisarçılığa yol verilməsi və gömrük orqanları tərəfindən bəzi sahibkarlara xüsusi imtiyazlar tanındığı halda, digərlərinə kərə yağının idxalı ilə bağlı qadağa qoyulmasıdır. 

Məsələyə Milli Məclisin deputatı Çingiz Qənizadə də qarışıb. O, bu gün Milli Məclisin sessiyasında etdiyi çıxışda ən çox istifadə olunan Ankor yağlarının qiymətinin 18 manata qalxmasının narazılıq yaratdığını bildirib. Deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacib olduğunu deyib. 

Dövlət Gömrük Komitəsi (DGK) bu quruma qarşı irəli sürülən ittihamlara cavab verib. 

Oxu.az DGK-nin Mətbuat Xidmətinə istinadən bildirir ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb: "Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə isə, ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur. Belə ki, 2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28377938.84 ABŞ dolları dəyərində 8357095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998149.22 ABŞ dolları dəyərində 8391526.17 kq yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır”.

Qeyd edilir ki, 2016-cı ildə Almaniyadan 11, Rusiyadan 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib: "Daxili bazarda formalaşan qiymətlərə gəlincə, bu məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil”.