Gömrükdə maliyyə skandalı... və generalların nüfuz savaşı...
18-01-2015 23:47 / Bu xəbər 3891 dəfə oxundu
"Trans Broker” Əbülfəz Məlikovdan alınır?..
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən «Broker» MMC (rəsmi sənədlərdə isə adı "Trans Broker” MMC kimi keçən) ilə bağlı yeni iddialar ortaya çıxıb.
Arqument.Az-a daxil olan məlumata görə, 5 minə yaxın əməkdaşı olan "Trans Broker” MMC-də ciddi maliyyə yeyintilərinin olduğu üzə çıxıb. Mənbənin gözlərinə görə, korrupsiyanın əsas mənbələrindən biri kimi tanınan bu nəhəng şirkətdə baş verən maxinasiya halları elə bir həddə çatıb ki, artıq bu problem ölkənin iqtisadi durmuna da ciddi təhlükə yaradıb. Belə ki, 2006-cı ildə yaradılan və o vaxtdan da iş adamlarının kabusuna çevrilən bu qurum gömrükdən gələn böyük maliyyə vəsaitlərinə nəzaərət etməklə yanaşı, digər bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesablara axmasını təmin edib. Burada büdcədən yayınma halları elə bir həddə çatıb ki, hətta ölkədə infilyasya və manatın devalvasiyası kimi bir iqtisadi böhranın doğurduğu ajiotajın bir ucu da "Trans Broker"ə qədər gedib çıxır.
Məlumatda bildirilir ki, hazırda bütün Gömrük sistemində "paket sistemi" ləğv olunsa da, "Trans Broker"də bu problem yaşanmayıb. Hazırda rəqibləri ilə üz-üzə qalan Məlikov "paket" sistemini saxladığı üçün yenidən hədəfə gəlib: "Əbülfəz Məlikov brokerlərin hər birinə 1000-4000 dollar arası "paket" sistemi ilə maaş verirdi. Paketlərin ləğv olunması gündəmə gələndə deyib ki, bunu saxlayacağam. Ötən ay maliyyə hesabatları ilə bağlı "paket"lərin verilməsində gecikmə yaşanıb, amma sonda Məlikov çətinliklə olsa da, bu sistemi rəhbəri olduğu MMC-də qoruyub saxlaya bilib. Bu da ona rəqib olan digər şəxslərin ciddi narazılığına səbəb olub".
Mənbə bildirir ki, birmənalı olaraq dövlət büdcəsinə keçməli olan vəsaitlərin böyük bir hissəsi "Trans Broker"də mənimsənilir. Böyük məbləğdə pulların dövr etdiyi "Broker" MMC-də gedən nüfuz savaşı isə artıq Məlikovun özünü də zərbə altında qoyub. Yəni digər gömrük generalları Məlikovun böyük bir şəbəkəyə nəzarət eməsini həzm edə bilmədikləri üçün ondan müntəzəm olaraq FHN şefinə şikayət edirlər. Son olaraq ölkə mediasında Gömrük Komitəsində mənimsənilən vəsaitlərlə bağlı məlumatların sızdırılması da təsadüfi deyilmiş. Bu, gömrükdə gedən nüfuz savaşının işartılarından xəbər verir. Mediada hallandırılan 15 milyard manat vəsaitin "müəmmalı taleyi" isə bu komromat savaşında Məlikovun vurulması üçün əsas amil hesab olunur. Yəni rəqibləri hesab edir ki, həmin məlumatlar Məlikova yaxın şəxslər tərəfindən mediaya sızdırılıb.
Bildirilir ki, bu qalmaqallardan sonra şəbəkənin bəzi sahələrinə nəzarət Məlikovdan alınıb: "Bir sözlə, rəqibləri Məlikovu bu sistemdən uzaqlaşdırmaq üçün əllərndən gələni edirlər. Ola bilsin ki, bu nüfuz savaşında təklənmiş Məlikov çox duruş gətirə bilməyəcək və "Trans Broker"lə vidalaşacaq. Hər bir halda son qərarı FHN şefi verəcək".
Bu məlumatlardan dolayı ortaya maraqlı suallar çıxır: Gömrükdə nüfuz savaşına aparan generallar kimlərdir? Bu barədə növbəti araşdırmamızda. Bizi izləyin...
Arqument.Az












