Gömrükdə daha bir generalın vəzifəsindən uzaqlaşdırıldığı bildirilir

Gömrükdə daha bir generalın vəzifəsindən uzaqlaşdırıldığı bildirilir

06-09-2022 17:41 / Bu xəbər 1080 dəfə oxundu

Kənan Məmmədova qarşı cinayət işinin açıldığı iddia olunur

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədovun vəzifəsindən azad olunduğu deyilir.

Xəbəri "qafqazinfo.az” yayıb.

Bildirilir ki, Kənan Məmmədov Gömrük Komitəsi ilə bağlı açılmış cinayət işinə cəlb olunub və barəsində cinayət işi başlanılıb.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Meydan TV-yə deyib ki, general Kənan Məmmədov müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.

O, generalın işdən uzaqlaşdırılmasının səbəbləri barədə əlavə məlumat verməyib.

İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Səfər Mehdiev Dövlət Gömrük Komitəsi sədri vəzifəsinən azad olunub.

Ondan bir gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) keçirdiyi əməliyyat nəticəsində qurumun yüksək vəzifəli şəxsləri həbs edilib.

Belə ki, DGK yanında "Azərterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov həbs olunub.

K.Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub.

2019-cu ildə ölkə başçısı İlham Əliyev onu general-mayor rütbəsi ilə təltif edib.