Gömrükdən qovulan general geri qaytarıldı

Gömrükdən qovulan general geri qaytarıldı

19-07-2022 00:55 / Bu xəbər 608 dəfə oxundu

Şahin Bağırov Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini təyin edilib.

Bu barədə Prezident İlham Əliyev iyulun 18-də sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, DGK-nin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Şahin Bağırova həvalə edilsin.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi sədrinin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki birinci müavini olacaq.

Bu, Prezident İlham Əliyevin bugünkü fərmanı ilə "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Şahin Bağırov 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycanın Aqrar Sənaye Kompleks sistemində çalışıb.

Ş.Bağırov 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb.

2003-cü ildə isə Rusiya Gömrük Akademiyasının "Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

Ş.Bağırov 2010-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2 il sonra isə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni alıb.

Bundan 4 il sonra, 2014-cü ildə Gömrük Komitə sədrinin müavini vəzifəsinə təyin olunub.

O, Səfər Mehdiyevin komitə sədri olduğu vaxt – 6 iyul 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

İyulun 16-da Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Ondan bir gün əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) keçirdiyi əməliyyat nəticəsində qurumun yüksək vəzifəli şəxsləri həbs edilib.

DGK yanında "Azərterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov həbs olunub.