13 kənd işğaldan azad olunub

13 kənd işğaldan azad olunub

23-10-2020 18:03 / Bu xəbər 1056 dəfə oxundu

Xocavənd, Qubadlı, Zəngilan və Cəbrayılın kəndləri geri alınıb

Oktyabrın 23-də Azərbaycan ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edib. 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter” hesabında məlumat paylaşıb. 

Prezident eyni zamanda, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının da bəzi kəndlərinin işğaldan azad edildiyini bildirib. Həmin kəndlər Xocavəndin Dolanar, Bünyadlı, Cəbrayılın Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilanın Vənədli və Mirzəhəsənli kəndləridir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər var. Azərbaycan son günlər 140-dan çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.