Gorus-Qafan yolunun bağlanması Ermənistan istisadiyyatını iflic edir

Gorus-Qafan yolunun bağlanması Ermənistan istisadiyyatını iflic edir

16-09-2021 16:42 / Bu xəbər 1015 dəfə oxundu

"Əgər Azərbaycan Gorus-Qafan yolunu bağlayarsa, biz əvvəllər olduğu kimi iki tərəfdən deyil, üç tərəfdən blokadaya alınacağıq, bu da Ermənistan iqtisadiyyatını iflic edəcək".

Bu fikirləri Ermənistanın "News.am" saytına müsahibəsində iqtisadçı Karlen Xaçatryan səsləndirib.

Onun sözlərinə görə, "bütün ümidlər heç də həmişə proqnozlaşdırılan kimi davranış sərgiləməyən Gürcüstandan" keçən yola qalacaq. Ekspert İranla yolun bağlanması müqabilində Türkiyə ilə sərhədlərin açılması ideyasını perspektivsiz sayır.

"Türkiyə-Azərbaycan tandeminə qarşı olaraq İranla biz ümumi geopolitik maraqlar güdürük. Mənim fikrimcə, indiki Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyəni təhlükə kimi görmür. Əksinə, onlar cəmiyyəti inandırmağa çalışırlar ki, nəinki dinc yanaşı yaşamaq, hətta iqtisadi əməkdaşlıq etmək mümkündür”, - Xaçatryan əlavə edib.

Karlen Xaçatryan bildirib ki, Gorus-Qafan yolundakı indiki vəziyyət yükdaşımaların bahalaşacağı və İrandan gələn malların qiymətinin artacağı səbəbindən Ermənistan iqtisadiyyatı üçün ciddi problem yaradır.

"Biz dərk etməliyik ki, söhbət təkcə İran istehsalı olan məhsullardan getmir. Bu gün Ermənistana idxal üçün iki dəniz yolu var – Gürcüstanın Poti və İranın Bender-Abbas limanları. Asiyadan idxal zamanı İran limanına üstünlük verilir. Azərbaycanın hərəkətləri nəticəsində Gürcüstan istiqamətinə alternativ aradan qalxır, çünki bu yolla daşınmalar da bahalaşacaq. Bu, oradan gətirilən məhsulların defisitinə və qiymət artımına səbəb ola bilər. Digər tərəfdən, bir sıra səbəblər (hava, siyasi və başqa) üzündən bəzən Gürcüstan istiqamətindən fasiləsiz təchizatı təmin etmək olmur”, - ekspert söyləyib.