Gürcüstan Azərbaycandan dizel idxal etməyəcək

Gürcüstan Azərbaycandan dizel idxal etməyəcək

06-08-2019 00:53 / Bu xəbər 1115 dəfə oxundu

Gürcüstan dizel yanacağı Rusiyadan alacaq. 

"Turan"-ın məlumatına görə, qərar bir neçə gün əvvəl gürcü Neft İdxalçıların Birliyi tərəfindən təşkil olunmuş seminarda elan olunub.

Səbəb kimi 2020-ci ilin yanvarın 1-dən Gürcüstanda "Avro-4" standartlı dizel yanacağına qadağa qoyulması göstərilir. Həmin tarixdən ölkədə yalnız "Avro-5" standartına cavab verən dizel yanacağından istifadə ediləcək.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov 2020-ci ildən Gürcüstanın Azərbaycandan dizel yanacağın idxalın dayandırılması barədə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycandan dizel yanacağının idxalı Gürcüstan hökümətinin qərarı əsasında dayandırılacaq.

"Qeyd edim ki, Azərbaycan tərəfi özü də hələ əvvəlki illərdə dizelin ixracını əhəmiyyətli dərəcədə azaldıb. Bu isə daxili bazarımızda son illərdə müşahidə olunan ciddi tələbat artımı ilə bağlıdır."

Əhmədov vurğulayıb ki, hazırda SOCAR Gürcüstan ilə yanaşı bir çox digər ölkələrə də, əsasən Aralıq dənizinin hövzəsinə neft məhsulları və dizel yanacağını ixrac edir.

"Mövcud satış şəbəkəmizdən istifadə edərək, biz gələcəkdə sərbəst qalan dizel həcmlərini həmin bazarlara yönləndirməyi və oradakı iştirakımızı artırmağı planlaşdırırıq."

Sonda SOCAR-ın sözçüsü qeyd edib ki, ötən illərin təcrübəsi artıq göstərib ki, həmin bazarlara dizel məhsulunun daha böyük həcmlərdə çıxarılması üçün yetərli potensial mövcuddur.

Xatırladaq ki, hazırda Gürcüstan dizel yanacağını ən böyük həcmdə Azərbaycandan idxal edir. Azərbaycandan idxal edilən neft məhsulları rus məhsullardan 15 tetri ucuzdur.