Gürcüstan prezidenti Əfqan Muxtarlıdan danışdı

Gürcüstan prezidenti Əfqan Muxtarlıdan danışdı

31-05-2017 20:57 / Bu xəbər 2256 dəfə oxundu

"İnsan oğurluğu ölkənin möhkəmliyi, suverenliyi üçün problemdir”

Gürcüstan prezidenti Giorgi Margvelashvili jurnalist Əfqan Muxtarlı ilə bağlı açıqlama verib. 

O, interpressnews.ge saytına naməlum şəkildə adam oğurluğunun Gürcüstanın suverenliyi və dövlətçilik üçün ciddi təhlükə olduğunu deyib: 

"Hüquqşünasların açıqlaması bizim üçün ağırdır. Əvvəla, biz hamımız anlamalıyıq ki, Gürcüstan bölgədə medianın və insan haqlarının qorunmasında lider dövlətdir. Bu, bizim suverenliyimizin və dövlətçiliyimizin bir parçasıdır. İnsan oğurluğu isə ölkənin möhkəmliyi, suverenliyi üçün ciddi problemdir”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.

Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.

"Cinayət Məcəlləsinin 315.2, 318.1 və 206.1 maddələri ilə ittiham edilir. Yəni, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq”, - deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.

Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.