“Görünür, hakimiyyət indi də “Fransa casusu” axtarışına çıxıb”
22-01-2025 15:16 / Bu xəbər 80 dəfə oxundu
Jurnalistlər baş verənlərə görə Azərbaycan hakimiyyətindən şübhələnirlər
Son günlər Azərbaycanda müstəqil jurnalistlərə müxtəlif şəbəkələr vasitəsilə xarici medialardan "iş təklifləri” gəlir.
Fransanın bir neçə media orqanı, əsasən də, "Le Monde” qəzetinin əməkdaşları kimi özünü təqdim edən şəxslər azərbaycanlı jurnalistlərdən bütün əlaqə vasitələrini istəyirlər.
Jurnalistlərə xarici media adından müraciət edən şəxslər onlara müxtəlif linklər, müqavilə imzalamaq üçün mobil tətbiq və proqramlar da göndəriblər, hətta bəzilərindən bank hesabları da soruşulub.
Bu proqramların isə daha çox telefon və kompüter məlumatlarını əldə etmək üçün istifadə edildiyi güman edilir.
Artıq bir neçə jurnalistə Fransa mediası adından iş təklif edilib, yalnız iki jurnalist – Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanov) bu məsələni sosial mediada paylaşıb.
Hər iki jurnalist təkliflə bağlı şübhələrini dilə gətirib və bu işdə kibercinayətkarlıq faktı olduğunu yazıb.
Nurlan Libre
"Kibercinayətkar şəbəkə müstəqil jurnalistlərə Fransa mətbuatı adından yazıb "iş” təklif edirlər. Dünən mənə özünü Fransanın "Le Monde” qəzetinin əməkdaşı kimi qələmə vermiş şəxs iş təklifi etmək üçün yazıb, brifinq verdi. Sözügedən şəxsin rəsmi emaildən yazmamağı mənə şübhəli gəldi və mən də komunikasiyaya davam etdim. Paralel olaraq yaxın jurnalist həmkarlarımla əlaqə yaratdım, onlar da mənə bir neçə jurnalistə eyni məzmunlu müxtəlif fransız mətbuat orqanları adından iş təklifi aldıqlarını bildirdilər. Çalışın cinayətdən və cinayətkarlıqdan uzaq olun”, – Nurlan Libre yanvarın 16-da yazdığı statusda qeyd edib.
Jurnalist Fatimə Mövlamlı isə deyir ki, ona təklif Fransanın "Ouets-France” qəzetinin adından gəlib.
Fatimə Mövlamlı
O, sosial şəbəkədə yazdığı statusuda təklifi "təzə fırıldaq” adlandırıb: "Bu gün səhər (16 yanvar) Fransanın "Ouets-France” qəzetinin jurnalisti Garance Haméon adından email aldım. Maildə fəaliyyətimi yaxından izlədiklərini və mənimlə əməkdaşlıq etmək istədiklərini deyirdilər. Hətta işə başlamaq üçün mövzu təkliflərini belə yazmışdılar”.
Jurnalist deyir ki, yazışma əvvəldən ona şübhəli göründüyündən araşdırmağa başlayıb: "Yazışma əvvəldən şübhəli idi. Qeyri-rəsmi emaildən iş təklifi etməyin absurdluğu bir kənara qalsın, mənə yazdıqları həmin email ünvanımı da heç kimlə paylaşmamışdım. Yəni bu ünvanı necə tapa bilərdilər? Mən də "Ouest-France”nin rəsmi email ünvanına yazıb, bu təklifdən xəbərdar olub-olmadıqlarını soruşdum. Bunu "saxta” Garanceyə də dedim. O da təsdiq prosesini sürətləndirəcəyini bildirdi və bir neçə dəqiqə sonra təsdiq mesajı gəldi. Amma mən yazdığım rəsmi email ünvanından yox, onunla adbənzərliyi olan başqa bir emaildən”.
Fatimə Mövlamlı qeyd edib ki, eyni təklif digər jurnalistlərə də gəlib: "Mövzunu bir neçə həmkarımla da bölüşdüm. Məlum oldu ki, son günlər bir neçə müstəqil jurnalistə Fransanın ayrı-ayrı mətbuat orqanlarından, eləcə də "Ouets-France” və "Le Monde” qəzetlərindən iş təklifi gəlib. Qısası, ortada saxtakarlıq faktı olduğu aydınlaşdı, mən də heç nə demədən bütün hesabları blokladım”.
"Outes-France”dən hansı cavab gəlib?
Jurnalist deyir ki, məsələ ilə bağlı "X” platformasında "Ouets-France”nin əməkdaşlarından biri ilə əlaqə saxlayıb: "”X” platformasında "Outes-France”nin jurnalistlərindən birinə yazdım və o da dərhal həqiqi Garance Haméonla əlaqə saxlayıb, məsələni ona da danışdı. Garancenin cavabı məni təəccübləndirmədi – o, mənimlə, ümumiyyətlə, əlaqə saxlamayıb”.
Fatimə Mövlamlının yazışması
O baş verənlərdə Azərbaycan hakimiyyətinin əlinin olduğunu deyir: "Şəxsən mənim bir qram da şübhəm yoxdur ki, bu kələyin arxasında bizim hökumət dayanır. Yəqin, içimizdən kimisə "Fransa casusu” elan etmək istəyirmişlər”.
"Yalnız tənqidçi jurnalistlərə qarşı edilirsə, deməli, onların şübhələnməsi də əsassız deyil”
Media Huququ İnstitutunun (MHİ) rəhbəri, hüquqşünas Rəşid Hacılı deyir ki, belə dələduzluq halları bütün dünyada yayğın hal alıb: "Əvvəla, belə əməkdaşlıq təklifi olmur. Məsələn, jurnalistə iş təklifi edən bir media orqanı öncə müqavilə bağlamalıdır. Bəs niyə bank hesabı istəyir? Ümumiyyətlə, belə fırıldaq və dələzduzluq halları çox geniş yayılıb. Əgər bank hesabı da istəyirlərsə, demək, adi dələduzlar da pul əldə etmək üçün nəyəsə cəhd edə bilərlər. Çünki bilirlər ki, ölkədəki müstəqil jurnalistlərin işlə bağlı ehtiyacları var”.
Rəşid Hacılı
Hüquqşünas hansısa strukturların müstəqil jurnalistlərin məlumatlarını əldə etmək üçün belə addımlar ata biləcəklərini də istisna etmir: "Bu şübhələr də əsaslı ola bilər. Məsələn, hansısa strukturlar maraqlıdırlar ki, məlumatları əldə edib jurnalistlərə qarşı qarayaxma kampaniyası aparsınlar. Yəni bu da mümkündür. Belə məsələləri araşdırmaq bir qədər çətindir. Bəlkə, hökumət qurumlarında texniki imkanlar mümkündür. Əgər bəlli olsa ki, bu, ölkədən kənardan qaynaqlanır, hökumət nəsə tapa bilər. Amma daxildəki strukturlardan qaynaqlanırsa, təbii ki, bunu araşdırmayacaqlar. Bir sözlə, bu kimi dələduzluq halları dünyada geniş yayılıb, hətta Fransada da var. Amma bu, Azərbaycanda yalnız tənqidçi jurnalistlərə qarşı edilirsə, deməli, onların hökumətdən şübhələnməsi də əsassız deyil”.
"Bu o deməkdir ki, həmin jurnalistlər hədəfdədirlər”
"AbzasMedia”nın hazırkı baş redaktoru, araşdırmaçı jurnalist Leyla Mustafayeva da bu məsələdə Azərbaycanın hüquq-mühafizə orqanlarının əlinin olduğunu ehtimal edir: "Bu mesajlar əsasən də, fransız və ingilis dilində göndərilir. Şübhəsiz ki, hüquq-mühafizə orqanları bu vasitələrlə müstəqil jurnalistlərin fəaliyyətinə müdaxilə edib onları nəzarətdə saxlamağa çalışırlar. Burada bir neçə səbəb ola bilər. Birincisi, odur ki, demək, bu jurnalistlər hədəfdədirlər. Onlara həm də bunun mesajını verirlər ki, fəaliyyətiniz təftiş edilir. İkincisi, daha çox məlumat əldə etmək istəyirlər ki, görək, hansı media orqanları ilə əməkdaşlıq edir, hansı informasiyaları istehsal edirlər”.
Leyla Mustafayeva
Leyla Mustafayeva bu müdaxilələri gələcəkdə yeni təzyiq və həbslərin mesajı kimi də qiymətləndirir: "Adətən, hakimiyyət öncə onlayn təzyiqlər və müdaxilələr edir. Repressiyalar öncə onlayn başlayır. Yəni üçüncü səbəb də odur ki, yeni casus şəbəkəsi, xarici agent propoqandası üçün zəmin hazırlayırlar. Əgər kimsə belə yazışmalarda əməkdaşlıq üçün razılıq versə, gələcəkdə bunu paylaşıb, həqiqətdən də, saxta kampaniya qura və həmin jurnalistlərin həbsi üçün "saxta” əsaslar düzəldə bilərlər. Ümumilikdə, bu, Azərbaycan hakimiyyətinin, hüquq mühafizə orqanlarının müstəqil mediaya təzyiqlərinin davamdır. Təcrübə göstərir ki, belə hallar gələcəkdə həbslərlə də nəticələnə bilir”.