Günəhir məktəbliləri bu il də qəzalı məktəbdə oxuyacaqlar
26-09-2024 16:17 / Bu xəbər 659 dəfə oxundu
Sinif otaqlarında taxta çürüdüyündən deşiklər yaranıb
Lənkəranın Günəhir kənd orta məktəbi builki tədris mövsümündə də təmir edilməyib. Məktəb binası qəzalı vəziyyətdədir, taxta döşəmə çürüyüb, divarlar nəmişlikdən qaralıb. Kənd sakinləri deyirlər ki, taxta döşəmədə yaranan iri deşikləri dəmir parçaları ilə qapatmağa çalışıblar, amma yenə də taxta çürüdüyündən deşiklər əmələ gəlir. Hətta şagirdlər bir az ehtiyatsız davransalar, ayaqları döşəmə arasında qala bilər.
Kənd sakini Mahir Cəfərov Meydan TV-yə bildirib ki, sinif otağındakı divarlarda çatları, qaraları örtmək üçün kağız yapışdırılıb. Otaqlar yaxşı işıqlandırılmır: "Tədris mövsümü boyu demək olar ki, havalar soyuq olur. Pəncərə, qapı, döşəmə və tavan deşik-deşik olduğundan otaqları odun sobası ilə qızdırmaq mümkün olmur. Uşaqlar payızın ilk günlərindən sinifdə üst geyimi ilə otururlar”,- sakin deyib.
Valideynlərin sözlərinə görə, Günəhirə ən yaxın qonşu kəndin məktəbi kilometrlərlə uzaqda yerləşir. Buna görə də uşaqları qəzalı məktəbə göndərmək məcburiyyətində qalırlar.
"Kənd məktəbi elə görkəmdədir ki, Azərbaycanda ikinci belə bir məktəb olmadığına and içə bilərlər”, – valideynlərdən biri deyib.
Günəhir Lənkəranın ucqar dağ kəndlərindən biridir. Kənd meşəlik ərazisində yerləşsə də, sakinlər evlərini qızdırmağa odun almaqda çətinlik çəkirlər. Cəfərovun sözlərinə görə, problemlər səbəbindən doğmalarını qoyub rayon mərkəzinə köçüb. Kənddə əksəriyyətin odun almağa gücü çatmır.
Sakinlər deyiblər ki, kənddə yalnız bir məktəb var.
Kənd bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, Günəhirin mindən çox sakini var. Məktəblilərin sayı isə yüzü keçib.
Uzun illərdir təmir olunmayan məktəb binası qışda odunla qızdırılır.
Hazırda məktəbdə tədris davam edir.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə bildiriblər ki, məktəbin vəziyyətindən xəbərdardılar, məktəb binasının təmiri nəzərdə tutulub. Ancaq nə vaxt təmirə dayandırılacağı barədə məlumat verilməyib. İdarənin tabeliyində 554 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.