"Gürcü Arzusu" müxalifətlə sazişin yeni variantını imzalayacaq
19-04-2021 18:15 / Bu xəbər 1565 dəfə oxundu
Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası müxalifətə güzəştə getməyə və sazişin yeni variantını imzalamağa hazır olduğunu bəyan edib.
"Sputnik Gürcüstan"ın aprelin 19-da verdiyi məlumata görə, bu barədə Gürcüstan parlamentinin spikeri Arçik Talakvadze açıqlamasında deyib.
"Komandamızda bu məsələni müzakirə etdik, biz Avropa İttifaqının təklif etdiyi sənədi imzalamaq üçün ilkin hazırlığı görmüşük".
Bununla belə o qeyd edib ki, hökumət bu addımı beynəlxalq partnyorların 2020-ci ildəki seçkilərin ədalətli və demokratik prinsiplərə riayət olunmaqla keçirildiyini növbəti dəfə təsdiq etdikləri təqdirdə atacaq.
"Necə ki, bu, ATƏT və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında əks olunub", - Talakvadze vurğulayıb.
Avropa Şurası rəhbəri Şarlz Mişelin vasitəçiliyi ilə hazırlanan sənədin yeni versiyası üç müddəadan ibarətdir. Ancaq onların ikisinə əsaslı dəyişikliklər edilib. Bu dəyişikliklərdə növbədənkənar seçkilərin keçirilməsi, həmçinin siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması nəzərdə tutulur.
Qərara görə, əgər 2021-ci ilin oktyabrında yerli idarəçilik orqanlarına keçiriləcək seçkilər zamanı "Gürcü Arzusu" proporsional sistem üzrə 43%-dən az səs toplasa, 2022-ci idə növbədənkənar seçkilər təyin ediləcək.
Bu gün həmçinin Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətçi Giorgi Ruruanı əfv etməyə hazır olduğunu açıqlayıb. Amma o bunun üçün şərt irəli sürüb.
Prezident deyib ki, Giorgi Rurua yalnız iqtidar və müxalifət arasında siyasi böhranın aradan qaldırılması ilə bağlı razılışmanın əldə olunmasından sonra azadlığa buraxıla bilər.
Gürcüstanın müxalif "Mtavari arxi” telekanalının təsisçilərindən biri, biznesmen Rurua 2019-cu ilin noyabrında odlu silahın qanunsuz əldə olunması və saxlanılması faktı ilə bağlı həbs olunub.
O, ötən ilin iyulunda 4 il müddətinə azadlıqdan məhrum edilib. Gürcüstan müxalifəti G.Ruruanı siyasi məhbus adlandırıb və onun azadlığa buraxılmasını tələb edir.












