Gürcüstanda azərbaycanlılar yaşayan kənddə qarşıdurma: xüsusi təyinatlılar yeridildi

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə qarşıdurma: xüsusi təyinatlılar yeridildi

31-12-2024 16:28 / Bu xəbər 252 dəfə oxundu

Polis qəzanı törətmiş şəxsi saxladığını deyir 

Dekabrın 30-u Gürcüstanın Bolnisi rayon Naxiduri (Arıxlı) kəndi ərazisində avtomobil 15 yaşlı iki yeniyetməni vurub. 

Hadisə nəticəsində Elçin Binnətov və Sinan Şərifov ölüb.

Hadisə yerinə gələn polislə sakinlər arasında qarşıdurma yaşanıb. 

Buna səbəb vurulan gənclər əvəzinə, hadisəni törədən şəxsi təcili tibbi yardım vasitəsilə ərazidən çıxarmağa cəhd ediblər. 

Kənd sakinləri "24news.ge"yə bildiriblər ki, sürücü sərxoş olub və qəza baş verəndən sonra maşından düşərək ətrafdakı insanlara yaxşı etdiyini, daha sonra isə "ana söyüşü" söyərək insanların hiddətinə səbəb olub. 

"Aktual.ge"nin məlumatına görə, sərxoş sürücü daha sonra hadisə yerindən qaçmağa cəhd etsə də, buna yerindəcə nail ola bilməyib. 

Hadisə yerinə çox sayda yerli sakin toplaşıb və onun qaçmasına icazə verməyib. 

Bildirilir ki, sürücü yerli sakinlərin üzərinə bıçaq çıxarıb və onları hədələyib. Bundan başqa, əsasən, Bolnisidən Marneuli istiqamətində hərəkətdə olan bir neçə avtomobilin sürücüsü sərxoş sürücünü müdafiə etməyə çalışıb. Bu zaman yerlilər ilə onu müdafiə etməyə çalışanlar arasında fiziki qarşıdurma baş verib.

Sərxoş sürücü təcili yardım maşınına sığınıb, həmin maşını isə yerlilər aşırıblar. Bu vaxt sürücü hadisə yerindən qaçmağa nail olub. Daha sonra hadisə yerinə çox sayda polis qüvvəsi, o cümlədən Xüsusi Təyinatlılar Qüvvələr cəlb olunub.

Bolnisi təcili yardım xidmətinin tibb bacısı Ana Abramişvili "Azadlıq" radiosuna bildirib ki, yerli sakinlər "həkimlərin döyülən sürücüdən xilas olmaq istədiyini düşündükləri üçün" təcili yardıma aqressiv yanaşıblar:

"Bir qrup insan təcili yardımı silkələməyə başlayanda o biri qrup briqada üzvlərini maşından çıxardı, yoxsa bilmirəm nə olardı. Beləcə briqada üzvləri sağ qaldı, onlara heç kim fiziki toxunmadı. Lakin tibb bacılarından biri hamilə idi və o, ağır psixoloji gərginlik keçirdiyi üçün onu evə buraxdıq".

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Marneuli-Bolnisini birləşdirən yolda hadisəni törətmiş sürücü 2003-cü il təvəllüdlü T.Ç saxlanılıb. 

Adıçəkilən şəxs idarə etdiyi avtomobildə 4 nəfər sərnişinlə yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib: 

"Nəticədə iki yeniyetmə piyada, onlardan biri yerində, digəri isə tibb müəssisəsində həyatını itirib. Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Yerli sakinlər toqquşmada iştirak edən avtomobili və təcili yardım briqadasının avtomobilini aşırıblar. Həmçinin digər vətəndaşların avtomobillərini zədələyərək sındırıblar".

Rəsmi açıqlamada qeyd olunur ki, sakinlər magistral yolda nəqliyyat vasitələrinin hərəkətinə imkan verməyib, həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının istintaq hərəkətləri aparmasına və təcili tibbi yardım briqadasına mane olublar. 

Nazirlik deyir ki, vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, kriminal və xüsusi təyinatlı idarələrinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər: 

"Qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı, eləcədə 9 vətəndaş müxtəlif xəsarətlər alıb, onlara müvafiq tibbi yardım göstərilib"

Bolnisi xəstəxanasından bildirilib ki, yol-nəqliyyat hadisəsindən sonra yaranan qarşıdurmada yaralananlardan ikisinin vəziyyəti ağırdır və onlar Tbilisiyə aparılıblar.
 
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlıları hazırda Bolnisinin mərkəzi klinikasının yanında yerləşdirilib.

Mənbə: Meydan TV