“Gözə görünməyən düşmənlə müharibədən ən az zərərlə çıxan tərəf Çin olacaq”
01-05-2020 22:19 / Bu xəbər 2163 dəfə oxundu
Seymur Kazımov
Koronavirus (COVID-19) pandemiyası dünya nizamını dəyişdirməklə bərabər, qlobal güclər arasındakı münasibətləri də gərginləşdirdi. ABŞ və Çin arasında uzun illərdən bəri davam edən "qlobal liderlik” uğrundakı mübarizə hazırda açıq müstəviyə keçib. Çin virusun yayıldığı dövlət olsa da, hazırda xəstəliyin geniş yayıldığı coğrafiya Avropadır.
ABŞ da yoluxan və ölən vətəndaşlarının sayına görə siyahıda yüksək yerlərdən birini tutur. Müzakirələr isə daha çox perspektiv üzərində qurulub; virus bitəndən sonra nə olacaq, dünyada kim söz sahibi olacaq və Azərbaycan qlobal güclərin arasında necə görünəcək?
Suallarımızı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nağı Əhmədov cavablandırır.
Nağı Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə bakalavr və konfliktologiya ixtisası üzrə magistr təhsili alıb. Magistratura üzrə dissertasiya işinin mövzusu qlobal təhlükəsizlik və hərbi münaqişələr olub. Çinin Nancin İnformasiya və Texnologiya Universitetində bir il intensiv Çin dili kursu keçib. Hazırda Çinin Şandon Universitetinin beynəlxalq siyasət üzrə doktorantıdır.
Əhmədovun tədqiqat sahələrinə əsasən beynəlxalq təhlükəsizlik məsələləri, böyük güclər arasındakı əlaqələr, regional təhlükəsizlik və qlobal idarəetmə məsələləri daxildir. Xüsusilə, Asiya-Sakit okean regionu və Çinə aid müxtəlif sahələrdə araşdırmalar aparır. Daha əvvəl o, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqqları üzrə Elmi-Tədqiqat İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib.
- Maraqlı bənzətmə oxudum, "Çin asqırdı, dünya xəstələndi”. Belə görünür ki, Çin sağalmağa doğru gedir, dünya hələ xəstəliklə vuruşur. Beynəlxalq Valyuta Fondu da Çin iqtisadiyyatının tədricən dirçəldiyi qənaətdədir. Martın 10-da Çin lideri Si Cinpinin virusun episentrinə səfəri nəyi göstərir. Bitdimi?
-Ötən əsrin 70-90-cı illərində qlobal iqtisadiyyatın inkişafında rəsmi Vaşinqtonun dominant rolunu ifadə edən, "ABŞ asqırdıqda dünya soyuqlayır” bənzətməsi günümüzdə müxtəlif variantlarda aktualdır. ABŞ, bu gün də öz qlobal iqtisadi əhəmiyyətini saxlayır və beynəlxalq maliyyə sisteminin mərkəzində dayanır, lakin artıq ABŞ iqtisadiyyatı dünya iqtisadi qatarının yeganə lokomotivi rolunu oynaya biləcək dərəcədə böyük deyil. Çinin son illərdə sürətli iqtisadi yüksəlişinin təbii nəticəsi olaraq ABŞ-ın qlobal iqtisadiyyatda payı azalıb. Bunu beynəlxalq maliyyə institutlarının hesabatlarından da görmək olar. Beynəlxalq Valyuta Fonduna hesabatına görə, 2013-cü ildən 2018-ci ilədək beş il ərzində qlobal iqtisadi böyümənin 28%-i Çinin payına düşüb ki, bu ABŞ-ın payından ikiqat çoxdur. Məhz buna görə də qeyd etdiyiniz kimi, "Çin asqırdı, dünya xəstələndi” kimi fikirlər yayılmağa başlayır və bu, heç də təsadüfi deyil.
Çin hökuməti xəstəliyin yayılmasının qarşısını almaqla bərabər, həm də pandemiyanın iqtisadiyyata təsirinin azaldılması, iqtisadi inkişafın sürətlənməsi, müəssisələrin və şirkətlərin iflasının qarşısını almaq məqsədilə bir sıra ciddi və qabaqlayıcı tədbirlər görür: nəqliyyat, ictimai iaşə və turizm sektorlarında fəaliyyət göstərən şirkətlərin 2020-ci ildə ödəməli olduqları bəzi ödənişlərin maksimal müddətə (8 il) təxirə salınması, məişət xidməti, nəqliyyat və kuryer sahələrində çalışanların əlavə dəyər vergisindən azad edilməsi, epidemiyaya qarşı mübarizədə iştirak edənlər üçün ianələr və subsidiyalar üzrə güzəştli vergi siyasətinin tətbiqi, aviasiya şirkətlərinin zərəri nəzərə alınaraq, onların mülki aviasiyanın inkişafı fonduna vəsait ödəmələrinin dayandırılması kimi bir sıra tədbirlər həyata keçirib. Bununla yanaşı, Çinin Milli Statistika Bürosunun ilin birinci rübü ilə bağlı açıqladığı məlumatlardan aydın olur ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatı 6,8% daralıb, yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixracı 17,2 faiz, idxalı isə 4 faiz azalıb. Xarici ticarətdə mənfi saldo 7,09 milyard dollar olub. Beləliklə, Çində 80.000-dən çox insana yoluxmuş və 3000-dən çox insanın ölümünə səbəb olan koronavirus, Si Cinpinin 2020-ci ildə iqtisadiyyatın böyüməsini ikiqat artırmaqla hərtərəfli inkişaf etmiş rifah cəmiyyəti qurmaq planlarını sual altına alıb.
Artıq Çində vəziyyətin nəzarət altına alınmağa başlaması və istehsal prosesinin yenidən başlaması iqtisadi durğunluğun tədricən aradan qalxacağına ümidləri artırır. Lakin Çinin iqtisadiyyatının tamamilə bərpa olunması uzun zaman alacaq. Çünki Çin həm xammal, həm də istehsal olunan məhsulların xarici bazarlara ixracı və xarici investisiyaların cəlb edilməsi baxımından digər ölkələrlə qarşılıqlı asılılıqdadır. Bu asılılıq qlobal iqtisadiyyat düzəlmədən Çin iqtisadiyyatının dirçəlməsini çətinləşdirir. Beynəlxalq Valyuta Fondunun və digər beyin mərkəzlərinin proqnozları isə qlobal iqtisadiyyatın bərpa olunmasının və 2019-cu ildəki səviyyəyə çatmasının 2022-ci ildən tez baş verməyəcəyini göstərir. BVF-nin son hesabatında qlobal iqtisadiyyatın 2008-09 maliyyə böhranı dövründəki vəziyyətdən daha pis şəkildə, 2020-də 3% kiçiləcəyi proqnozlaşdırılır. ABŞ iqtisadiyyatının bu il 5.9 faiz, avrozonanın isə 7.5 faiz azalması proqnozlaşdırılır. Bunların fonunda isə Çin iqtisadiyyatı isə 1,2% böyüyəcək.
Çin prezidenti Si Cinpin martın 10-da epidemiyanın mərkəzi olan Vuhan şəhərinə xəstəlik yayıldıqdan sonra ilk səfərini etdi. Düşünürəm ki, bu səfər daha çox daxili auditoriyaya hesablanmışdı. Rəmzi xarakter daşıyan bu ziyarət vasitəsilə Si daxili əhval-ruhiyyəni yüksəltmək və dünyaya onun hökumətinin həyata keçirdiyi ekstremal tədbirlərin "yüksək effektli” olduğu barədə mesaj çatdırmaq istəmişdir. Həmin səfər zamanı Si Cinpinin öz çıxışında xəstəliyin tamamilə bitməsini deyil, nəzarət altına alındığını qeyd etdi. Aprelin 8-də bir vaxtlar virusun episentri olan Vuhan şəhərində karantin vəziyyəti götürüldü və həyat öz axarına düşməyə başladı.
– ABŞ-ın dünya liderliyi həm də istənilən böhrana qarşı qlobal mübarizəyə rəhbərlik üzərində qurulub. Əsasən terrorla mübarizədə bu özünü daha çox göstərir. Pandemiya isə ABŞ-ı daha çox özünə qapatdı. Prezident Tramp Çini ölü sayını gizlətməkdə ittiham edir. Eyni zamanda, Dünya Səhiyyə Təşkilatına maliyyəni də dayandırdı. Sizcə, Çin post-pandemiya dövründə vəziyyəti necə dəyərləndirəcək?
– Qlobal liderlik qlobal məsuliyyət tələb edir. Biz bunu 2001-ci il 11 sentyabr tarixində törədilmiş terror aktından sonra yaradılmış və Azərbaycanın da qoşulduğu beynəlxalq antiterror koalisiyasında ABŞ-ın timsalında gördük. Lakin bu gün biz bunun əksinin şahidi oluruq. Amerikanın proteksionist siyasəti hələ pandemiyanın yayılmasından əvvələ aiddir. Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ ənənəvi çoxtərəflilik (multilateralism-red.) siyasətindən imtina edərək təktərəflilik (unilateralism-red.) siyasəti izləməyə başladı.
ABŞ-ın DST-yə maliyyə dəstəyini dayandırmaq qərarı mənə daha çox krizisi idarəetməkdə acizlik, bir növ "günah keçisi” axtarmaq kimi görünür. Etiraf etmək lazımdır ki, DST-nin fəaliyyətində müəyyən ciddi nöqsanlar var. Xüsusən də, virusun ilk yayılmağa başladığı vaxt bunun insandan insana keçməməsi ilə bağlı bəyanatı, həmçinin Çinə daha tez karantin vəziyyəti elan etmək və beynəlxalq uçuşları dayandırmaq çağırışı etməməklə, xəstəliyin digər ölkələrə yayılmasının qarşısını vaxtında almaqda zəiflik göstərdiyinə görə DST və onun rəhbər şəxsləri post-virus dövründə məsuliyyətə cəlb edilməli və bütün dünya qarşısında hesabat verməlidir. Nə qədər paradoksal olsa da, Çin hazırda ABŞ-ın əsas qurucusu olduğu beynəlxalq təşkilatların ən böyük dəstəkçisi rolunda çıxış etməkdədir. Hazırda Çin vətəndaşı olan şəxslər BMT-nin 15 ixtisaslaşmış qurumundan dördündə ən yüksək vəzifəni tutur. Eyni zamanda, yeddi təşkilatda Çin vətəndaşları ikinci dərəcəli vəzifə daşıyırlar. Ekspertlər Çinin bu istiqamətdə fəaliyyətini onun geniş strategiyasının bir hissəsi kimi qiymətləndirir. İddia edilir ki, Pekinin beynəlxalq təşkilatlarda nəzarəti ələ alması özünün siyasi və iqtisadi maraqlarını təmin etmək üçün beynəlxalq sistemi dəyişdirmək planlarının tərkib hissəsidir. Ona görə də, hesab edirəm ki, ABŞ-ın Dünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırması bu təşkilatın daha çox Çinin nüfuz dairəsinə düşməsinə gətirib çıxaracaq.
Çinin ölü sayını gizlətməsi haqqında ABŞ-ın iddialarına gəlincə, kimisə ittiham etmək məsuliyyətdən qaçmağın ən asan yoludur. ABŞ neçə il əvvəl yazılmış elmi məqalələrdə alimlərin xəbərdarlığı, Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarını gözardı etmiş qərarverici şəxslərin nöqsanlarını etiraf etsə, daha faydalı olar. Düşünürəm ki, indiki halda DST-na daha çox dəstək verilməlidir, çünki onun funksiyalarını əvəz edəcək başqa bir alternativ yoxdur.
Çin dilində böhran sözünün qarşılığı iki sözün – "təhlükə və fürsət” birləşməsindən ibarətdir. Məsələyə fəlsəfə nöqteyi-nəzərindən baxsaq, Çinin məşhur Yin-Yanq konsepsiyasını (sadə dillə ifadə etsək; hər şey öz daxilində əksini daşıyır, qaranlıq dünyada bir işıq, işıqlı dünyada bir qaranlıq mövcuddur) indiki vəziyyətə tətbiq edəcəyini və pandemiya böhranından yaranmış təhlükəni fürsətə çevirəcəyini gözləmək olar.
-Britaniyanın "The Economist” nəşri belə bir məqalə ilə çıxış edib ki, "koronavirus kimi xəstəliklər daha çox qeyri-demokratik ölkələrdə ölü sayının artmasına səbəb olacaq”. Bunu belə əsalandırırdılar ki, demokratik ölkələrdə informasiya şəffaflığı hökumətlərin hesabatlılığını tələb edir. Amma indiki vəziyyətdə istər yoluxanlar, istərsə də ölü sayına görə ilk sıraları ABŞ və Avropa İttifaqı ölkələri tutur. Bu məqamı necə dəyərləndirə bilərsiniz?
-Virusun yayılması və ölü sayının çox olmasına təsir edən məqamlar müxtəlifdir: beynəlxalq nəqliyyat əlaqələrinin inkişaf etməsi, məsələn, Afrikada Avropa və Amerikaya nisbətən daha az yayılmasının, yaxud Çindən sonra İranda ilk dəfə sürətlə yayılmasında bu amil başlıca rol oynamışdır; əhalinin yaşlı qrupunun ümumi əhalinin payına düşən nisbəti, məsələn İtaliyada 65 yaşdan yuxarı əhalinin nisbəti təxminən 23 faizdən yuxarıdırsa, Azərbaycanda bu 7,2 faizdən də aşağıdır.
Qlobal xarakter almış pandemiya ilə mübarizəni bəzi böyük dövlətlərin başçıları müharibə adlandırırlar. Müharibələrdə mütləq qalib tərəf olmur, müharibənin bütün iştirakçıları uduzur – kimsə daha az uduzur, kimsə daha çox. "Gözə görünməyən düşmən”lə aparılan müharibədən ən az zərərlə çıxan tərəf Çin olacaq. Bunu deməyə əsas verən bir neçə səbəb var.
Əvvəla, pandemiya bizə dövlətlərin siyasi sistemlərinin gözlənilməz böhran vəziyyəti ilə qarşılaşdıqda effektivliyini praktiki baxımdan test etmək imkanı verdi. Bu günə qədər ideal idarəetmə forması kimi bizə təlqin edilən demokratiyanın iddia edildiyi qədər mükəmməl olmadığı bir daha üzə çıxdı. Bunun əksinə olaraq, müəyyən dairələr tərəfindən daimi tənqid edilən və avtoritarizmdə və ya qərbtipli demokratiyanın olmamasında ittiham edilən bəzi ölkələrdəki sistemlərin böhranlı vəziyyətlərin idarəedilməsi baxımından daha effektiv olduğunun şahidi olduq. Buna misal olaraq Çin və Koreyanı göstərə bilərik. Çinin, az öncə də qeyd etdiyimiz kimi, virusun ilk yayıldığı ölkə olmasına baxmayaraq, vəziyyəti tezliklə nəzarət altına ala bilməsinin əsas səbəblərindən biri süni intellekt və rəqəmsal texnologiyaların yüksək inkişaf etməsidir. Bütün vətəndaşların daimi olaraq mobil telefonlarının lokasiyasının anlıq izlənilməsinə çıxış imkanının olması ilk vaxtlardan virusa yoluxmuş şəxslərlə fiziki kontaktda olmuş digər insanların tezliklə müəyyən edilib nəzarətə götürülüməsinə imkan yaratdı.
Çinin xəstəliyin nəzarət altına alınmasındakı uğurunun başlıca səbəbi, fikrimcə, hökumət və xalq arasında harmoniyanın mövcud olmasıdır. Bu harmoniyanın nəticəsi olaraq xalq karantin vəziyyətinin elan edildiyi dövrdə bütün qadağalara tabe olmuşdur. İstənilən bir ölkədə hökumət tərəfindən qəbul edilən qərarlara xalqın riayət etməsi insanlarda dövlətə və mərkəzi hakimiyyətə olan inamla düz mütənasibdir. Bu inam isə uzun illər boyu aparılan siyasətlə qazanıla bilər, dolayısıyla bu, hakimiyyətin bir qrup insanın yox, bütün əhalinin maraqlarına xidmət etməsilə mümkündür. Məsuliyyətli xalq məsuliyyətli hakimiyyətin məhsuludur və ya əksinə. Biz bunu Çin nümunəsində əyani şəkildə gördük. Çin hökumətinin qısa zaman ərzində 1,4 milyarddan artıq insanı necə mobilləşdirdiyinin səbəblərini yuxarıda qeyd etdiyim amildə axtarmaq lazımdır.
Koreyanın bu mübarizədə müvəffəq olmasının başlıca səbəbi isə hökumətin hələ xəstəlik Çində yayılmağa başlayan ilk vaxtlardan adekvat reaksiya verməsi, özünün test sistemini inkişaf etdirməsidir. İstər yoluxanlar, istərsə də ölü sayına görə ilk sıraları ABŞ və Avropa İttifaqı ölkələri tutmasının başlıca səbəbi həmin ölkələrin siyasi hakimiyyətlərinin ilk başlarda çevik reaksiya verə bilməməsi, hazırlıqsız olması ilə əlaqədardır.
–Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin ilə Avropa arasında etibarlı nəqliyyat üçün cəlbedici bir yoldur. Çinin Asiya, Avropa, Afrikanı əhatə edən iddialı iqtisadi və ticari layihə "Bir kəmər, bir yol”a baxışı dəyişəcəkmi?
-Nəqliyyat infrastrukturunun yaradılması və iqtisadi əlaqələrin inkişaf etdirilməsini hədəfləyən "Bir Kəmər-Bir Yol” adlı təşəbbüsü Çin prezidenti Si Cinpin 2013-cü ildə irəli sürüb. Yerüstü və dəniz nəqliyyatı infrastrukturunun inkişafı vasitəsilə iqtisadiyyatın inteqrasiya proseslərinin gücləndirilməsi ideyalarına əsaslanan bu strategiya iki əsas komponentdən ibarətdir: "İpək Yolu İqtisadi Kəməri” və "Dəniz İpək Yolu”. Təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulması yeni iqtisadi əməkdaşlıq konsepsiyası – "qazan-qazan” prinsipini nəzərdə tutur. Hazırda 70-ə qədər ölkə və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən "Bir kəmər, bir yol” layihəsi həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı təşviq edir. İqtisadi, ticari, maliyyə və digər tərəfləri ilə yanaşı, bu təşəbbüs qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasını, xalqlar arasında mədəni əlaqələrin və kommunikasiyanın gücləndirilməsini də dəstəkləyir. Ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün iqtisadi baxımdan yeni imkanlar açan bu layihənin milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyi görülməkdədir.
Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu imzalayıb. Bununla da Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünə Cənubi Qafqaz regionunda dəstək verən ilk ölkə oldu. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri "Bir kəmər, bir yol” təşəbbüsünün dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, Asiya və Avropa qitələrini birləşdirir. İki ölkə arasındakı ticarət dövriyyəsi 2 milyard dolları ötərək Azərbaycanı Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticari əlaqələrində ən böyük tərəfdaşa çevirib. Ötən il Azərbaycanın Çin ilə ixracdakı payı ümumi ixracın 3,83%-nə, idxaldakı payı isə ümumi idxalın 10,48%-nə bərabər olmuşdur. İkitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olmasını digər bir göstəricisi hazırda Azərbaycanda 120-dək Çin investisiyalı şirkətin fəaliyyət göstərməsidir. Beləliklə, "Bir kəmər, bir yol” layihəsinə qoşulmaq Azərbaycanın qeyri-neft sektorunun inkişafına və tranzit gəlirləri vasitəsilə ölkəyə daxil olan valyuta həcminin artmasına təsir göstərir.
Bu qlobal əhəmiyyət daşıyan meqalayihə Çinə əsas geosiyasi oyunçu olaraq öz rolunu genişləndirməyə imkan yaratmaqla bərabər eyni zamanda, ticarət, turizm, nəqliyyat sahələrində geniş imkanlar yaratmaqla bu təşəbbüs çərçivəsində xalqlar, ölkələr bir-birinə daha çox bağlanır və bu bu, geniş Avrasiya regionunda sülh və sabitliyə xidmət edir. COVID-19 pandemiyasının geniş yayılmasının "Bir Kəmər Bir Yol” təşəbbüsünə təsirsiz ötüşməyəcəyi məlumdur. Hazırda bütün dünyada insanların hərəkətinə məhdudiyyətlər qoyulmasına baxmayaraq, yük daşımaları dayanmayıb. Ümumi iqtisadi aktivliyin aşağı düşməsi yükdaşımalara təsir etsə də, hesab edirəm ki, post-pandemiya dövründə bu istiqamətdə artıq vəziyyət sabitləşəcək. Və getdikcə bu layihənin əhatə dairəsi və imkanları genişlənəcək. Son açıqlanan rəqəmlərdə Azərbaycandan daşınan yüklərin həcminin artmasında da bunu görə bilərik. Yəni bu təşəbbüs çərçivəsində infrastruktur layihələrinə yüz milyardlarla dollar investisiya etmiş Çinin asanlıqla geri çəkiləcəyi gözlənilmir.
Press Klub