Gözəl Bayramlıya 3 il həbs cəzası verildi

Gözəl Bayramlıya 3 il həbs cəzası verildi

23-01-2018 18:43 / Bu xəbər 1913 dəfə oxundu

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı üç il azadlıqdan məhrum edildi. 

Yanvarın 23-də Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədov belə hökm çıxarıb.

Hökmdə G.Bayramlının çantasından tapıldığı iddia olunan 12 min dolların isə müsadirə olunaraq, dövlət nəfinə keçirilməsinə qərar verilib.

G.Bayramlının vəkili Elçin Sadıqov hökmün qanunsuz və əsassız olduğunu bildirib. Vəkil AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının 4 il azadlıqdan məhrum edilməsi istənilib. Yanvarın 23-də Qazax Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Dövlət ittihamçısı deyib ki, G.Bayramlının gömrüyə bəyan etmədən 12 min dolları keçirməyə cəhd etməsi məhkəmədə sübuta yetirilib.

G.Bayramlının vəkili Elçin Sadıqov isə əksinə, G.Bayramlıya qarşı ittihamın saxta olduğunu bildirib, onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

"Ölkə rəhbərliyinin sifarişi ilə həbs olunmuşam"

Ardından məhkəmədə son sözünü deyən G.Bayramlı haqqındakı cinayət işinin də, verilən ittihamın da saxta olduğunu bildirib. Deyib ki, siyasi fəaliyyətinə görə birbaşa ölkə rəhbərliyinin göstərişi ilə şərlənərək həbs olunub. Onun sözlərinə görə, çantasından çıxdığı iddia olunan 12 min dolları da gömrük əməkdaşlarının özləri çantaya ataraq, verilən tapşırığı icra ediblər.

Hakim Ağarza Səmədov bir neçə dəfə G.Bayramlının sözünü kəsib, ondan ittihamın mahiyyəti üzrə danışmağı, siyasi çıxışlar etməməyi tələb edib. G.Bayramlı bildirib ki, ona verilən ittihamın mahiyyəti siyasidirsə, siyasi sifarişlə həbs olunubsa, başqa cür çıxış edə bilməz.

Hakim G.Bayramlının son sözünü yarımçıq dayandıraraq, məhkəmə zalını tərk edib. Saat 17:30-da hökmün elan olunacağı gözlənilir.

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. 

Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. 

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.