"Gözləntilər özünü doğrultmadı" - "Bizim ekspert"

24-10-2017 23:38 / Bu xəbər 4102 dəfə oxundu

Arqument.az-da "Bizim ekspert" rubrikasının növbəti, yəni 5-ci buraxılışının qonağı təhsil üzrə ekspert Elçin Mahmuddur. Onunla Azərbaycanda təhsilin mövcud durumu, test imtahanının ləğvi, yeni sistemə keçid, dərsliklər, bu sahədəki monopoliya və digər məsələləri müzakirə etmişik. 

- Elçin bəy, Azərbaycan təhsilində digər ölkələrlə müqayisədə hansı inkişaf və yaxud geriləmələr müşahidə olunur? 

- Təhsildə problemlər həddindən artıq çoxdur. Son illərdə müəyyən islahatlar edilməyə çalışılıb. Bir nümunə ilə hazırda Azərbaycandakı təhsilin durumunu sizə izah edə bilərəm: "Təhsil haqqında” Qanun Azərbaycanda təxminən 20 ilə qəbul olundu. Bu 20 ildə Milli Məclisin hər sessiyasında müzakirələr, əlavə və dəyişikliklər oldu. Bu gün həm məktəbəqədər, həm  ümumi orta təhsil müəssisələrində durum ürəkaçan deyil. Peşə təhsili isə demək olar ki, iflic vəziyyətdədir. Yaşav-yavaş bunun üzərində işləməyə başlayıblar. Ali məktəblərdə də durum oxşardır. Qəbul balları həddindən artıq aşağı düşüb, o cümlədən buraxılış imtahanlarında şagirdlərin nəticələri çox aşağıdır. Problemlərdən  biri də universiteti bitirmiş tələbələrin işlə təmin olunmamasıdır. Ən gülməlisi də budur ki, müəllim ixtisası üzrə təhsilini başa vuran tələbələr Təhsil Nazirliyinin keçirdiyi imtahandan keçməli olurlar. Belə çıxır ki, Təhsil Nazirliyi o müəllimlərin diplomunu tanımır, daha doğrusu, tələbələrin 4 il aldığı təhsili ciddiyə almır. 5-6 il öncə məzun olmuş tələbələri işə götürərkən müəyyən imtahandan keçirmək olar, amma məzun olduğu il tələbəni yenidən imtahana cəlb etmək absurddur. 

- Aktual mövzulardan biri də bir müddət öncə test sisteminin ləğvinin gündəmə gətirilməsi idi. Test üsulu Azərbaycan təhsilində proqressiv addımlardan hesab olunur. Bu sistem ləğv olunacaqsa, alternativ sistem özünü doğrulda bilərmi? Təhsili hansı perspektivlər və ya fəsadlar gözləyir?

- Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi iki il öncə birgə məlumat yaydılar ki, artıq kurriklium üzrə təhsil alan şagirlərin imtahanını fərqli formada keçirəcəklər. İstər şagirdlər, istər müəllimlər, istərsə də ekspertlərin gözləntiləri böyük idi. Hamı gözləyirdi ki, daha keyfiyyətli və yüksək səviyyəli imtahan olacaq. Ən böyük gözlənti isə repititorlardan asılılığın azalması idi. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin də ictimaiyyətə əsas təbliğ etdiyi məsələ də bu idi. Əvəzində nə baş verdi? Təəssüf ki, iki il müddətində yeni imtahan modelində fantastik bir dəyişiklik olmadı. Sadəcə, imtahanı iki mərhələyə böldülər: ilkin mərhələdə şagirdlər hazırki buraxılış imtahanına uyğun fənnlərdən (xarici dil, Azərbaycan dili və riyaziyyat) imtahan verəcəklər. İkinci mərhələdə isə imtahan sistemi açıq və qapalı suallarla keçiriləcək. Təbii ki, burada da müəyyən ədalətsizliklər var. I və II ixtisas qrupları üzrə imtahan verəcək şagird hər iki imtahanda  riyaziyyat fənnindən imtahan verəcək, bu fənn üzrə sualların sayı çox olacaq. Yaxud da III ixtisas qrupuna sənəd verən şagirdlər də eyni situasiyanı Azərbaycan dili fənnində yaşayacaqlar. Əslində, bu imtahan sistemini dolaşdırmaqdır. Bu qurumlar ictimaiyyətə artıq hər kəsin ali məktəblərə qəbul olacağını çatdırmaq istəsələr də, əslində, bunun tamamilə tərsi oldu. Belə ki, II qrupa Ümumdünya Tarixi fənni əlavə olundu, IV qrupda isə Xarici dil əsas fənnə çevrildi. Gözləntilər isə özünü doğrultmadı. Məncə, bal limiti və sualların sayında məhdudiyyətlər qoymaq olardı. Əgər bir abituriyent müəllimlik ixtisasına getmək istəyirsə, həmin ixtisasın əsas fənninə müəyyən limit tətbiq olunardı. Deyək ki, tarix müəllimi olmaq istəyən tələbə imtahanda bu fənndən minimum 5 və daha çox suala düzgün cavab verməli olardı. Digər ixtisaslarda da bunu tətbiq etmək mümkün idi.

- Bilirsiniz ki, 2015-ci ildən etibarən xaricdə təhsilə dövlət səviyyəsində dəstək dayandırıldı. 2016-2017 ci illərdə yenidən başlması nəzərdə tutulsa da, gerçəkləşmədi. Ümumiyyətlə, dövlət səviyyəsində xaricdə təhsilin dəstəklənməməsinə münasibətiniz necədir?

- Sözügedən dövlət proqramı 2007-2015-ci illər üçün nəzərdə tutulmuşdu. 2014-cü ilin payızında isə nazir Mikayıl Cabbarov açıqlama vermişdi ki, artıq yeni dövlət proqramı 2015-2020 illəri əhatə edəcək. Burada isə iki fərqli istiqamət olacaq. Əsasən tələbələr xaricə magistratura və pht, yəni doktorantura oxumaq üçün göndəriləcək. Nazir bildirmişdi ki, dövlət proqramı ilə bakalavr təhsilinə o qədər də üstünlük verilməyəcək. O şəxslərə bakalavr üçün fürsət veriləcək ki, həmin şəxsin seçdiyi ixtisas Azərbaycan universitetlərində tədris olunmamış olsun. Eyni zamanda Mikayıl Cabbarov ikinci dəyişiklik olaraq bildirmişdi ki, xarici universitetlərin akademik heyyəti, doktorları və professorları bizim universitetlərimizə dəvət olunacaqlar. Bununla da bir tələbənin xaricdə alacağı təhsilin xərcinə müəllim dəvət edərək ali məktəblərimizdə təhsilin səviyyəsini artırmağa çalışacaqdılar. Əfsuslar olsun ki, 2016-cı ildə xaricdə təhsil üzrə dövlət proqramı tamamilə dayandırıldı. Bir il yarım müddət keçməsinə baxmayaraq, dövlət proqramı qəbul olunmadı. Bu məsələdə digər bir problem isə odur ki, 2007-2015-ci illərdə nəzərdə tutulmuş dövlət proqramında 5 min tələbənin xaricdə təhsili nəzərdə tutulurdu. Amma cəmi 3500, yəni 70 faiz tələbə xaricə təhsil üçün göndərildi. Heç 5 minlik kvota da dolmadı, nəzərdə tutulan 100 milyon manatın isə cəmi 75 milyon manatı ayrıldı. Xaricdə təhsil proqramının dayandırılmasının ilkin səbəbi devalvasiyadan sonra nəzərdə tutulmuş xərclərin 2 dəfə artmasl idi. Bu vəsaitlər də əsasən Neft Fondundan ayrılırdı. Görünür, artıq daha çox vəsaitin ayrılmasına maraqlı deyillər. Digər bir səbəb isə, xaricdə təhsilini başa vurmuş 1600 tələbənin artıq qayıtmaq istəməməsidir. Bu tələbələr normal olaraq Azərbaycandakı aşağı maaşla işləmək istəmirlər, yüksək maaş və vəzifə ilə təmin olunmayanda isə onlar qayıtmaq istəmirlər. Hətta Təhsil naziri bildirmişdi ki, bizim onların qayıtmasına nəzarət edəcək mexanizmimiz də yoxdur. 2007-ci ildə xaricə dövlət proqramı ilə göndərilən tələbə ilə müqavilədə qeyd olunurdu ki, onlar Azərbaycana qayıdanda işlə təmin olunacaqlar. Sonra nəzərdə tutuldu ki, tələbə qayıtmasa belə, ölkəni təbliğ edə bilər. Təəssüf ki, bu da özünü doğrultmadı.

- Dərsliklərə gələk. Bu sahədə də problemlərin olduğu qeyd olunur. Məsələn, bu gün ibtidai sinif şagirdinin çantası 10 kq-dan ağırdır. Bu uşaqların fiziki göstəricilərinə də uyğun gəlmir. Şagirlər bu qədərəlavə vəsaitlə niyə yüklənilir və burada sanki monopoliyanın olduğu hiss olunur. 

- Bir neçə ildir ki, dərsliklərin hazırlanmasında yeniliklər edilib. Artıq dərslikləri hansısa nəşriyyat və ya müəllif əvvəlcədən hazırlayaraq Təhsil Nazirliyinə təqdim edir. Nazirliyin ekspertlər qrupu dərsliyi bəyəndiyi təqdirdə vəsait nəşrə buraxılır. Təəssüf ki, bu sahədə monopoliya mövcuddur. Hər il demək olar ki, eyni müəllif və nəşriyyatlar tenderdə qalib gəlirlər və onların təklif etdikləri kitablar qəbul olunur. Bu problemin sadəcə bir tərəfidir. Digər məsələ isə, dərsliklərin tez-tez dəyişdirilməsidir. İngilis dili müəllimi kimi deyə bilərəm ki, 2007-ci il yəni kurriklumun tədrisindən bəri dərsliklər 2 ildən bir dəyişdirilir. Əslində bir kitab qəbul olunanda heç olmasa 5 il istifadəyə yararlı olmalıdır. Ağırlıq məsələsinə gəldikdə isə inkişafdan danışılan bir ölkədə ağır kitablar əvəzinə planşet sisteminə keçid etmək daha məqsədəuyğun olardı. Bu planşetlərin içərisindəki kitablarla bu ağırlıq məsələsi kökündən həll olunardı. Ümumi danışsaq, Azərbaycanda kitabların keyfiyyəti çox aşağıdır. Bir neçə il öncə prezident səviyyəsində Dövlət İmtahan Mərkəzinə dərsliklərin monitorinqi tapşırılmışdı. Monitorinq zamanı isə bu qurumla Təhsil Nazirliyi arasında böyük mübahisələr yarandı. Yalnız bundan sonra birlikdə dərsliklərlə bağlı portal yaradıldı və mübahisələr az da olsa səngidi. Amma hələ də Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin vəsaitləri arasında xüsusilə ingilis və Azərbaycan dili fənnlərində bəzi uyğunsuzluqlar var. Əslində Dövlət İmtahan Mərkəzi imtahan keçirməklə məşğul olmalıdır. Bir neçə qurum fərqli kitablar nəşr etdikdə dərsliklərdə ciddi problemlər üzə çıxır. 

- Kənardan elə görünür ki, iki qurum arasında təhsilə nəzarət, mövqe savaşı gedir. Belədirmi?

- Həqiqətən dəŞ belədir. Bu mübarizədə zədəni müəllimlər, valideynlər ən əsası isə şagirdlər çəkir. Son zamanlar sosial şəbəkələrdə valideynlərin kitablara artıq pul xətcləmələri ilə bağlı narazılığı diqqətimi çəkir. Dərsliyi elə hazırlmaq olmazdı ki, onun içərisində olan testlər, məlumatlar, tapşırıqlar yetərli olsun və əlavə kitablara ehtiyac olmasın. Amma görünür, burada kimlərsə əlavə vəsaitlərin alınmasında maraqlıdır. Əlavə dərslikləri satışa çıxaran şəxslər ola bilsin ki, Təhsil Nazirliyinə və ya Dövlət İmtahan Mərkəzinə yaxın insanlardır ki, onların vəsaitləri alınır. 

- Ümumən götürsək, ölkədə təhsilə ayrılan büdcə qaneedicidirmi?

- 2017-ci il üçün təhsilə ayrılan büdcə təxminən 1,8 milyard manat idi. Hazırki durumda bu məbləğ böyükdür və onunla böyük işlər görmək olar. Problemlərdən biri də bundadır ki, 1,8 milyardın cəmi 2 faizi peşə təhsilinə, 2 faizi isə məktəbəqədər təhsilə ayrılıb. Azərbaycanda Təhsil nazirinin iş prinsipi beynəlxalq konfranslarda iştirak zamanı gördükləri yeni layihəni Azərbaycana tətbiq etməkdən ibarətdir. Amma bu yeni layihənin bazası olmadığı üçün 1-2 ildən sonra yeni layihə yararsız olur və beləcə pul havayı yerə xərclənmiş olur. Bir məsələni də diqqətinizə çatdırım ki, ötən ildən etibarən artıq məktəbəqədər hazırlığın məktəblərdə keçirilməsi ilə bağlı nazir açıqlama vermişdi. Lakin bu, sadəcə, mütəxəssis, müəllim və dərsliklər yetərli deyil. Yaxud da 2007-ci ildə başlanılan kurrikliuma başlanıldı, burada da sahə üzrə peşəkar müəllimlər yox idi. Kurrikliumu başlamazdan öncə, 2004-cü ildən müəllimləri hazırlayaraq bu sistemə keçid edilsəydi, daha səmərəli nəticə əldə edilərdi. Ayrılan büdcə normal xərclənsə, bəs edər, təəssüf ki, büdcədə israfçılığa çox yol verilir. 

Şəmşad Ağa
Arqument.Az