Haaqada Putini mühakimə etmək üçün yer axtarılır

Haaqada Putini mühakimə etmək üçün yer axtarılır

21-10-2022 21:57 / Bu xəbər 2316 dəfə oxundu

Haaqa bələdiyyəsi Ukraynadakı müharibəyə görə Rusiya Prezidenti Vladimir Putin və onun tərəfdaşlarının gələcək məhkəməsi üçün münasib yer axtarmağa başlayacaq. 

RTL xəbər verir ki, tribunalın yaradılmasını Niderland parlamentinin aşağı palatasında deputatların əksəriyyəti dəstəkləyib.

Təşəbbüsün müəlliflərindən biri olan deputat Syord Syordsma bildirib ki, Ukraynada dəhşətli müharibəyə səbəb olan Putinin bu müharibə bitəndə də cəzasız qalmaması vacibdir.

O etiraf edib ki, Rusiya Prezidentinin mühakimə olunacağı an hələ çox uzaqdadır. 

"Amma gəlin əmin olaq ki, belə bir vəziyyət yaranarsa, biz hazır olacağıq və həqiqətən də onu məsuliyyətə cəlb etməyə qadir olacağıq”, - deyə deputat əlavə edib.

Haaqada artıq Ukraynadakı hərbi cinayətləri araşdıran Beynəlxalq Cinayət Məhkəməsi (BCM) yerləşir. 

BCM əvvəllər ayrı-ayrı tribunallar vasitəsilə hərbi cinayətkarları mühakimə edib. Məsələn, 2016-cı ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (ICTY) keçmiş Bosniya serblərinin lideri Radovan Karadciçi 1992-1995-ci illər Bosniya müharibəsi zamanı törətdiyi hərbi cinayətlərə və soyqırımlara görə 40 il müddətinə azadlıqdan məhrum edib. 

Daha sonra cəza sərtləşdirilib: Karadciçə ömürlük həbs cəzası verilib.

Syordsma hesab edir ki, Putini mühakimə etmək üçün ayrıca tribunal lazımdır. 

"İndi BCM vasitəsilə bu, hüquqi cəhətdən mümkün deyil. İndi onu mühakimə edə biləcək bir dənə də olsun tribunal yoxdur. BCM Putinin əlaltılarını mühakimə edə bilər, amma özünü yox”, - deputat etiraf edib.

Rusiya Prezidenti üçün ayrıca tribunalın yaradılmasının zəruriliyi ilə razılaşan deputatlar Niderlandın Xarici işlər naziri Vopke Hoekstradan Avropa İttifaqı və BMT-dən dəstək istəməsini xahiş edəcəklər.

Eyni zamanda, Aİ-nin özündə də hamı Putinlə bağlı tribunalın zəruriliyinə əmin deyil. Oktyabrın 20-də Brüsseldə başlamış iki günlük sammitdə məsələ qaldırılacaq.
 
Bir neçə diplomat "Bloomberg"ə bildirib ki, bir sıra Avropa liderləri əvvəlki hərbi tribunalların qarışıq nəticələrinə görə bu təklifdən ehtiyatlanırlar.

Baltikyanı ölkələr Aİ-ni Rusiya rəsmilərinə, o cümlədən Vladimir Putinə qarşı beynəlxalq tribunalın yaradılmasına kömək etməyə çağırır. 

Əvvəllər Avropa İnsan Haqları Məhkəməsinin və Avropa İttifaqının Ədalət Məhkəməsinin hakimi olmuş Latviya prezidenti Egils Levits Birləşmiş Millətlər Təşkilatının 1945-ci il nizamnaməsinin pozulması ilə bağlı xüsusi tribunalın tezliklə yaradılmasına çağırıb. 

Belə bir tribunal Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş cinayətlərə görə məhkəmələrin analoqu olardı. 

Levits ittihamın bu formasını optimal hesab edir. "Bu, BCM və ya Avropa İnsan Hüquqları Məhkəməsinin edə bilmədiyi hüquqi boşluqları aradan qaldıracaq". 

Xüsusi tribunal artıq Rusiyanın Ukraynadakı hərəkətlərini araşdıran BCM-nin rolunu potensial olaraq tamamlayacaq. Ancaq bu cür araşdırmalar illər çəkə bilər.

Təşəbbüsü tənqid edənlər ICTY-nin təcrübəsinə istinad edərək qeyd edirlər ki, bu formatda araşdırmalar və dinləmələr illər çəkə bilər. 

Bildirilir ki, keçmiş Yuqoslaviya məhkəməsi bir sıra hərbi cinayətkarlara hökm çıxarsa da, 24 il davam edib. 

Almaniyanın ədliyyə naziri Marko Buşman əmindir ki, Ukraynada törədilmiş hərbi cinayətlərlə bağlı beynəlxalq araşdırma zamanı Rusiyanın yüksək hakimiyyət orqanlarının nümayəndələri ittiham olunacaqlar. 

Buşman bunu Harvardda çıxışı zamanı deyib: "Bu təcavüz müharibəsi və törədilmiş hərbi cinayətlərin cəzasız qalması beynəlxalq hüququn əsas ideyası və effektivliyi üçün o qədər böyük məğlubiyyət olardı ki, biz bundan qaçmaq üçün mümkün olan hər şeyi etməliyik”, – "Bloomberg” Buşmandan sitat gətirib.

Nazir Avropada hərbi cinayətləri törədənlərin həbs ediləcəyini qeyd edib.

O vurğulayıb ki, Avropa ölkələri "post-Putin Rusiyası”ndan hərbi cinayətlər törətməkdə şübhəli bilinən bütün şəxslərin ekstradisiyasını tələb edəcəklər.

"Müharibə cinayətləri cəzasız qalmamalı, müharibə cinayətkarları heç bir yerdə sığınacaq tapmamalıdırlar", - Buşman tvitter hesabında yazıb.