Hacı Ramazanın şirkəti 32 milyon manatlıq tenderi uddu

Hacı Ramazanın şirkəti 32 milyon manatlıq tenderi uddu

19-01-2025 01:00 / Bu xəbər 144 dəfə oxundu

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçi olduğu 32 milyon manatlıq tenderə yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, "Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması" lotu üzrə keçirilən tenderdə "Vest LTD" Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib. 
 
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. 
 
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2019-cu ilin fevral ayında təsis edilib. 

Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Əliyev Abit Sadıq oğludur. 
 
Abit Əliyev Eeldar Əzizovun ən yaxın kadrlarındandır. Belə ki, Eldar Əzizov 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Samux  rayonunda Qaz İstismar İdarəsinin müdiri işləyən Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin edib. Sonradan Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə gələn E.Əzizov Abit Əliyevi də özü ilə Sumqayıta gətirib. 
 
Eldar Əzizov Bakı şəhər İcra hakimiyyətinin tabeliyində 2019-cu ildə yaradılan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-yə rəhbər təyin edib. 
 
Tenderdə qalib elan edilən "Vest LTD" QSC-nin mediada "tender kralı" kimi tanınan Ramazan Mirzəyevə məxsus olduğu deyilir. 
 
Yerli mətbuatda daha çox "hacı" kimi məşhurlaşan Ramazan Mirzəyevin çoxsaylı şirkətlərinin dövlət satınalmalarında, əsasən də Bakı Şəhər İcra Hakimiyyətinin, elm və təhsil, səhiyyə, mədəniyyət nazirliklərinin tenderlərində qalib edildiyi bildirilir.