Hafiz Babalı həyat yoldaşına yazır: “Məni bağışla…”
24-12-2024 20:05 / Bu xəbər 74 dəfə oxundu
"Hər gəlişinlə mənə həbsxananın soyuq divarlarını unutduran azadlıq günəşim oldun”
"AbzasMedia” işi üzrə həbsdə olan jurnalistlərdən biri – "Turan” İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalı həbsxanadan məktub yazıb.
O, evliliyinin 30-cu ildönümündə həyat yoldaşına ünvanladığı məktubu "Facebook” hesabında yayımlanıb: "Əziz Zərifə, bu gün evliliyimizin 30 illiyidir. Sən evimizdə, mən-həbsxanadayam. Vaxtında sənin "Dur! daha yazma!” tələbinə qulaq assaydım, indi yubileyimizi, əhd etdiyim kimi, ilk dəfə qohum-qardaş arasında təmtəraqla qeyd edirdik. Amma mən azad jurnalist kredoma xəyanət etmədim, təhlükəyə baxmayaraq, iti qələmimi yerə qoymadım. Odur ki, bir ildir isti ocağımdan, səndən, candan şirin övladlarımızdan ayrı düşmüşəm.
Foto: Hafiz Babalının "Facebook” səhifəsindən
Bu otuz ildə səninlə acılı-şirinli çox günlər yaşadıq. Gün oldu ki, təknədə yavan çörəyimiz belə olmadı. Amma əyilmədik, sınmadıq, sevgimiz, mərhum valideynlərimizdən miras aldığımız saf nemət-ailə dəyərləri sayəsində bu illəri, baş-başa, ürək-ürəyə. Daim alnıaçıq, üzüağ. Xoşbəxtəm ki, boğazımızdan haram tikə keçmədi, Vətənə, millətə xeyirli övladlar ərsəyə gətirdik. Bir ildən yuxarıdır ki, Kürdəxanıdayam. Həbsxanada olduğum bu müddətdə məndən daha çox iztirab və intizar çəkdiyini bilirəm. Bunu gözəl gözlərindən oxuyuram. Sən mənə indi həyat yoldaşından artıq dost, dərd ortağı olmusan, əziz Zərifəm. Sənə bir ömür borcluyam. Hər gəlişinlə mənə həbsxananın soyuq divarlarını unutduran azadlıq günəşim oldun. Nəhayət, əziz Zərifə, məni bağışla… Bilirəm ki, həyatımızın bu anında yanında deyiləm deyə məni əfv edərsən. Axı sənin böyük ürəyin var! "Pis günün ömrü az olar” deyiblər. Əminəm ki, növbəti evlilik ildönümlərimizi yenə bir arada qeyd edəcəyik”.
Korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.
Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.
Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra "AbzasMedia”nın ofisində axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
"AbzasMedia”dan sonra "Kanal 13” internet kanalı, "Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran "meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıblar.
Onların haqqında Xətai Rayon Məhkəməsinin qəraır ilə istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib. Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.
Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.