Hakim: Bəlkə, milyonlar Arif Alışanova babasından qalıb, nə bilək?!

Hakim: Bəlkə, milyonlar Arif Alışanova babasından qalıb, nə bilək?!

14-03-2018 19:28 / Bu xəbər 992 dəfə oxundu

Təqsirləndirilən şəxs hakimlərə etiraz etdi

"Hakimlər Əfqan Hacıyev, Ənvər Seyidov Arif Alışanovla yaxın dostdur. Ona görə də işimə ədalətli baxılacağına inanmıram”.

Bu sözləri martın 14-də keçirilən məhkəmə prosesində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov, onu qızı Nigar Alışanova və bacısı oğlu Dəyanət Cəfərovu öldürmək cəhdində ittiham edilən dörd nəfərdən biri - Şücaət Əkbərov deyib.

Onunla birgə Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun da məhkəməsi davam edir.

Ş.Əkbərov yazılı ərizə ilə məhkəmə tərkibinə etiraz edib. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Arif Alışanovla dostdur, ona görə də bu məhkəmədə onun adı keçən işdə ədalətli qərar çıxarılacağına inanmır.

AzTV sədrini tamah məqsədilə öldürmək cəhdində, onu 4,6 milyon manatını ələ keçirib dələduzluqda ittiham edilən Ş.Əkbərov və digərlərinin işinə hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

Təqsirləndirilən şəxs xatırladıb ki, keçən məhkəmədə hakim Ə.Hacıyev onun ailə üzvlərinə qarşı da qərəzli davranıb, qızlarını zaldan çıxarıb:

"Bircə vəsatətimiz də təmin olunmayıb. Bu, qərəz deyil, bəs nədir? Keçən dəfə qızımı kobud ifadələrlə təhqir edib çıxardınız. Bütün bunlardan sonra mən nə ədalət gözləyim?”

Ş.Əkbərovun vəkili Bəxtiyar Hacıyev də müvəkkilinin dediklərini təkrarlayaraq bildirib ki, işin obyektiv araşdırılması üçün verilmiş vəsatətlərin heç biri təmin olunmur. Vəkil bu cinayət işinin istintaqında çoxlu pozuntuya yol verildiyini, bu səbəbdən işin yenidən istintaqa qaytarılması barədə qaldırdığı vəsatəti xatırladıb.

O vurğulayıb ki, işin hallarının obyektiv araşdırılması üçün şəxsən Arif Alışanov özü də məhkəməyə gəlməlidir. Amma hakimlər məhkəmənin hazırlıq iclasında onun məhkəməyə çağrılması barədə verilmiş vəsatəti də təmin etməyib.

Müdafiə tərəfi bildirib ki, etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Hakimlər isə etirazın əsassız olduğunu bildirərək, onu ümumiyyətlə, baxılmamış saxlayıb.

Vəkil Bəxtiyar Hacıyev növbəti vəsatətində müvəkkilinə vaxt verilməsini istəyib. Bildirib ki, Ş.Əkbərov latın əlifbası ilə oxuya bilmir, ona kiril əlifbası ilə hazırlanmış materiallarla tanış olmağa imkan yaradılmayıb: "Bu halda əlbəttə ki, o, öz müdafiəsini qura bilməyəcək. Xahiş edirəm, məhkəmə təxirə salınsın, Şücaət Əkbərovun materiallarla tanış olması təmin edilsin”.

Arif Alışanov

Məhkəmə bu vəsatəti də təmin etməyib. Hakim Ə.Hacıyev bildirib ki, təqsirləndirilən şəxs istədiyi vaxt materiallarla tanış ola bilər, bundan ötrü prosesi təxirə salmağa ehtiyac yoxdur:

"Bu, prosesi əsassız yerə uzatmaq olacaq”.

Ş.Əkbərovun vəkillərinin daha bir vəsatəti isə 2013-2017-ci illərdə A.Alışanov və yaxınlarının adına edilmiş alqı-satqıların müəyyənləşdirilməsi üçün Şamaxı rayonunda fəaliyyət göstərən notariat kontoruna sorğu verilməsi olub. Bu vəsatət də baxılmamış saxlanılıb, hakim deyib ki, dindirmələr başa çatandan sonra sənədlərin tədqiqi mərhələsində lazım olsa, bu məsələyə yenidən baxılar.

Ş.Əkbərovun vəkilləri bundan sonra 2013-2016-ci illər ərzində A.Alışanovun aldığı əməkhaqqı və onun əmlakı barədə maliyyə arayışı alınması üçün məhkəmənin müvafiq orqana sorğu göndərməsi haqda vəsatət verib:

"Bu işdə 6 milyona yaxın puldan, əmlakdan söhbət gedir. Arif Alışanovda hardandı bu pullar? Necə qazanıb? Hansı yolla? O boyda torpağın hansı pulla alınması məlum deyil. Məhkəmə bunu müəyyənləşdirməlidir”.

A.Alışanov və yaxınlarını məhkəmədə təmsil edən vəkillər bu vəsatətə etiraz ediblər. Təqsirləndirilən şəxslərdən Aqşin Hüseynovun vəkili də onlara qoşulub.

Məhkəmə bu vəsatəti də təmin etməyib. Hakim bildirib ki, əmlakların hansı pulla alınması Aışanovun şəxsi işidir:

"Məhkəmə bu məsələyə baxmır. Bəlkə milyonlar ona babasından qalıb, biz nə bilək? Biz ancaq verilən ittiham çərçivəsində işə baxırıq. Məhkəmə ona qarşı sui-qəsd məsələni araşdırır”.

Ş.Əkbərov bir daha A.Alışanovun məhkəməyə çağrılmasını tələb edib:

"Nümayəndəsinin sualına cavab vermirəm, özü gəlsin bura”.

Məhkəmə prosesi martın 30-da digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.

İttihama əsasən, Ş.Əkbərov Şamaxıda torpaq sahələri almaq adı ilə A.Alışanovdan bir neçə dəfəyə 4,6 milyon manat pul alıb və həmin vəsaiti ələ keçirib. Elə buna görə də onu öldürməyi planlaşdırıb, bu məqsədlə dəstə yaradıb. Planlar arasında Alışanovun avtomobilini Şamaxı aşırımında vurub dərəyə aşırmaq, bu, baş tutmadıqda, onu güllələmək olub.

Ş.Əkbərov isə bildirir ki, hamısı şər-böhtandır. O, maklerlik edib, A.Alışanov da ona satılan əmlakları tapıb, onu məlumatlandırdığına görə pul verib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, A.Alışanovun cinayət xarakterli əməllərini bildiyinə görə AzTV sədri onu aradan götürmək istəyir. Söhbət həm də gənc qızın ölümündən gedir.

A.Alışanovun nümayəndəsi Zaur Abbasov isə adam öldürmə ilə bağlı ittihamın böhtan olduğunu bildirib:

"Şücayət Əkbərov istintaqda da bunu demişdi. Müstəntiq tərəfindən araşdırıldı və heç bir nəticə ortaya çıxmadı...”///meydan.tv