Hakim narkotik satışı işində rüşvət almaqda ittiham olunur

Hakim narkotik satışı işində rüşvət almaqda ittiham olunur

08-02-2024 19:34 / Bu xəbər 825 dəfə oxundu

Elsun Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib

Bərdə Rayon məhkəməsinin hakimi Elsun Əhmədovun haqqında külli miqdarda rüşvət alma ittihamıyla cinayət işi başlanıb. 

O, icraatında olan narkotik satışıyla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsin ailə üzvlərindən rüşvət almaqda təqsirləndirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 8-də Elsun Əhmədova qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Lakin o, həbs olunmayıb. Prokurorun təqdimatıyla məhkəmə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilməsinə qərar verib.

"Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərilə bağlı vətəndaşın müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb. 

Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul almasına əsaslı şübhələr müəyyən edilib.

Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyinə görə Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb”, – Baş Prokurorluğun məlumatında bildirilir.

Elsun Əhmədov haqqında cinayət işinin istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır. 

Onun ittiham olunduğu maddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Elsun Əhmədov 2021-ci ilin fevralında Bərdə rayon Məhkəməsinin hakimi təyin olunub. Bundan öncə o, məhkəmə iclas katibi işləyib.

Hakim Elsun Əhmədovun fəaliyyətilə bağlı Bərdə sakinlərinin şikayətləri əsasında Meydan TV-də bir neçə material yayımlanıb. 

Sakinlər bu hakimin sifarişli və qanunsuz qərarlar verdiyini iddia edirdilər.

Bərdə Rayon Məhkəməsi və Elsun Əhmədovun özü səslənən ittihamlarla bağlı Meydan TV-nin sorğularını cavabsız qoyub.