"Hakimiyyət məsuliyyət daşıyır" - NİDA bəyanat yaydı

18-08-2017 14:37 / Bu xəbər 1292 dəfə oxundu

Bu gün, 18 avqustda 13 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan İlkin Rüstəmzadənin həbsxananın rəis müavini tərəfindən təhdid olunduğu barədə məlumat yayılıb. 

Arqument.Az xəbər verir ki, məlumatı məhbusun valideynləri yayıb. Məhbusun anası Atlas Hüseynova oğlunun həyatına təhlükə yarandığını deyib. 

Olayla bağlı NİDA Vətəndaş Hərəkatı bəyanat yayıb. Bəyanatda deyilir: "Nidaçı siyasi məhbus İlkin Rüstəmzadəyə qarşı təzyiqlər davam edir. Bu gün İlkinin atası Bakir Rüstəmzadə İlkinin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. Görüş zamanı Ilkin bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsinin yeni təyin olunmuş rəis müavini Elçin Əlicanov İlkini açıq şəkildə ölümlə təhdid edib. 

NİDA Vətəndaş Hərəkatı olaraq bildiririk ki, həbsxanalarda İlkin Rüstəmzadə və digər siyasi məhbusların başına gələ biləcək istənilən hadisəyə görə İlham Əliyev başda olmaqla hazırki siyasi hakimiyyət məsuliyyət daşıyır. 

Son vaxtlar Mehman Qələndərovun müəmmalı ölümü, Abbas Hüseyn və digər nidaçı siyasi məhbus Qiyas İbrahimovun işgəncəyə məruz qalması həbsxanalardakı vəziyyətlə bağlı bizim narahatlığımızı artırır.

NİDA Vətəndaş Hərəkatı bütün yerli və beynəlxalq ictimaiyyəti İlkin Rüstəmzadənin aktiv müdafiəsinə çağırır və bildirir ki, yalnız aktiv müdafiə İlkinin həbsxanada provokasiyalardan qoruya bilər. 

NİDA Vətəndaş Hərəkatı hakimiyyəti İlkin Rüstəmzadə və digər siyasi məhbusları ən qısa zaman ərzində həbsdən azad edərək ölkədə gərginliyi azaltmağa çağırır".

İ.Rüstəmzadə 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbs olunub.

Ona Azərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq hesab edir ki, İ. Rüstəmzadə Bakı bulvarında «Harlem Shake» rəqs fleşmobu təşkil edərkən xuliqanlığa yol verib. Fleşmob YouTube-də də yerləşdirilib.

Sonradan İ.Rüstəmzadə və digər yeddi fəala kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsi İ.Rüstəmzadə ilə bağlı iki şikayəti araşdırır.

«Amnesty International» İ.Rüstəmzadəni vicdan məhbusu kimi tanıyıb.