Hakimiyyətin ötürülməsi prosesi: yeni konfiqurasiya, yoxsa formal keçid?!

Hakimiyyətin ötürülməsi prosesi: yeni konfiqurasiya, yoxsa formal keçid?!

30-04-2020 15:41 / Bu xəbər 1412 dəfə oxundu

Akif Qurbanov
Seçki məsələləri üzrə ekspert

Daha öncə də bir neçə dəfə səsləndirdiyim kimi, ölkədə hakimiyyətin ötürülməsi prosesi gedir - formal keçidə hazırlaşırlar. İnformasiya yetərsizliyi dəqiq səbəbləri bilməyimizə imkan verməsə də, mövcud məlumatlar, güman və təhlillər üzərindən gələ biləcəyimiz ağlabatan qənaət odur ki, hakimiyyəti bu keçidə məcbur edən bir çox əsaslar var. Bu əsaslara ailə hakimiyyətinin uzun ömürlülüyünün təmini naminə ortaya qoyulan siyasi iradə ilə bərbabər, hətta qeyri-iradi, yəni hakimiyyətin məcbur olduğu səbəblər də mövcuddur.

2016-cı ildən bu yana baş verənlər - islahatın dərinləşməsi, yumşalma təbliğatı, köhnə simaların yenilərlə əvəzlənməsi, yeni parlament, dialoq, yeni siyasi konfiqurasiya və s. bunların hamısı bu keçid planının "hekayə quruculuğu"dur. Əlbəttə ki, bu sadalananlar təməli boş, yalançı vədlərə söykənir. Gerçəyə çevrilə bilməməsinin həlledici səbəbi mövcud siyasi iradənin istək və məqsədlərinə, belə desək, həm də "kimyası"na ziddir.

Məsələn, dialoq deyilən bir proses heç də yalnız parlament seçkilərinin nəticəsindən doğan daxili və beynəlxalq narazılığı sakitləşdirməyə yox, əslində, daha çox vaxtından əvvəl, həm də çox yaxında planlanan növbəti prezident seçkilərinin hazırlığı üçün "alt yapı" quruculuğudur. Parlamentə boş qalmış 4 yerə keçiriləcək seçkilərin də nəticəsi məhz bu plana uyğun dizayn ediləcək.

"Antikorrupsion tədbirlər" və kadr dəyişiklikləri də bu hekayə quruculuğunun paralel icrasıdır. Bilindiyi kimi bu, təkcə kadr dəyişimilə davam etmir, gələcəkdə planlanan keçid prosesinə və onun hakimiyyətdə mövcudluğuna mane ola biləcək nəzəri riskərin də təmizlənməsi məqsədi daşıyır. Yəni hakimiyyətin təbii mahiyyətindən doğan gücün hesabına əldə olunan resursların, xüsusilə də maliyyə və mülkiyyətin kənarlaşdırılanların əlindən alınması da kadr əvəzlənməsinə paralel olaraq icra edilir. Bu addımlardakı məqsəd, əslində çox sadədir: hakimiyyəti mərkəzləşdirərkən maliyyəni unutmamaq.

Dərd orasındadır ki, bu "hekayə quruculuğu"nun içinin boş olduğuna həm cəmiyyəti, həm də beynəlxalq rəyi inandırmaq xeyli zamanımızı alır. Təəssüf ki, bu prosesdə "hekayə quruculuğu”nun müəyyən müddətə "betonlanması”nda zaman-zaman içimizdə və çölümüzdə olan fərdlər və ya qrupların potensial müttəfiqliyinin də neqativ rolu olur. Həmçinin burada obyektiv səbəblərlə yanaşı, demokratik camiyyə təmsilçilərinin də (bir öncəki statusda dediyim kimi) siyasətdə qırmızı xətlər prinsipinin olmaması və ya ona əməl etməməsinin rolu da az deyil.

Davamı olacaq…
 
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.