Hamı məndən boylanardı dünyaya - Şeir

Hamı məndən boylanardı dünyaya - Şeir

30-06-2020 23:08 / Bu xəbər 1911 dəfə oxundu

Rüfət Hüseynli

su olsaydım, 
göydə buluda, yerdə dənizə çevrilərdim, 
dalğalarım yalayardı sahilləri, 
gah sillə, gah sığal çəkərdi boz qayalara...
sonra,
sonra
dalğa-dalğa yeniləşər, 
bütövləşər, 
rəng verib, rəng alardı sularım,
bulanardım, durulardım,
ümman olardım...

hava olsaydım,
aramsız əsərdim bu şəhərin üstündə...
rüzgara kimi döyəclərdim bağlı qapıları, 
qaçırardım yatmışların yuxusunu,
əsə-əsə saflaşardım,
arınardım, 
külək olardım...

atəş olsaydım, 
yandırardım yalanları, 
dünyanın əclaf adamlarını, 
isidərdim evsiz-eşiksiz qalan 
küçə uşaqlarının soyuqdan donmüş nəfəsini,
bitərdim kimsəsiz qocaların 
işığa tamarzı alın qırışlarında...
hər gün hər kəs üçün doğardım üfüqdən,
boylanardım kainatın qaranlıq üzünə,
günəş olardım...

torpaq olsaydım, 
hamı məndən boylanardı dünyaya
məndən uca bir məkana 
heç xəritədə də rast gəlməzdin...
küləklər dolaşardı yamaclarımda, 
günəşi mən saxlardım göyün üzündə.
ümman qarışardı ətəklərimdə... 

və illər ötüşəndə,
gələnlər gedəndə,
yaşayanlar öləndə,
diri qalardım, 
sağ olardım, 
dağ olardım...

...insan oldum mən.