Hazırda həbsdə olan Akif Qurbanov kimdir?

Hazırda həbsdə olan Akif Qurbanov kimdir?

01-05-2024 23:03 / Bu xəbər 1567 dəfə oxundu

Akif Qurbanov, eləcə də digər siyasətçi və fəallar 2023-cü ilin 7 dekabrında III Respublika Platformasını təsis edəndə buna hakimiyyətin reaksiyası maraqla gözlənilirdi. 

Qısa müddət sonra o, izləndiyi barədə məlumatlar yaymağa başladı.

3 ay sonra – 2024-cü ilin 6 martında platformanın spikeri Akif Qurbanov həbs edildi.

Hakimiyyətin cəmi 3 ay dözdüyü bu platformanın spikeri kimdir və həbsi niyə siyasi sifariş hesab edilir?

Akif Qurbanov – 3 avqust 1981-ci ildə Gürcüstan SSR-də anadan olub. 1998-ci ildə Bakı şəhərində 289 saylı Zəngi liseyini bitirib.

1998-2004-cü illərdə ilk ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində alıb.

2002-2005-ci illərdə Ümid Partiyasının Gənclərlə iş üzrə sədr müavini vəzifəsini tutub. 

2005-2006-cü illərdə Ümid Partiyası Mərkəzi Seçki Qərargahının rəhbəri olub, 2006-2016-cı illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.

O, 2003-cü il hadisələrində yaxından iştirak edib və bu səbəblə həbs edilib.

2008-ci ildə Strasburqda Avropa Şurası yanında Siyasət Məktəbini bitirib.

2013-2016-cı illərdə Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alıb.

2013-cü ildən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəridir.

Həmin tarixdən bu günədək institut çərçivəsində liderlik, jurnalistika, hüquq, iqtisadiyyat kimi sahələrdə silsilə təlimləri həyata keçirməklə, yüzlərlə gəncin maariflənməsinə, ictimai proseslərə və vətəndaş cəmiyyətinə qoşulmasına töhfə verib.

Akif Qurbanov xaricdən maliyyələşməkdə, qaçaqmalçılıqda ittiham edilir. 

Beynəlxalq hüquq-müdafiə təşkilatları bu həbsləri siyasi sifarişli hesab edir və pisləyir. 

Akif Qurbanov da digər məsləkdaşları kimi həbsini sifarişli adlandırır, ittihamları rədd edir. 

Ailəlidir, üç övladı var.