“Həbs olunan icra başçılarına görə İlham Əliyev siyasi və mənəvi məsuliyyət daşıyır”

“Həbs olunan icra başçılarına görə İlham Əliyev siyasi və mənəvi məsuliyyət daşıyır”

09-05-2020 23:57 / Bu xəbər 1581 dəfə oxundu

Hakimiyyət icra başçılarının həbs dalğasını korrupsiyaya qarşı mübarizə kimi təqdim etsə də, siyasi təhlilçilər fərqli fikirdədir. 

Hesab edirlər ki, baş verənlər birmənalı siyasi hadisələrdir. 

Korrupsiyaya qarşı mübarizə isə sadəcə, görüntü və əhalidə yalançı ümid yaratmaq cəhdidir.

Ölkədə baş verən son hadisələri "Azadliq.info”ya şərh edən Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov da bu fikirdədir. 

"İlham Əliyevin xəbəri olmayıbsa, bu halda da prosesə nəzarət etməməyə görə məsuliyyət daşıyır”

- Məsələn, 2005-ci ildə parlament seçkiləri öncəsi regionda baş verən məxməri inqilablar fonunda Azərbaycanda da dəyişim ab-havası, protest elektoratı vardı. Bu zaman nəinki icra başçıları, bir neçə nazir və nazir səviyyəsində olan şəxslər – səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezidentin İşlər İdarəsinin müdiri Akif Muradverdiyev həbs edildi. Bənzər hadisə 2015-ci ildə parlament seçkiləri öncəsi baş verdi. MTN-də böyük bir əməliyyat aparıldı, ardınca Beynəlxalq Bankın rəhbəri həbs olundu. İndiki icra başçılarına qarşı addımlar da o qəbildəndir və hakimiyyətin ictimai rəydə yaratmaq istədiyi dəyişiklik fonunda baş verir. Prezident bugünlərdə yeni baş prokurorla söhbətində icra başçılarının həbsinə toxunaraq dedi ki, "bəzi məmurlar pul verib vəzifəyə təyin olunur”. Sual olunur: o pul kimə verilirdi, o adamları vəzifəyə təyin edən kim idi? İcra başçıları pulla vəzifəyə təyin olunubsa, onları vəzifəyə təyin edən şəxs kimi, prezidentin özü də məsuliyyət daşıyır. Fərz edək ki, bunun arxasında onların təyinatı üçün prezidentə təqdimat hazırlayanlar dayanıb, İlham Əliyevin bundan xəbəri olmayıb. Bu halda da prosesə nəzarət etməməyə görə məsuliyyət daşıyır. Siyasi və mənəvi məsuliyyət daşıdığına görə də ən yaxşı halda, istefa verməli, pis halda, üzr istəməliydi. Türkiyə nümunəsini misal çəkə bilərik. Ərdoğan avtoritar yanaşmasından dolayı, gərəkli addımı atmasa da, ən azı, "qandırıldım” deməklə cəmiyyətə üzrxahlığını təqdim edirdi. Bizim situasiyada bilmirik ki, prezidenti aldadıblar, ya yox. Bu, çox önəmlidir. Söhbət məktəb direktorunun təyinatından yox, icra başçısından gedir".

- Bu həbsləri hakimiyyətin siyasi dəyişim planlarının tərkib hissəsi hesab edənlər də var…

- 2005-ci ildə baş verənlərlə hansı fon yaradılırdı? Dövlət içindəki korrupsiyaya qarşı mübarizə. Zinət əşyalarını, qızıl külçələri telekanallarda nümayiş etdirib deyirdilər ki, Əli İnsanovun evindən tapılıb. Görüntü yaradılırdı ki, hakimiyyət korrupsionerlərdən təmizlənir. O zaman məxməri inqilab dalğası vardı, bu da korrupsiyalaşmış, avtoritar hakimiyyətlərin dəyişimini zəruri edirdi. İlham Əliyev də yeni islahatçı obrazıyla bunu həyata keçirirdi. 2015-ci ildə baş verənlər də eyni qaydada oldu. Cahangir Hacıyevin həbsilə göstərirdilər ki, iqtisadi böhran dövründə ölkənin pulunu düzgün istiqamətdə xərcləməyən, dövlət vəsaitini mənimsəyən şəxs cəzalandırılır. MTN-dəki əməliyyatla da vətəndaşlara zor tətbiq edən, rüşvət alanların cəzalanması görüntüsü yaradılırdı. Bunlar 2015-ci ildə ardıcıl iki devalvasiya, iqtisadi böhran fonunda sanki hakimiyyətin vəziyyətdən çıxış yolu kimi gördüyü tədbirlər idi. İndi icra başçılarının həbsi də parlament seçkilərindən öncə başlamış prosesin dalğasıdır. Bu, əslində, 2016-cı il referendumuyla başlayan siyasi proseslərin davamıdır", - Akif Qurbanov bildirib.

"İcra başçılarının həbsində həm köhnə komandanın cəzalandırılması elementləri var, həm də ictimai rəydə yalançı ümid yaratmaq cəhdləri…”

- Konkret hansı siyasi prosesdən söhbət gedir?

- O referendum elə-belə baş vermədi. Burada hakimiyyətdaxili ötürmə, eyni zamanda, Ailənin içində ötürmə və onların nəzarəti altında hakimiyyətin qorunub saxlanmasından gedir. Bundan sonra hakimiyyətin daxilinin köhnə eşelondan təmizlənib, yenilərlə əvəzlənməsi prosesi başladı. Prezident Administrasiyasının rəhbəri, şöbə müdirləri… – köhnə komanda çıxarıldı. Seçki ərəfəsində də aşağıda xalqı bezdirən məmurların, yerli icra hakimiyyəti orqanlarında təmsil olunanların cəzalandırılması prosesi başladı", - İDİ sədri deyib. 

- Deməli, baş verənləri siz də köhnə komandanın cəzalandırılması kimi qiymətləndirirsiniz?

- Burada köhnə komandanın cəzalandırılması da var. Biz gördük ki, köhnə komandanın cəzalandırılması təkcə vəzifədən çıxarılma ilə bitmədi. Hakimiyyətdə olduqları dövrdə əldə etdikləri əmlak və və maliyyənin əllərindən alınması da baş verdi. Bunun rəsmi və qeyri-rəsmi tərəfləri var. Azərbaycan kiçik ölkədir, burada baş verənləri asanlıqla qiymətləndirmək olur. Məsələn, Əli Həsənovun nəzarətində olan "Xəzər” telekanalı, media orqanları yeni komandanın nəzarətinə keçdi. Başqalarının da əlindən bank, ticarət şəbəkələri və s. alınıb, hakimiyyətdə yeni komandada təmsil olunan, Ailəyə bağlı olduğu bildirilən adamlara həvalə edildi. Burada bir təmərküzləşmə görürük. Bəzi məmurlar çıxarılır, formal da olsa, xoş yola salınsa da, sahib olduqları maddi resurslar nəzarətə götürülür ki, sonradan revanş məqsədilə istifadə olunmasın. İcra başçılarıyla bağlı məsələdə həm köhnə komandanın cəzalandırılması elementləri var, həm də ictimai rəydə yalançı ümid yaratmaq cəhdləri. Yeni komanda islahatçı, yenilikçi, korrupsiyadan uzaq, əksinə, rüşvətxorları cəzalandıran heyət kimi təqdim olunur.

- İcra hakimiyyəti sistemi köhnə kadrlardan təmizləndi, bəs sonrası? Vəziyyət ciddi şəkildə dəyişəcəkmi?

- Prinsipcə, dəyişəcək bir şey yoxdur. Çünki şəxslərin dəyişməsilə problemin çözümü mümkün deyil. Bugünlərdə yeni baş prokuror təyin edildi. Uzun müddət Baş prokurorun müavini olub, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəhbərlik edib. Hansı səmərəli fəaliyyətinə görə onu layiq gördülər? Hakimiyyət cəmiyyəti inandırmaq istəsəydi, onun səmərəli fəaliyyətinin nədən ibarət olduğunu göstərərdi. Ölkə korrupsiyanın səviyyəsinə görə beynəlxalq reytinq cədvəllərində üst sıralarda qərarlaşıb. Korrupsiyaya qarşı mübarizədə hansı nailiyyətlərdən söhbət gedə bilər? Bunlar aydın göstərir ki, indiki halda, gerçək dəyişiklikdən, institusional dəyişiklikdən danışmaq mənasızdır. İslahat fərdlər üzərində baş vermir, institusional olur.

"Bir nömrəli qayğı hakimiyyəti qoruyub saxlamaqdır”

- Dediniz ki, indiki siyasi proseslərin kökü 2016-cı il referendumuna gedib çıxır. Həmin o prosesin bundan sonrakı davamında yenidən Konstitusiyaya, yaxud seçki sisteminə hansısa dəyişikliklər ehtimal olunurmu?

- 2016-cı il referendumu hakimiyyəti məcbur edən səbəblərdən qaynaqlanırdı. Bir nömrəli qayğı hakimiyyəti qoruyub saxlamaq və davam etdirməkdi. Bunun üçün hansı formul lazımdırsa, ondan istifadə etməyi düşünürlər. Həmişə öyünürdülər ki, analoqu olmayan ölkəyik, analoqu olmayan iqtisadi inkişaf göstəricilərimiz var. Analoqu olmayan bir siyasi sistem də gətirdilər – vitse-prezidentlik institutu tətbiq edildi. Dördüncü ildir artıq, ancaq bu vitse-prezidentlik institutunun heç bir statusu yoxdur. Prezident öz həyat yoldaşını birinci vitse-prezident təyin etdi. İstər imic, istər siyasi etimad, iqtisadi inkişafın gələcəyi baxımdan ölkədə də, regionda da, dünyada da cox ciddi suallar yaratdı. Buna baxmayaraq, İlham Əliyev nümayişkəranə şəkildə dedi ki, "mən bilirdim buna necə reaksiya veriləcək, amma bunu etdim və doğru da elədim”. Özü və təbliğatçıları vasitəsilə cəmiyyətə də, beynəlxalq ictimaiyyətə də bunu ötürməyə çalışdılar. Görünən odur ki, "biz necə istəyirik, elə edirik” deyimi ancaq daxili auditoriya üçün keçərlidir, beynəlxalq auditoriya üçün yox. Fikrimcə, bu proje alınmadı. Üstəlik, regionda da hadisələr dəyişdi. Gürcüstan yarı parlament respublikasından parlament respublikası sisteminə keçdi. Faktiki olaraq da artıq tamamilə proporsional sistemə keçid edib. Ermənistanda nəinki sistem, hakimiyyət də dəyişdi. Bütün bunlar 2016-cı ildən sonra oldu. Bunların fonunda Azərbaycanda baş verənlərin qəbulu mümkün görünmədi. Hətta Orta Asiyada da dəyişikliklər oldu. Məsələn, Özbəkistanda hakimiyyət dəyişdi, müsbətə doğru xeyli addımlar atıldı. Hətta Qazaxıstanda belə, model dəyişdi. Faktiki Nazarbayev hakimiyyətə nəzarətini qoruyub saxlasa da, vizual olaraq, forma dəyişdi. Vizual formallıq da beynəlxalq tərəfdaşlar tərəfindən yeni ümid kimi göründü. Azərbaycanda isə əvvəl islahatlara ümid vardısa belə, siyasi hakimiyyətdə baş verənlər ümidləri qırdı.

"Hakimiyyət vaxt qazanmaq üçün daxildə özünə partnyorlar tapıb, yeni prosesin başlanması görüntüsünü yaradır”

- AXCP-yə qarşı sərt münasibət məlumdur. Bu partiya xaricində digər müxalif siyasi qüvvələrə qarşı bir yumşalma hiss olunur. Bəs bunu necə, müxalifətə münasibətdə dəyişiklik saymaq olarmı?

Hakimiyyət hər hansı yumşalma siyasəti aparmır. Bunu gözləmək də ya Azərbaycan hakimiyyətini tanımamaqdan, ya sadəlövhlükdən irəli gələ bilər. Yaxşı başa düşürlər ki, gerçək islahatlar onun hakimiyyəti itirməsi deməkdir. Bunu bildiyi üçün də həmin addımlara getmir. Dünyadakı nümunələr də göstərir ki, uzunmüddətli avtoritar idarəetmə təcrübəsinə malik sistem islahatlara başlayanda sonda hakimiyyəti itirməklə nəticələnir. Mümkün deyil ki, sistemi dəyişəsən, amma eyni hakimiyyəti yerində saxlayasan.

- Bəs o zaman ReAL və digər siyasi qüvvələrlə dialoqa getmək nə deməkdir?

- İndiki vəziyyətdə müxalifətə, xüsusən AXCP və Milli Şuraya qarşı radikal münasibətin səbəbi həm də ictimai rəyə təsir etmək imkanlarıyla bağlıdır. Hakimiyyətin qarşısındakı ən böyük sorun ictimai rəyi idarə etməkdir. Hesab edir ki, ictimai rəyi tənzimləmək üçün müxtəlif ictimai rəy təmsilçilərini ya sıxışdırmaq, ya da anlaşmaq lazımdır. Hakimiyyət düşünmürdü ki, AXCP və Müsavat onun təklif etdiyi şərtlər altında dialoqa qoşulacaq. Yəni onlar imtina etdi deyə, hakimiyyət qıcıqlandı yanaşması doğru deyil. Hakimiyyət yaxşı başa düşürdü ki, nə təklif edir, buna Xalq Cəbhəsi və Müsavat partiyasının reaksiyası necə olacaq. Bunu bilərəkdən elədilər ki, qarşı tərəfi dialoqdan imtina edən tərəf kimi təqdim edib, prosesi başqalarıyla aparsınlar. Hər siyasi əhəmiyyətli proses dönəmində Azərbaycan hakimiyyətinin özü üçün müəyyənləşdirdiyi oyun qaydası var. Kobud çıxsa da, bir xoxan obrazı yaratmağa çalışır. Bəlli siyasi qüvvələri həm cəmiyyətə, həm beynəlxalq aləmə desktruktiv təqdim etməyə çalışır. Göstərmək istəyir ki, bunlarla anlaşmaq mümkün deyil, onların yanında olmaq da təhlükəlidir. Cəmiyyətdəki düşünən insanları da qorxudur ki, "onların yanında olmağa meyl etsən, cəzalandıraram”. Qarşılarına qoyduqları məqsədə çatmaq üçün təəssüf ki, özlərinə partnyorlar da tapırlar. Bu partnyorlar da onlara daha çox beynəlxalq proseslərdə oynamaq üçün lazım olur. Təəssüf ki, yerli və beynəlxalq ictimaiyyəti bütün bu proseslərin islahat yox, sabun köpüyü olduğuna, yeni dönəm üçün hakimiyyətin hekayə quruculuğuyla məşğul olduğuna inandırmaq üçün xeyli zamana, enerjiyə ehtiyac olur. Nəticə etibarilə onlar da öz hakimiyyətini sürdürməyə nail ola bilir. Zaman-zaman quraşdırılan oyunlar da buna xidmət edir. Məqsəd hakimiyyəti qoruyub saxlamaq, vasitə isə zaman əldə etmək. Zaman əldə etməkdən ötrü də daxildə özünə partnyorlar tapıb, yeni prosesin başlanması görüntüsünü yaradır. Xarici tərəflərə də vədlər verilir, formal sənədlər qəbul edilir.

- Yeni formalaşmış parlamentin heç hakimiyyətin özünün də maraqlarına cavab verməməsi, bu üzdən yenidən erkən parlament, hətta prezident seçkilərinin də keçirilməsi ehtimalları səsləndirilir. Sizcə də realdırmı?

- Çox aydın görünür ki, hakimiyyəti məcbur edən səbəblər var. Bu səbəblər arasında bioloji, geopolitik məsələlər, iqtisadi böhranın yaratdığı çətinliklər ola bilər. Rusiyada da müəyyən proses gedir, referendum vasitəsilə Konstitusiya dəyişikliyi və nəticə etibarilə sistemin dəyişməsi gözlənilir. Bunların fonunda Azərbaycanda da sistem dəyişikliyi mümkündür. Formal olaraq, proporsional sistem tətbiqi həyata keçirilə bilər. Güman etmirəm ki, klassik parlament respublikası olsun. Çünki bunun üçün institusional dəyişiklik baş verməlidir. Bu da siyasi fəallığa, ciddi siyasi dəyişikliklərə gətirib çıxaracaq. Bu halda isə hakimiyyətin prosesi nəzarətdə saxlaması çətinləşir. Əksinə, hakimiyyət siyasi proseslərin inkişafında maraqlı deyil. Elə ona görə indiki majoritar sistemin gətirilməsi, partiyaların nüfuzunun öldürülməsinə çalışırdı. Formal da olsa, proporsional sistemin gətirilməsi mümkündür, amma az ehtimal olunur. Məncə, daha çox növbədənkənar prezident seçkilərindən söhbət gedə bilər. Bu barədə informasiyalar da eşidirik. 2016-cı ildən bu yana baş vermiş dəyişikliklər, vitse-prezidentin komandasının prezidentin komandasına çevrilməsi də bu ehtimalları artırır.