Həbs olunan jurnalist hakimə: “Siz məni ölümə göndərirsiniz”
17-01-2025 21:43 / Bu xəbər 159 dəfə oxundu
O, bədənindəki çoxsaylı əməliyyat izlərini hakim Fuad Axundova göstərib
"Toplum TV”nin əməkdaşı, jurnalist Fərid İsmayılov yanvarın 17-də Xətai Rayon Məhkəməsində barəsində həbs qərarı verilən məhkəmədə köynəyini çıxararaq, bədənindəki çoxsaylı əməliyyat izlərini hakim Fuad Axundova göstərib.
O bildirib ki, hərbi xidmətdə aldığı xəsarət nəticəsində dəfələrlə əməliyyat olunub və hazırda səhhətində ciddi problemlər var.
"Mən ümumilikdə 7 dəfə əməliyyat olunmuşam. Bunun 6 dəfəsi ürəyimdən və ağciyərimdən olub. Siz mənim haqqımda bu qərarı verməklə məni ölümə göndərirsiniz”, – Fərid İsmayılov hakimə deyib.
Buna baxmayaraq, hakim Fuad Axundov jurnalistin həbsi üçün prokurorun verdiyi təqdimatı təmin edib və onun haqqında istintaq dövrü üçün 2 ay 20 günlük həbs qətimkan tədbiri seçib.
Jurnalist Fərid İsmayılov "Toplum TV” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 9 nəfərdən biridir.
Onunla yanaşı, "Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Platformanın Qurucu Heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynalov da 2024-cü il martın 6-dan həbsdədir.
Daha bir nəfər gənc fəal Elmir Abbasov da "Toplum TV” ilə bağlı cinayət işi üzrə təqsirləndirilir, barəsində istintaq dövrü üçün həbsə alternativ qətimkan tədbiri seçilib.
Həbsdə olan digər çoxsaylı jurnalistlər kimi, "Toplum TV” əməkdaşlarına qarşı da qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.