Həbsdə aclıq edən keçmiş diplomat: “Bilirəm ki, aclığın sonunda ölsəm də…”
06-08-2024 16:39 / Bu xəbər 624 dəfə oxundu
Emin İbrahimov aclıq etdiyi 13 gün ərzində 7 kiloqramdan çox çəki itirdiyini bildirib
Həbsdə olan keçmiş diplomat – Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış, ölkədə insanların hüquq və azadlıqlarının boğulmasına, seçkilərin saxtalaşdırılmasına etiraz olaraq öz ərizəsilə diplomatik xidmətdən azad olunmuş Emin İbrahimovun 13 gündür aclığı davam etdirdiyi bildirilir.
Bu barədə "Müdafiə Xətti” insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
Hüquq müdafiəçisi bildirib ki, Emin İbrahimov Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır. O, aclıq etdiyi 13 gün ərzində 7 kiloqramdan çox çəki itirib.
Avqustun 5-də vəkillərindən Bəhruz Bayramov təcridxanada Emin İbrahimovla görüşüb. Müdafiəçi aclığın müvəkkilinin orqanizminə mənfi təsirini, onun halsız olduğunu müşahidə edib. Bu səbəbdən də hüquqlarını müdafiə etdiyi sabiq diplomatdan aclığı dayandırmasını istəyib. Lakin Emin İbrahimov imtina edib.
"Mən bilirəm ki, aclığın sonunda ölsəm də, bu hökumət məni azadlığa buraxmayacaq. Bununla belə, davam etdirəcəyəm…”, – Emin İbrahimov vəkilinə belə deyib.
Keçmiş diplomatın aclıq etdiyini Penitensiar Xidmət də təsdiqləyib. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Emin İbrahimov aclıq etməsi haqda iyulun 28-də ərizə ilə müraciət edib. Ərizədə göstərib ki, barəsində cinayət işinin başlanmasına etiraz əlaməti olaraq, bu addımı atıb.
Emin İbrahimov iyulun 22-də metronun "Xalqlar dostluğu” stansiyasının yaxınlığında Kamal Şükürov adlı birinə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. O, bu ittihamın saxta olduğunu, həbs edilməsi üçün öncədən planlaşdırılmış ssenari həyata keçirildiyini bildirib. Hesab edir ki, bıçaqlandığı iddia olunan Kamal Şükürovdan da bu ssenarinin həyata keçirilməsində istifadə olunur.
"Mən diktatura rejiminin qurbanıyam”, – Emin İbrahimov barəsində həbs qərarı verilən məhkəmədə belə deyib.
Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Keçmiş diplomat özünü təqsirli bilmir. O bildirib ki, iyulun 22-də "Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında mənzilinin təmiri ilə əlaqədar evinə gedəndə bir nəfər qəfildən onun üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Bundan dərhal sonra həmin yerdə mülki geyimli polislər peyda olub və onu saxlayıb, Nizami rayonu, 24-cü polis bölməsinə aparıblar. Orada iddia olunub ki, Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlayıb.
Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Onlar tələb ediblər ki, hadisənin baş verdiyi iddia olunan ərazidəki kameraların görüntülərinə baxılsın. Lakin bu işlərin heç birində kamera görüntülərinə baxılmayıb.(Meydan TV)