Həbsdə olan alim: “Prezidentə müraciət etmişəm, bu qeyri-insani rəftar dayandırılsın”

Həbsdə olan alim: “Prezidentə müraciət etmişəm, bu qeyri-insani rəftar dayandırılsın”

30-08-2024 15:32 / Bu xəbər 633 dəfə oxundu

İqtisadçı Qubad İbadoğlunun məhkəmədə dindirilməsi tələb olundu

İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirlən alim Fazil Qasımovun məhkəməsi başlayıb. Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyilə keçirilən məhkəmə prosesində Fazil Qasımovun özü və vəkili bir çox vəsatətlər qaldırıb.

Vəkil Telman Qasımov iqtisadçı Qubad İbadoğlunun şahid qismində dindiriməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, onun dindirilməsi zəruridir.

Fazil Qasımov özü də vəkilinin vəsatətini müdafiə edib. 

O, ötən iclasda da bildirmişdi ki, onlar Qubad İbadoğlu ilə faktiki eyni əməldə ittiham olunurlar: "Biz eyni maddə ilə, eyni əməldə və əlbirlikdə ittiham olunuruq. İddia olunur ki, guya mən 22-30 iyunda Türkiyədə saxta dollar əldə etmişəm, Qubad İbadoğluya vermişəm, o da Azərbaycana gətirib”.

Məhkəmə vəsatətin baxılmamış saxlanmasına qərar verib. Hakimlər bildirib ki, ittiham tərəfin şahidləri dindiriləndən sonra bu məsələyə baxılıb, qərar veriləcək.

Fazil Qasımov bildirib ki, məhkəməyə gətiriləndə Penitensiar Xidmətin konvoyları əlindəki sənədlərini, hazırladığı vəsatəti alıblar. Bu səbəbdən vəsatəti məhkəmədə səsləndirə bilmir:  "Xahiş edirəm, vəsatətimi qaytarsınlar ki, mən də səsləndirə bilim”.

Hakim konvoydan Fazil Qasımovun dediklərini soruşanda o, belə cavab verib: "Biz onun özünü gətirmişik, sənədlərini yox”.

Fazil Qasımov isə bildirib ki, onun sənədlərini gətirilərkən alıblar və Penitensiar Xidmətin maşınındadır.

"Bu, artıq ağını çıxarmaqdır. İnsanın hüquqlarını bu dərəcədə pozmaq olmaz axı…”, – vəkil müvəkkilinə qarşı davranışa etiraz edib.

Bir neçə dəqiqə sonra konvoylar əlyazma şəklində olan sənədləri gətirib məhkəmə zalında təqdim ediblər.

Vəsatətini səsləndirən Fazil Qasımov bildirib ki, uzun müddətdir ki, mənəvi terrora, siyasi repressiyalara məruz qalır. Buna son qoyulması üçün prezidentə müraciət edib. O, həmin müraciətin surətinin iş materiallarına da əlavə olunmasını istəyib: "Konstitusiyada hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Buna baxmayaraq, mənə qarşı qatı cinayətkar kimi davranırlar. İstər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, istər Bakı İstintaq Təcridxanasında eyni münasibəti görmüşəm. Mən 11 iyundan qanunsuz həbsimə etiraz olaraq, aclıq edirəm, qida qəbulundan imtina eləmişəm. Səhhətimdə ciddi problemlər var. Çətinliklə hərəkət edirəm. Buna baxmayaraq, saatlarla əllərim arxadan qandallı vəziyyətdə saxlanılıram. 1 kvadrat metrlik qaranlıq yerdə saxlanmaq dəhşətli mənəvi terrordur, siyasi repressiyadır. Prezidentə də müraciət etmişəm ki, bu repressiya, qeyri-insani rəftar dayandırılsın”.

Fazil Qasımov xatırladıb ki, istintaq dövründə Bakı İstintaq Təcridxanasının rəisi onu dustaqların cinsi təcavüzünə məruz qoyulmaqla hədələyib. 

Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını deyən alimin sözlərinə görə, başını unitaza salıblar, çayına psixotrop maddə qatıblar, ailəsilə hədələyiblər: "Bütün bunların məqsədi məni intihara sövq eləmək idi”.

O əlavə edib ki, 27 sentyabr 2023-cü ildə ifadə versə də, həmin ifadəsi cinayət işinə daxil edilməyib. Fazil Qasımov bu ifadənin sübutlar siyahısına əlavə olunmasını istəyib.

O, əksinə, 3 oktyabr 2013-cü il tarixli ifadəsi, 6 oktyabr 2023-cü il tarixli üzləşmə protokolunun isə qanunsuz hesab edilərək, sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıb. Onun sözlərinə görə, həmin ifadə təzyiq və işgəncə altında alınıb, üzləşməyə məcbur edilib:  "6 oktyabrda gözümün yaşı axa-axa Qubad İbadoğlu ilə üzləşmə otağına aparılmışam”.

Fazil Qasımovun dediyinə görə, o, mayın 3-də Baş prokuror Kamran Əliyevə məktub yazaraq, başına gələnləri orada ətraflı göstərib. Bundan bir neçə gün sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müstəntiqi Yusif Yusifov istintaq təcridxanasına gəlib, onu hədələyib. Bu səbəbdən o, Baş Prokurorluğa daha bir məktub yazıb, müstəntiqə etiraz edib. Lakin həmin məktubuna cavab almayıb.

Fazil Qasımov 76 gündür aclığı davam etdirdiyini və Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandığını desə də, bu qurumda da təhlükəsiz şəraitdə olmadığını söyləyib. Onun sözlərinə görə, vəkili ilə konfidensial danışıqları belə, gizli şəkildə dinlənilir. Vəkillə görüş otaqlarına gizli dinləmə cihazları quraşdırılıb. Özü də hərəkət qabiliyyətini itirir: "Mən özümü təhlükəsiz şəraitdə hiss eləmirəm. Xahiş edirəm, mənim haqqımda həbs qətimkan tədbirini ev dustaqlığı və ya başqa alternativ qətimkan tədbirilə əvəz edəsiniz. Mənə hədə-qorxular var. Baxmayaraq ki. qida qəbul eləmirəm, suyuma da nəsə qata biləcəkləri ilə hədələyirlər. Vəkilimlə konfidensial ünsiyyət hüququm pozulur. Yazılarımın hamısı senzuradan keçirilir. Vəkilimlə saç analizi vasitəsilə nələrinsə müəyyənləşməsi barədə danışmışdıq, görüşdən 15 dəqiqə sonra aparıb saçımı qırxdılar. Dərhal bildim ki, bizi gizli dinləyirlər. Mən şəxsi vəsaitim hesabına onkologiya portalı yaratmışdım, nə qədər adama kömək olurdu. Həbsdə olduğuma görə fəaliyyətini dayandırdı. Mənim 20-dən çox konstitusion hüququm pozulub. Yazı yazmağa da imkan vermirlər, əlimdən alırlar”.

Fazil Qasımov özü haqqında cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə onun şikayətilə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəhbərliyinə məktub göndərəcək. Digər vəsatətlərin isə heç biri təmin olunmayıb.

Onun məhkəməsi sentyabrın 19-da davam edəcək.

İqtisadçı Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib.

Avqustun 25-də Qubad İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

O, aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri "polis nəzarətinə vermə” ilə əvəz olunub.(Meydan TV)